çap et  
Prezident İlham Əliyev Balakəndə olub
Prezident İlham Əliyev Balakəndə olub
"Azərbaycanda bütün millətlər qardaşlıq şəraitində, bir ailə kimi yaşayırlar"
Şənbə, 10.07.2010


E.İLKİN

"Son illər ərzində Azərbaycanın bölgələrində tikilmiş xəstəxanalardan ən müasir və ən böyük xəstəxana Balakən xəstəxanasıdır. Bu bir daha onu göstərir ki, Balakənə xüsusi diqqət, xüsusi münasibət vardır". Bu fikirləri Azərbaycanın prezidenti İlham Əliyev Balakən rayon mərkəzi xəstəxanasının yeni binasının açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

Prezident vurğulayıb ki, Azərbaycanın bütün bölgələrində müasir xəstəxanalar, tibb məntəqələri, tibb ocaqları tikilir: "Dövlət Neft Şirkəti bu işlərə çox fəal qoşulmuşdur. Bu xəstəxana da Dövlət Neft Şirkətinin vəsaiti hesabına yaradılmışdır. Başqa bölgələrdə də müalicə-diaqnostika mərkəzləri tikilir. Yəni bu, çox güclü bir sosial siyasətin əlamətidir. Çünki insanların sağlamlığı bizim üçün prioritet məsələdir".

Prezident ümidvar olduğunu bildirir ki, həkimlər burada öz vəzifə borcunu şərəflə yerinə yetirəcəklər: "Burada quraşdırılmış müasir avadanlıqdan istifadə üçün, əlbəttə, xüsusi bacarıq lazımdır. Burada treninqlər, kurslar keçiriləcəkdir. Bir sözlə, bu gözəl hadisəni sizinlə bərabər qeyd etmək üçün mən bu gün yenidən Balakənə gəlmişəm".

Dövlət başçısı bildirib ki, Balakənin enerji təminatını yaxşılaşdırmaq üçün kiçik su elektrik stansiyasının təməl daşı qoyulub: "Bu, birinci addımdır. Artıq proqrama görə, yaxın illərdə Balakəndə çaylarda 10 elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Biz rayonun bütün potensialının gücləndirilməsi üçün işlər görürük. Səhiyyə, təhsil, idman, mədəniyyət, turizm, sənaye - yəni Azərbaycanın bölgələri, o cümlədən də Balakən bu cür inkişaf etməlidir".

Prezident bildirib ki, bundan sonra da Balakəndə bütün işlər yüksək səviyyədə görüləcək, əhaliyə bütün sahələrdə yüksək xidmət göstəriləcək: "Rayonun sənaye, iqtisadi potensialının gücləndirilməsi üçün əlavə tədbirlər də nəzərdə tutulub ki, Azərbaycan vətəndaşları yaşadıqları bölgələrdən asılı olmayaraq, hər yerdə ən yüksək səviyyə ilə təmin olunsunlar, xüsusilə paytaxtdan uzaqda yerləşən bölgələrdə. Balakən də Bakıdan uzaqda yerləşir. Buna baxmayaraq, burada ən müasir standartlar tətbiq olunur və bundan sonra da tətbiq olunacaq. Bu gözəl hadisə münasibətilə mən sizi ürəkdən təbrik edirəm və sizə bütün işlərinizdə uğurlar arzulayıram. Balakən çoxmillətli rayondur. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda bütün xalqlar, bütün millətlərin nümayəndələri qardaşlıq şəraitində, bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt - nə əvvəlki illərdə, nə bu gün milli zəmində heç bir ayrı-seçkilik olmamışdır və tam əminəm ki, gələcəkdə də olmayacaqdır. Azərbaycan milli münasibətlərin yüksək səviyyədə qurulması üçün örnək, nümunə ölkə kimi beynəlxalq təşkilatlarda da qiymətləndirilir. Bizim bu sahədəki siyasətimiz bir məqsədi güdür ki, Azərbaycanda bütün xalqlar, bütün millətlərin nümayəndələri rahat yaşasınlar, bütün hüquqlara malik olsunlar, azad yaşasınlar. Azərbaycanda yaşayan bütün xalqlar, o cümlədən Balakən rayonunda yaşayan bütün qardaş xalqlarımız Azərbaycanın dövlətçiliyi uğrunda vuruşmuşlar, qan tökmüşlər və bu gün də Azərbaycanda dövlət quruculuğu işində, dövlətçiliyin möhkəmlənməsində çox fəal rol oynayırlar. Hər bir vətəndaş öz dövlətini gücləndirmək üçün fəal işləməli, vətənpərvər olmalı, öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir. Belə olan halda Azərbaycan daim inkişafda olacaq və ölkəmiz güclənəcəkdir".