Hal-hazırda Ayna qəzetinin 10.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Gələn həftə Kəlbəcərlə Laçının taleyinə aydınlıq gəlməlidir
Gələn həftə Kəlbəcərlə Laçının taleyinə aydınlıq gəlməlidir
Ermənistan isə konstruktiv olmaq fikrində deyil
Şənbə, 10.07.2010

İ.Telmanoğlu mətn ölçüsü  

"Azərbaycanın tələbi ilə işğal altında olan ərazilərdə məskunlaşma aparılıb-aparılmadığını aydınlaşdırmaq üçün bölgəyə ATƏT-in fakt-araşdırıcı missiyası göndəriləcək. Yəni payızda ATƏT-in Minsk Qrupu həmsədrlərinin işğal altında olan Azərbaycan torpaqlarına səfəri fakt-araşdırıcı missiya xarakterini daşıyacaq"(APA). Bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir 2005-ci ildə işğal altında olan ərazilərə belə bir missiyanın həyata keçirildiyini xatırladır:

"O zaman işğal altında olan ərazilərə səfər edən fakt-araşdırıcı missiya BMT və ATƏT üçün hesabat hazırlamışdı. İndi də Azərbaycanın tələbi ilə həmin ərazilərdə məskunlaşma siyasəti aparılıb-aparılmadığına aydınlıq gətirmək üçün bölgəyə fakt-araşdırıcı missiya göndəriləcək. Səfər zamanı həm oradakı vəziyyət təhlil ediləcək və yenidən öyrəniləcək".

Habelə Azərbaycan xarici siyasət idarəsinin fəaliyyətinə toxunan nazir bildirib ki, "Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan diplomatiyasının bir nömrəli məsələsidir. Xarici işlər naziri olaraq fəaliyyətimin 90 faizi bu münaqişənin həlli ilə bağlıdır". Nazir onu da bildirib ki, Azərbaycan tərəfi Almatıda ATƏT xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə razılıq verib.

"Görüş ya iyulun 16-da, yaxud da bir gün sonra keçirilə bilər. ATƏT Minsk Qrupunun həmsədrləri görüşün dəqiq tarixi ilə bağlı bizə hələ məlumat verməyiblər", - deyə o qeyd edib.

Madrid təklifləri verildikdən sonra, 2007-ci ildən bu yana Azərbaycan və Ermənistan prezidentləri arasında 9 görüş keçirildiyini xatırladan Elmar Məmmədyarov bildirib ki, Azərbaycan prezidenti keçən ilin sonunda yeniləşmiş Madrid prinsiplərini ümumilikdə qəbul etdiyini bildirib:

"Azərbaycan bu prinsiplər əsasında böyük saziş üzərində işə hazır olduğunu bəyan edib. Amma Ermənistan yenilənmiş Madrid təkliflərinə nə hə, nə də yox deyir".

Prezidentlərin son görüşünün Sankt-Peterburqda keçirildiyini xatırladan nazir bildirib ki, həm Rusiya prezidenti Dmitri Medvedyev, həm də xarici işlər naziri Sergey Lavrov iki tərəfin mövqelərinin yaxınlaşmasına, sülh sazişi ilə bağlı ortaq məxrəcə gəlinməsini istəyiblər. Nazir aparılan danışıqların müzakirə mövzularına da toxunub. "Biz ümid edirdik ki, artıq bu məsələ tarixdə qalıb. Razılığa gəlmişik ki, Kəlbəcər və Laçın beş il ərzində Azərbaycan hökumətinin inzibati nəzarəti altına düşür. Ermənistan tərəfi isə bu məsələ ətrafında müzakirələri davam etdirmək istəyir. Mən gözləyirəm ki, Almatıda ilk növbədə bu məsələ ilə məşğul olacağıq. Bizdə də, həmsədrlərdə də belə inam var ki, artıq bu məsələ ətrafında razılığa gəlinib.

REKLAM

Kəlbəcər və Laçın heç vaxt Dağlıq Qarabağın tərkibində olmayıb və ona görə də bu bölgələr birmənalı olaraq 5 rayonla birlikdə Azərbaycanın inzibati nəzarətinə keçməlidir. Mövqeyimiz belədir ki, Dağlıq Qarabağ ətrafındakı beş rayon birinci mərhələdə, təhlükəsizlik baxımından isə Kəlbəcər və Laçın isə 5 il ərzində nəzarətimizə keçməlidir".

Nazir Kəlbəcər və Laçının işğaldan azad olunması ilə bağlı danışıqların tarixçəsi barədə bəzi məqamları açıqlayıb:

"Robert Köçəryan Ermənistan prezidenti olarkən bu iki rayonun 10 il sonra qaytarılmasını təklif edirdi, Azərbaycan isə həmin rayonların sülh sazişi imzalandıqdan sonra bir il müddətində qaytarılmasını istəyirdi. Serj Sərkisyan bu müddəti 7 il olaraq təklif etdi, biz isə 3 il dedik. Vasitəçilər ortaq məxrəc olaraq Laçın və Kəlbəcərin 5 il sonra işğaldan azad olunaraq Azərbaycanın inzibati nəzarətinə qaytarılmasını təklif etdilər və Azərbaycan tərəfi buna razılıq verdi. Biz inanırdıq ki, Ermənistan tərəfi də bu məsələnin beş il ərzində öz həllini tapmasına razı olacaq. Lakin prezidentlərin Soçi görüşündən sonra Sankt-Peterburqda bu məsələ Ermənistan tərəfindən yenidən qaldırılıb. Ona görə Almatıda çox güman ki, bu məsələ yenə müzakirə olunacaq. Mənim üçün bunu başa düşmək çox vacibdir - Ermənistan ümumiyyətlə bu danışıqlar prosesini danışıq naminə davam etdirir, yoxsa sülhə nail olmaq istəyir?".

Məmmədyarov Ermənistan tərəfinin danışıqlarda Dağlıq Qarabağın erməni icmasının təhlükəsizlik məsələsini qaldırdığını da deyib:

"Biz isə deyirik ki, erməni icmasının üzvləri də Azərbaycan vətəndaşlarıdır və hər bir vətəndaş kimi onların da təhlükəsizliyi hərtərəfli təmin olunmalıdır. Sözsüz ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının təhlükəsizliyi də qorunmalıdır. Bu baxımdan biz Ermənistanın istəyini anlayırıq, amma anlamadığımız bir şey var - onlar nə istəyirlər? Danışıqları uzatmaq istəyirlər? Bu, qəbulolunmazdır. Hansısa anneksiya planını həyata keçirmək istəyirlər? Bu da qəbuledilməz bir məsələdir. Əgər Ermənistanla Dağlıq Qarabağın birləşməsini istəyirlərsə, bu da qəbul oluna bilməz. Cavabı axtarılan əsas sual budur - onlar sülh istəyirlər, yoxsa vaxt uzatmaq?".

Dağlıq Qarabağ ətrafında yerləşən beş rayonun nə vaxt azad ediləcəyi ilə bağlı sualı cavablandıran E.Məmmədyarov deyib ki, sülh sazişi imzalandıqdan sonra dərhal Ermənistan qoşunları bu rayonlardan çıxmalıdır:

"Ermənistan qoşunları elə saziş imzalanan gündən başlayaraq oranı tərk etməlidir. Bu, birmənalıdır və hazırda müzakirə olunmur".

XİN başçısı Dağlıq Qarabağın yekun statusunun hansı yolla müəyyənləşəcəyi ilə bağlı sualı da cavablandırıb:

"Ermənistan tərəfi referendumun keçirilməsini istəyir, Azərbaycan isə bildirib ki, Konstitusiyanın 3-cü maddəsinə əsasən, referendum bütün ölkə ərazisində keçirilməlidir. Masada olan sənəd əsasında rəy sorğusu ilə bağlı xüsusi bir komitə yaranmalıdır. Orada Azərbaycan və Ermənistan nümayəndələri ilə yanaşı, həmsədr ölkələr status məsələsinin hansı formada həll olunacağını müəyyənləşdirmək üçün konsensus şəkildə müzakirələr aparacaqlar. Bu, sonrakı mərhələnin işidir. İndi bu, nə demoqrafik, nə hüquqi baxımdan mümkün deyil. Dağlıq Qarabağda etnik təmizləmə aparılıb. Azərbaycan icması geri qayıdandan sonra "Kalaşnikov" avtomatı altında rəy sorğusu keçirmək mümkün deyil, gərək tam şəkildə demokratik stabillik yaradılsın ki, əhali öz fikrini söyləsin. Biz inanırıq ki, Azərbaycanın işğal olunmuş torpaqları gec-tez azad olunacaq. Mənim buna heç bir şübhəm yoxdur. Münaqişə yalnız işğal edilmiş torpaqların azad olunması ilə həllini tapmır. Bəzi məsələlər yenə də qalacaq - Dağlıq Qarabağın statusu, kommunikasiyaların açılması və sair. Açıq şəkildə deyə bilərəm ki, bu bir prosesdir, bu prosesə başlamaq lazımdır, bunun üçün isə Ermənistan silahlı qüvvələri işğal etdikləri torpaqlardan çıxmalıdır", - deyə Məmmədyarov vurğulayıb.

"Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov öz istəyini həqiqət kimi qələmə verir". "Turan"ın erməni mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan Almatıda XİN rəhbərlərinin görüşü zamanı Laçın və Kəlbəcər rayonlarının Azərbaycana verilməsi məsələsinin müzakirə olunacağı barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun sözlərini şərh edərkən bildirib.

"Azərbaycan Qarabağ xalqının iradəsinə uyğun olaraq Qarabağın statusunun tanınmasına razılaşmayınca, Qarabağ qüvvələrinin hər hansı rayondan çıxarılmasından söhbət belə gedə bilməz", - deyə Köçəryan bildirib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Püşkatma kimə nə vəd edir?

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Moskvada Qarabağ danışıqları: ilkin razılaşma yaxındır?

Bölmənin digər xəbərləri
 
Semnebi dünyanın diqqətini Qarabağa yönəldir
Xüsusi nümayəndə bölgədə münaqişənin hər an alovlana biləcəyini deyir

Bu gün AMİP-ə sədr seçilir
Partiya 2 ildir sədrsiz idi

Qeyri-ənənəvi dini təriqətlərdə araşdırma
Sorğunun nəticələri nəyi göstərir?

Prezident İlham Əliyev Balakəndə olub
"Azərbaycanda bütün millətlər qardaşlıq şəraitində, bir ailə kimi yaşayırlar"

İndiki deputatların əksəriyyəti bu il də seçiləcək
Nizami Cəfərov onların intellekt səviyyəsinə "beş" qiymət verir

Dövlət başçısının rəsmi saytı yeni tərtibatda
Xeyli yenilik edildiyi xəbər verilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər