![]() |
çap et |
|
|||
İqtisadçı millət vəkili Əli Məsimli Azərbaycanda sovet banklarında qalmış əmanətlərin sahiblərinə qaytarılması ilə bağlı qanun layihəsi hazırlayıb. Milli Məclisin iqtisadi siyasət komitəsindən əldə etdiyimiz bilgiyə görə, sənəddə vəsaitlərin 6 il müddətində 3 mərhələdə sahiblərinə qaytarılmasını nəzərdə tutub.
Beləliklə, layihənin yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilir. Bu sənəd parlamentdə yaradılmış işçi qrupa təqdim olunub. Bir sıra deputatlar deyirlər ki, əhalinin sovet banklarında batmış əmanətlərinin qaytarılmasının hüquqi bazasını təşkil edən bu sənəd MDB məkanında hazırlanmış ən mükəmməl qanun layihəsi sayıla bilər. Öyrəndik ki, Azərbaycan batmış əmanətlərin qaytarılması ilə bağlı Litva modelinə üstünlük verib. Layihəyə əsasən, batmış əmanətin 3 rubla 1 manat nisbətində qaytarılması nəzərdə tutulur. Bu vəsaitin ödənilməsi üçün isə təxminən 1,1 milyard manata ehtiyac olacaq. Məlumat üçün bildirək ki, Litva əmanətlərin qaytarılma prosesinə SSRİ dağılandan qısa müddət sonra başlayıb. Bu ölkədə əmanətlərin qaytarılması vəsaitin birbaşa əhaliyə ödənilməsi şəklində həyata keçirilib. Litva hökuməti öz vətəndaşlarına 1 milyard litdən artıq vəsait ödəyib. Onu da bildirək ki, hökumət əhalinin sovet banklarında batmış əmanətlərinin qaytarılması ilə bağlı 1991-ci ildə üzərinə öhdəlik götürüb. 1992-ci il yanvarın 1-nə qədər sovet əmanət banklarında 1 milyon 986 min 104 nəfər Azərbaycan vətəndaşının pulu olub. Göründüyü kimi, istər əmanətlərin həcmi, istərsə də əmanətçilərin sayı kifayət qədər ciddi rəqəmdən xəbər verir. Sözsüz ki, layihə formasında olsa da, belə bir qanunun hazırlanması təqdirəlayiqdir. Çünki əmanətlərin qaytarılması ilə bağlı hüquqi baza vacibdir. Baza formalaşmadan əmanətlərin qaytarılmasını həyata keçirmək mümkün deyil. Hazırlandığı qeyd edilən qanun layihəsində hansı məsələlərin əhatə edildiyi bəlli olmadığından qanun layihəsini qiymətləndirmək mümkün deyil. Amma qanun layihəsi daha çox əmanətlərin qaytarılma metodlarını müəyyənləşdirməlidir. Sovet dövründə banklara əmanətlərin rubl formasında yerləşdirildiyini nəzərə alsaq, o baxımdan əmanətlərin manata indeksasiya məsələsi layihədə əksini tapmalıdır. Yeri gəlmişkən, cari ilin büdcəsindən əmanətlərin qaytarılmasına vəsait ayrılmayıb. İqtisadçı Vüqar Bayramovun fikrincə, bu gün əmanətlərin qaytarılmasının yubanması heç də qanunvericilik və maliyyə bazasının olmaması ilə əlaqədar deyil. Onun qənaətincə, əmanətlərin qaytarılmasına mane olan kifayət qədər obyektiv problemlər mövcuddur. Vətəndaşların sovet dövründə banklarda batmış əmanətlərinin qaytarılması üçün maliyyə imkanları kifayət qədər böyükdür. Maraqlıdır, onda problem nədədir? İqtisadçının fikrincə, problem bəzi məsələlərin açıq qalmasındadır: "Bir sıra əmanətlər üzrə arxiv materialları məhv olub. Bunun da əsas səbəbi həmin arxiv materiallarının işğal altındakı ərazilərdə olmasındadır. İşğal altındakı ərazilərdə fəaliyyət göstərən əmanət banklarına yerləşdirilmiş əmanətlərin tam məbləği ilə bağlı informasiya yoxdur. Bu da məcburi köçkünlərə ödəniləcək vəsaitlərin hesablanması yönündə ciddi problem yaradır. Problemin başqa tərəfi əmanətlərin qaytarılmasına başlanacağı halda sovet dövründə Azərbaycanda yaşamış, hazırda işğal edilmiş ərazilərdə yaşayan və eləcə də buradan Ermənistana köçən ermənilərin öz əmanətlərini geri tələb etmə ehtimalıdır. Belə halda onlara vəsaitlərin ödənilməsi kifayət qədər problematikdir". Məlumat üçün bildirək ki, sovet dövründə çap edilən əmanət kitabçalarının təhlükəsizlik kodları yoxdur. Deməli, saxta əmək kitabçaları hazırlana bilər. Yeri gəlmişkən, bu hala Ukraynada tez-tez rast gəlindiyi üçün bu ölkədə əmanətlərin qaytarılması ilə bağlı proses 5 dəfə təxirə salınıb. O baxımdan əmanətlərin qaytarılması istiqamətində hüquqi bazanın formalaşması gərəkli olsa da, bir sıra problemlərin həlli vacibdir. Güman edilir ki, əmanətlərin qaytarılması narazılıqların yaranmasına gətirib çıxaracaq. Belə ki, həm indeksasiya, həm də əmanətlərin alınma prosesində narazılıqlar qaçılmazdır. MDB ölkələrinin təcrübəsi göstərir ki, bəzi hallarda əmanətlərin qaytarılması ilə bağlı problemlər Avropa Məhkəməsi səviyyəsinə qədər yüksəlir. Onu da qeyd edək ki, qanun layihəsi qəbul olunsa belə, 2010-cu ildə əmanətlərin qaytarılacağını mümkün saymır. Əvvəla, bu istiqamətdə büdcədən vəsait nəzərdə tutulmayıb. İlin ikinci yarısında büdcəyə dəyişiklik mümkün deyil. Eləcə də ilin sonuna prosesi tamamlamaq da mümkünsüzdür. İqtisadçı ekspert bütün ümidləri puç edərək deyir ki, nəinki 2010-cu ildə, hətta 2011-ci ildə də əmanətlərin qaytarılacağı inandırıcı görünmür. Onun fikrincə, yuxarıda qeyd edilən problemləri həll etmədən vəsaitlərin qaytarılması fəsadlar yaradacaq. MDB ölkələri təcrübəsi Qeyd edək ki, Rusiyada əmanətlərin ödənilməsinə 1995-ci ildən başlanılıb və ilk növbədə 1950-ci ilədək doğulmuş olanların pulları qaytarılıb. Daha sonra isə əlillərə, veteranlara vəsait ödənilib. Qırğızıstanda əmanətlərin ödənilməsi ilə bağlı fərman 1997-ci il iyunun 2-də imzalanıb. Həmin qanuna görə, əmanətlər 4 qrup üzrə təsnifləşdirilib: 2500 rubladək əmanətlərə 1 rubla 1 som, 2501-5000 rubladək olan əmanətlərə 20 rubla 1 som, 5001-10000 rubladək olan əmanətlərə 30 rubla 1 som, 10000 rubldan çox əmanətlərə 40 rubla 1 som. Moldovada əmanətlərin qaytarılmasına 2003-cu ildən başlanılıb. Qanunla 1000 rubladək əmanətlərin 1 rubluna 1 ley, 1000 rubldan yuxarı olan qalıq əmanətlərin hər 2,5 rubluna 1 ley qaytarılıb. Qazaxıstanda 1996-1997-ci illərdə sosial cəhətdən zəif olan təbəqələrə əmanətlərin qaytarılması həyata keçirilib. 2003-cu ildəsə qalan əmanətlər nağd deyil, çeklər şəklində qaytarılıb. V.Bayramovun qənaətincə, Azərbaycanda sovet dövrü əmanət bankına yatırılan əmanətlərin strukturu onlarən indeksləşdirilməsini asanlaşdırır. Əmanətlərin 60 faizə qədəri 2000 rubladək olan əmanətlərdir. Dəyəri 10 000 rubldan çox olanların xüsusi çəkisi isə 15 faizdən azdır: "Belə olan halda isə istər sosial ədalət, istərsə də əmanətçilərin hüquqlarının qorunması baxımından ilk 1000 rubladək olan əmanətlərin indeksləşdirmədə rubl/manat asılılığının böyük olmaması əsas şərtlərdəndir. Çünki əks halda, əhalinin az həcmdə əmanətlərinə sahib olan hissəsinin prosesdən faydalanma imkanları məhdudlaşacaq". İqtisadçı əmanətlərin indeksləşdirilməsi ilə bağlı konkret sistem təklif edir. "1000 rubladək olan əmanətlərə hər 2 rubla 1 manat, 1000-2000 rubl arasındakı əmanətlərə hər 4 rubla 1 manat, 2000-5000 rubl arasındakı əmanətlərə hər 6 rubla 1 manat, 5000-10000 rubl arasındakı əmanətlərə hər 8 rubla 1 manat, 10000 rubldan artıq əmanətlərə hər 10 rubla 1 manat ödənsin". V.Bayramov bildirir ki, əmanətlərin qaytarılması bu sistemə uyğun həyata keçirilsə, tələb olunan məbləğ 900 milyon manat, prosesin icra müddəti 3 il təşkil edəcək: "Sovet dövründə əmanət banklarına qoyulan əmanətlərin interval şəkildə əhaliyə qaytarılması kifayət qədər vacibdir. Məsələ ondadır ki, bununla əhalinin az əmanətə malik olan hissəsinin prosesdən faydalanmasını təmin etmək olar. Vahid dərəcələrin təyin edilməsi isə ilk minliyə sahib olanların hüquqlarının qorunmasına gətirib çıxarar. Prosesin başqa tərəfi ödənişlərin hansı formada aparılmasıdır. İstər MDB ölkələrinin təcrübəsi, istərsə də Azərbaycanda son illər İstehlak Malları İndeksinin artması əmanətlərin yalnız nağd formada qaytarılmasını mümkünsüz edir". |