Hal-hazırda Ayna qəzetinin 10.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları
Azərbaycan torpaqlarında yeni "qayçılama" əməliyyatları
Fəqət xəbis niyyətlər ölümə məhkumdur
Şənbə, 10.07.2010

S.Soltan mətn ölçüsü  

İran KİV xəbər verir ki, parlament ölkənin ərazi-inzibati xəritəsində dəyişiklik edib. "Əlborz" adlı yeni əyalət yaradılıb. Məclisdə 144 deputat bunun lehinə, 41-i isə əleyhinə səs verib. Yeni əyalətin mərkəzi şəhəri Kərəcdir. Bu yeni inzibati ərazi vahidi şimaldan Mazandaran, qərbdən Qəzvin, şərqdən isə Tehran əyalətləri ilə həmsərhəddir. Əhalisinin böyük əksəriyyəti türkdür. Mərkəz şəhər Kərəcin 1 milyondan çox əhalisi var və əsasən yerli türklərdən ibarətdir.

Paytaxtı Tehrandan köçürmək haqda qərar verildikdən sonra eyniadlı əyalətdə inzibati dəyişiklik ediləcəyi barədə söhbətlər dolaşırdı. Bu şəhər Ağa Məhəmməd şah Qacar dövründən paytaxt olub və hazırda əhalisi xeyli artmış, meqapolisə çevrilmişdir. Bu dəyişikliyi şərtləndirən faktorlardan biri də ölkənin mərkəzi şəhərinin əhalisinin əsasən Azərbaycan türklərindən ibarət olmasıdır. Bu gün Tehranı haqlı olaraq İranda türklərin ən böyük şəhəri adlandıranlar da var.

Panfarsistlərin müasir İran coğrafiyasında tarixi türk torpaqlarını vaxtaşırı "qayçılama" əməliyyatları bir qorxudan qaynaqlanır. Bu qorxunu törədən "Azərbaycan" sözü, bu coğrafiya əhalisinin çox böyük əksəriyyətinin türklər olmasıdır. Bu səbəbdən panfarsistlər tarixi türk-Azərbaycan torpaqlarını hissə-hissə parçalayaraq, ölkənin inzibati xəritəsindən "Azərbaycan" sözünü silmək istəyir, türklərin etnik kökənləri ilə bağlı cəfəngiyatlar uydurmaqdan yorulub-usanmırlar.

Məlumatlara görə, son günlər İran hakimiyyəti Güney Azərbaycanın Marağa, Xoy və Mahabad (əsl adı - Soyuqbulaq) kimi böyük şəhərlərinə özəl status verməklə, bu əraziləri Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərinin tərkibindən ayırmaq niyyətindədirlər. Yerli müşahidəçilərin qənaətincə, bu şəhərlər Azərbaycandan ayrılarsa, perspektivdə həmin ərazilərin, özəlliklə Soyuqbulağın bu bölgədə fəal olan kürd terrorçularının nəzarətinə keçmə təhlükəsi var.

Bu günlərdə prezident Mahmud Əhmədinejad iri şəhərləri Azərbaycandan "ayırmaq" haqda çox "özəl" qərar verib. Güney Azərbaycan Milli Hərəkatı tarixi coğrafiyamız üzərində törədilən bu xəbis əməliyyatlara qarşı etiraza çağırır.

Güney Azərbaycan torpaqları üzərində bu "qayçılama" əməliyyatlarının tarixi az qala yetmiş ilə vurub çıxır. Hələ 1918-ci ildə o vaxtkı şah hakimiyyəti respublikamızın Azərbaycan adlanmasına etiraz etmişdi.

REKLAM

O zaman cümhuriyyətimizin rəhbərliyi İranla əlavə problem yaratmamaq üçün ölkəmizin adını Qafqaz Azərbaycanı deyə xatırlatdı. Tehran yalnız bundan sonra ölkəmizin müstəqilliyini tanıdı. Əslində bu heç də ad məsələsi deyildi. Həmin illərdən başlayaraq, İranda hakimiyyətə gələnlərə həm o tay, həm də bu tay Azərbaycan adı dinclik vermir. Gah onun adını dəyişir, gah torpaqlarını qeyri-türk etnosların adına yaradılan ərazilərə qatırlar.

Güney Azərbaycan torpaqlarının başına gətirilən "qayçılama" oyunlarının tarixçəsi haqda Dünya Azərbaycanlıları Konqresi məlumat yaymışdı. Bu əməlləri izləyək: 1937-ci il noyabrın 7-də Rza şah Pəhləvi parlamentinin qəbul etdiyi qanuna əsasən, Qacarlar dövründən qalma inzibati ərazi bölgüsü dəyişdirilərək, əyalətlərin tarixi adları ixtisar olundu və İran Şimal-Qərb, Qərb, Şimal, Cənub, Məkran və Şimal-Şərq adı altında 6 əyalətə bölündü.

Qısa müddətdən sonra elə həmin ilin dekabrında sözügedən inzibati bölgüyə yenidən baxıldı və İran 10 əyalətə bölünərək, bölgələrə birdən ona qədər ad verildi. O illərdə Təbriz üçüncü əyalətin, Urmiya isə dördüncü əyalətin mərkəzi şəhəri elan olundu. Güney Azərbaycan sərhədləri və Azərbaycan adı ölkənin xəritəsindən tamamilə silindi. Ərdəbil isə bu bölgüyə əsasən üçüncü əyalətə daxil idi.

Tarixin saxtalaşdırılması niyyəti ilə aparılmış bu bölgü 1960-cı illərədək davam etdi. Yalnız 1945-46-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökumətinin dövründə Güney Azərbaycanın böyük bir hissəsi Azərbaycan adlanırdı. Həmin illərdə üçüncü və dördüncü əyalətlərə uyğun olaraq, Şərqi Azərbaycan və Qərbi Azərbaycan adlandırıldı. 1960-cı ildən sonra İran üzrə 13 əyalət və 8 quberniya (bir müddət sonra 11) yaradıldı. Məhəmmədrza şahın dövründə aparılmış bu yeni bölgüyə əsasən, Azərbaycan ərazilərindən bir hissə yeni yaradılan əyalətlərə verildi. Həmədan quberniya kimi tanındı. Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərinin ərazilərindən kəsildi. Bu bölgü üzrə Ərdəbil və Zəncan rayonları Şərqi Azərbaycan əyalətinə daxil idi. Ərdəbil qəzasının bir hissəsi olan Astara rayonu 1968-ci ildə ayrıca quberniya elan olundu.

Son illərdə Ərdəbil və ətraf mahalların ən mühüm "tələb"lərindən biri mərkəzi Ərdəbil olmaqla yeni bir əyalət yaradılması idi. Əslində bu şəhərin əhalisi buranın tarixinin qədimliyi, eləcə də əhalisinin çoxluğu nəzərə alınmaqla Şərqi Azərbaycan əyaləti adı altında özünə məxsus dövlət büdcəsi istəyirdi. Onu da qeyd etmək lazımdır ki, ərdəbillilər Təbrizdən ayrılmaq istəmirdi. Çünki Təbriz bütövlükdə Azərbaycan türklərindən ötrü bir simvoldur.

1992-ci il oktyabrın 14-də Ərdəbil mərkəz olmaqla Şərqi Azərbaycan, Gurqan mərkəz olmaqla Gülüstan əyalətlərinin yaradılması haqda Daxili İşlər Nazirliyinin verdiyi iki təklifdən birincisi dövlət rəhbərliyi tərəfindən bəyənildi. Azərbaycan adını ləğv etmək məqsədi ilə "Savalan" adlı əyalətin yaradılması haqda layihə dördüncü çağırış İran parlamentinə göndərildi. Bu məsələni rəhbərlik sonradan çeşidli orqanlara həvalə etdi. 1993-cü il yanvarın 12-də parlament layihəni ümumilikdə təsdiqlədi. Həmin sənədə əsasən, hökumət mərkəzi Ərdəbil olmaqla, yeni Şərqi Azərbaycan əyaləti yarada bilərdi. Təbriz mərkəz olan Şərqi Azərbayanın adının isə Mərkəzi Azərbaycana dəyişdirilməsi təklif edilirdi.

Bir sıra təkliflərə əsasən, ümumiyyətlə, Azərbaycan sözünü əyalətlərin adından götürərək, Təbriz mərkəzli bölgəni "Səhənd", yeni yaradılan Ərdəbil mərkəzli əyaləti isə "Savalan" adlandırmaq istəyirdilər.

1993-cü il aprelin 4-də "Təbrizin mərkəz olduğu Şərqi Azərbaycan əyalətinin adının Mərkəzi Azərbaycanla əvəzlənməsi və Ərdəbil mərkəz olmaqla Şərqi Azərbaycan əyalətinin yaradılması" haqda layihə parlamentin gündəminə gətirildi. Həmin il məclisin 13 aprel tarixli iclasında layihənin ikinci oxunuşu gözlənilmədən "Ərdəbil" adlı yeni əyalətin yaradılması barədə qərar qəbul edildi.

Həmin il Güney Azərbaycan türkləri çoxsaylı etiraz aksiyası keçirərək, ermənilərin iddiasının ardınca Azərbaycanın yenidən bölünməsinin tarixin saxtalaşdırılmasına xidmət etdiyini bildirmişlər. Amma o dövrdə sanki Azərbaycana yamanlıq etmək üçün Tehran hakimiyyəti Ermənistanla yarışırmış kimi bu etirazlara məhəl qoymadı. Hakimiyyətin əsasən təbliğat vasitələrindən biri, "ETTELAAT" qəzeti 19 aprel 1993-cü il sayında məsələyə dair belə bir xəbər dərc etmişdi: "Cümhuriye-İslami" agentliyi - Nəzarət Şurasının dünənki iclasında Ərdəbil əyalətinin yaradılması layihəsinə baxılmış, şəriət və qanun normalarına zidd bilinməmişdir".

2004-cü il aprelin 11-də "Ərdəbil əyalətinə Azərbaycan adının qaytırılma komitəsi" yaradıldı. Bu qurum indiyədək Azərbaycan adının Ərdəbilə və Güney Azərbaycanın başqa ərazilərinə qaytarılmasını tələb etməkdədir...

Xatırladaq ki, Həmədan, Gilan, Qəzvin, Zəncan, Qəzvin, inzibati mərkəzi Ərak olan Mərkəzi və başqa əyalətlər əvvəllər məhz Azərbaycan adı altında mövcud idilər. Keçən il Həmədan əyalətinin ziyalıları İranın ali rəhbəri Əli Xamneyiyə və dünya ictimaiyyətinə müraciət edərək, bu tip xəbis bölgülərə etirazlarını bildirir, Azərbaycanın və türk millətinin tərkib hissəsi olduqlarını bildirmişlər. Bundan başqa, Tehran hakimiyyəti illərdir ki, ölkə coğrafiyasında yüzillərdən bəri yaşayan Qaşqay türklərini ayrıca bir "qövm" kimi təqdim etmək üçün dəridən-qabıqdan çıxır. Amma Qaşqay türkləri Azərbaycan ləhcəsində danışır və tarixi Azərbaycan mədəniyyətinin daşıyıcılarıdır.

Amma bir iş var. Bu şər siyasətlər ölümə məhkumdurlar. Bugünkü İran coğrafiyasında əhalinin yarısını türklər təşkil etdiyini əhmədinejadlar qoy unutmasınlar. Onlar xəritələrdən "Azərbaycan" sözünü silə, inzibati əraziləri qayçılayıb, növbənöv yeni adlar uydura bilərlər. Fəqət türklüyü bu ölkə coğrafiyasından silib ata bilməzlər. Onların öz sözlərini qəti olaraq deyəcəkləri və bu siyasətləri pozacaqları zaman çox da uzaqda deyildir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Azərbaycan mətbuatının neçə yaşı var?

Almaniya yığması Bakıya gəlir

Rotterdama ümidlərlə

Bölmənin digər xəbərləri
 
Daşqalaqla ölüm cəzası hələ də aktualdır
9 yaşlı qızlar isə ərə verilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər