Avropa Liqasının I təsnifat mərhələsində Makedoniyanın "Metallurq" klubunun qapısına 2 qol vurmaqla fərqlənən "Qarabağ"ın futbolçusu Emin İmaməliyev "azerisrort.com" saytına müsahibə verib. Müsahibəni ixtisarla oxucularımızın diqqətinə çatdırırıq.
- "Metallurq" səddini arxada qoydunuz...
- Deməzdim ki, "Metallurq" zəif komanda idi. Bu komandanın futbolçuları sona qədər mübarizə apardılar. Biz səfər matçında da qalib gəlmək istəyirdik, amma oyun heç-heçə bitdi.
- Adamiyanın ötürməsindən sonra dərhal zərbə endirdiz və top qapıdan keçdi...
- Məncə, həmin an başqa cür etsəydim, müdafiəçi nə etmək istədiyimi duyacaqdı. Mənimsə əsas istəyim topu qapıdan keçirmək idi.
- Siz "Metallurq"un qapısından iki top keçirdiniz. Bunu yığmanın baş məşqçisi Berti Foqtsa çağırış kimi qəbul etmək olarmı?
- Hər məşqçinin özünün futbol fəlsəfəsi var. Əlbəttə, yenidən yığmaya qayıtmaq istərdim. Daha çox çalışmaq lazımdır ki, bəlkə yığma komandaya çağırıldıq.
- "Qarabağ" artıq ardıcıl ikinci ildir ki, avrokuboklarda ikinci mərhələyə vəsiqə qazanır. Amma Azərbaycan klubları Avropada asan qələbə qazana bilmirlər. Dəqiq desək, söhbət "Xəzər-Lənkəran"dan gedir. Qələbə üçün Lənkəran klubuna nə çatmadı?
- Biz rəqib komandadan zəif ola bilərik, amma bu halda müqavimət göstərməli və son dəqiqəyədək mübarizə aparmaq lazımdır. Ən pisi odur ki, qol buraxandan sonra bizim futbolçular "sınır". Əgər bu mənfi amili üstələyə bilsək, onda uğur bizi tapar. "Xəzər-Lənkəran"ın məğlubiyyətinə görə üzüldüm. İstərdim ki, klublarımızın hamısı avrokuboklarda uğurla çıxış etsinlər.
- Bakıda "Qarabağ"ın oyununu izləmək üçün 10 min tamaşaçı gəlmişdi. "Portdaun"a qarşı oyunda da bu qədər tamaşaçının gələcəyini gözləyirsizmi?
- Tamaşaçıların dəstəyi biz futbolçulara əlavə stimuldur. Həmişə istəmişik ki, tribunalar dolu olsun. Əgər Şimali İrlandiyadan yaxşı nəticə ilə qayıtsaq, inanıram ki, cavab görüşündə stadion dolu olacaq.
|