"III ixtisas qrupu üzrə imtahanda qaydaları pozan 7 abituriyentin nəticəsi ləğv edilib. İmtahan qaydaları əsasən bir-birindən köçürmə və imtahan zalına telefonla girməyə cəhdlə pozulur". Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə dünənki mətbuat konfransında bildirib. Sədr qeyd edib ki, III ixtisas qrupunda imtahana telefonla keçmək istəyənlər arasında qızlar daha çox olub. Hətta qız abituriyentlərdən bir neçəsi telefonu imtahan zalına keçirməyə nail olub. Bu fakt isə həmin abituriyentlər telefondan istifadəyə cəhd edərkən ortaya çıxıb. Nəticədə həmin abituriyentlər imtahan zalından çıxarılıb və onların nəticələri ləğv olunub.
M.Abbaszadə onu da bildirib ki, imtahan qaydalarının pozulması ilə bağlı faktlar olmasaydı, III qrup üzrə imtahanın nəticələri daha tez elan edilə bilərdi. Sədrin sözlərinə görə, iyulun 4-də keçirilən imtahanda qaydaları pozan bir neçə nəzarətçi də cəzalandırılıb:
"Həmin nəzarətçilər bundan sonrakı imtahanlarda iştirak etməyəcək. Artıq onların adı qara siyahıya salınıb".
Müsabiqədənkənar ali məktəblərə qəbul olunan abituriyentlərlə bağlı açıqlamasında TQDK sədri qeyd edib ki, 41 nəfər dünya və Avropa çempionunun siyahısı təsdiqlənib. Sədrin sözlərinə görə, həmin abituriyentlər İdman və Bədən Tərbiyəsi Akademiyasına daxil olacaqlar.
M.Abbaszadə bildirib ki, mədəniyyət və incəsənət ixtisaslarına imtahansız qəbul olunmaq hüququna malik 6 nəfərin siyahısı da təsdiqlənib. Həmin şəxslər Bakı Musiqi Akademiyasına daxil olmaq üçün tələb olunan qabiliyyət imtahanından azad edilib.
Qeyd edək ki, TQDK iyulun 11-də 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, imtahan Bakı, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərində aparılır.
İmtahanın keçirilməsi üçün Bakı şəhərində 44, Gəncə şəhərində 7, Sumqayıt şəhərində 8, Naxçıvan şəhərində 2 bina ayrılıb. Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərinin orta ümumtəhsil məktəblərindən 2413 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 258 imtahan rəhbəri cəlb olunub.
2010-cu ildə I qrup üzrə 35769 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 32992 nəfəri Azərbaycan bölməsinin, 2777 nəfəri rus bölməsinin məzunudur. Abituriyentlərin 21547 nəfərini oğlanlar, 14222 nəfərini isə qızlar təşkil edir.
Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 156 abituriyent xarici vətəndaşdır. 140 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 1191 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1954-cü ildən, ən gənc isə 1996-cı ildəndir.
Bakı şəhərində 25497, Gəncədə 4573, Naxçıvanda 1353, Sumqayıtda isə 4346 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır və 3 saat ərzində aparılır.
I ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 7-dən etibarən TQDK-nın internet saytına daxil olaraq "imtahana buraxılış vərəqəsi"ni çap edib götürürlər. Buraxılış vərəqəsi ilə yanaşı, "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Məlumatda bildirilib ki, abituriyentlər imtahana 2 sənəd gətirməlidirlər: - imtahana buraxılış vərəqəsi; - şəxsiyyəti təsdiq edən sənədin əslini.
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmır. İmtahan binasına köməkçi vasitə gətirmək qəti olmaz. Buraxılış rejimində üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq, onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaqlar. İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən I ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 20:00-da "Space" telekanalının canlı efirində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları barədə məlumat və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək.
I ixtisas qrupu üzrə qəbul imtahanı başa çatdıqdan dərhal sonra cavab kartlarının emalına başlanacaq və test imtahanının nəticələri qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla "imtahancell" xidməti vasitəsilə öyrənə biləcəklər.
I ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahanı komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 15-dən 21-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər.
Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə I ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə bilərlər.
Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq.
|