![]() |
çap et |
|
|||
Yayda sərinləşdirici içkilərin keyfiyyəti haqqında daha çox düşünməyə başlayırıq. Orqanizmin tələbatının artması keyfiyyət məsələsini ön plana çıxarır. Hazırda ölkədə qablaşdırılmış müxtəlif adda mineral su istehsalı ilə məşğul olan müəssisələr var. Lakin ölkədə qablaşdırılmış mineral sular heç də onların üzərindəki etiketdə yazıldığı kimi keyfiyyətli deyil. Məsələ ondadır ki, keyfiyyət baxımından qablaşdırma mineral suların çıxdığı yerin yaxınlığında həyata keçirilməlidir. Amma müşahidələr göstərir ki, bəzi müəssisələr mineral suyu bulaqdan götürərək xeyli uzaq məsafəyə daşıyır, məsələn, paytaxta gətirib burada qablaşdırırlar.
AMEA Geologiya İnstitutu Hidrogeologiya və mühəndis geologiyası şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Yusif İsrafilovun modern.az-a bildirdiyinə görə, kənarda qablaşdırılan mineral sular keyfiyyətcə aşağı olur: "Mineral sular əsasən onun çıxdığı yerdə, mənbə yaxınlığında qablaşdırılmalıdır. Çünki uzağa daşınanda həmin suyun qazının tərkibi dəyişir. Doğrudur, kənarında qablaşdırılanda həmin sulara süni qazlar vurulur. Baxmayaraq ki, həmin qazların insan orqanizmi üçün mənfi təsiri yoxdur. Amma yenə də keyfiyyət itir. Ona görə ən yaxşısı elə bulaqdan necə çıxır, o şəkildə də qablaşdırılmalıdır. Suyun tərkibindəki təbii qaz daha keyfiyyətlidir". Deməli, qablaşdırılmış mineral su istehsal edən əksər müəssisələr əslində əhalini aldatmaqla məşğuldur. Azərbaycan Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov deyir ki, müalicəvi sularla adi sular bir-birindən fərqlənir. Ümumiyyətlə, sular bulaq, artezian, təmizlənmiş sular kimi qruplara bölünməlidir. Bizdə suların üzərində onun növü yazılmır: "Yalandan suların üzərinə "Babadağ", "Şahdağ" sözləri yazmaqla əhalini aldadırlar. Əslində bu sular Bakıdan azca kənarda - Abşeronda qablaşdırılır. Bir qayda olaraq bulaq suları mənbədən 50 metr kənarda qablaşdırılmalıdır. Yoxsa belə suları maşınla aparıb başqa yerdə qablaşdıranda onun adi sudan heç bir fərqi olmur. Çünki, onun tərkibi itir. Qabların üzərinə yalandan yazırlar ki, bu, dağlardan gətirilən sudur. Ancaq qablaşdırılmış bulaq sularının əksəriyyəti keyfiyyətsizdir". Belə çıxır ki, mineral su adı ilə satılan sular adi sulardır, qazlaşdırıb qablaşdırır, sonra əhaliyə sırıyırlar. Adını da qoyurlar "Şahdağ" suyu". Birlik sədri onu da bildirdi ki, güclü filtrdən keçən su ölü sudur. İnsan orqanizmi üçün lazım olan maddələr filtrdə ilişib qalır. Əksinə, belə sular insan orqanizmdəki kalsiumu yuyub aparır". O da bəllidir ki, ölkəmizə xaricdən də mineral, müalicəvi sular gətirilir. Məsələn, "Borjomi", "Yessentuki-4" , "Yessentuki-17". Əslində həmin sular müalicəvi əhəmiyyətə malik olduğundan ancaq apteklərdə satılmalıdır. Əfsuslar olsun ki, həmin sular müxtəlif ticarət şəbəkələrinə yol tapıblar. Dövlət Məmmədovun söylədiklərinə inansaq, onların keyfiyyət göstəricisi çox aşağıdır. Müsahibim hesab edir ki, həmin suları uşaqlara vermək olmaz: "Bu, gələcəkdə sonsuzluq xəstəliyinə gətirib çıxarır ki, nəticədə genofondumuza təhlükə böyüyür. Bu suların əksəriyyətinin tərkibində ftor çatışmır. Fransadan, Ukraynadan müxtəlif adda sular gətirilir. Suların üzərinə yazılır ki, "Alp dağlarında hazırlanıb". Halbuki bu sular heç Alp dağının üzünü də görməyib. Müalicəvi sular həkim göstərişləri ilə içilməlidir. Məsələn, "Borjomi" 6 ay ərzində yalnız 10 gün qəbul edilməlidir. Əslində bu cür sular isti halda içilməlidir". Su İstehsalçıları Birliyinin sədri yararsız sular istehsal edən müəssisələrə qarşı müəyyən tədbirlər görülməsinin tərəfdarıdır. İqtisadi İnkişaf Nazirliyinin müvafiq qurumu müəyyən nəzarət tədbirləri görsə də, çox təəssüf ki, keyfiyyətsiz, mənşəyi bəlli olmayan və yararlılıq müddəti bitmiş bütün sular satışdan tam çıxarılmır. Küçələrdə, günün altında sərinləşdirici sular satılır. Bu sular zəhərlənmələrə gətirib çıxarır. Onun fikrincə, Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti bu xaosa qarşı ciddi ölçülər götürməli, cərimələr tətbiq etməlidir. |