Bu yayın vətəndaşa "sürpriz"ləri sırasında daşqınlar, dolu, subasma, torpaq sürüşmələri ilə yanaşı, saxta dondurmalar, saxta sərinləşdirici içkilər də var. Və bunlar sağlamlığa heç də təbii fəlakətlərdən az qorxulu deyildir. Hamıdan ehtiyatlı olmaq tələb olunur. Çünki işbazlar əhalini təhlükə altında qoymaqdan nə qorxur, nə də hürkürlər. Müvafiq orqanların göstərişləri və xəbərdarlıqlarına məhəl qoyan yoxdur.
Baş Prokurorluğun mətbuat xidmətindən "Turan"a verilən məlumata görə, İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən paytaxtın Xətai rayonu, M.Hadi küçəsi, 21 ünvanda fəaliyyət göstərən AER şirkətində dondurma məhsullarının istehsalı və satışının qanunauyğunluğu yoxlanıb və şirkətə qarşı cinayət işi qaldırılıb.
Sözügedən müəssisənin direktoru Azər Şükürovdur. O, istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilir. İstintaqı aparmaq Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə həvalə edilib.
Yoxlama zamanı şirkətin anbarında satışa hazır 17 çeşiddə, ümumi çəkisi 19 min 318 kiloqram olan dondurmaların etiketlərində, habelə ümumi çəkisi 5 min 607 kiloqram olan bükmə materiallarında saxlama müddətlərinin normativ sənədlərdə nəzərdə tutulan vaxtdan artıq göstərildiyi, dondurma məhsullarının qablaşdırılmasında istifadə olunan, lakin istehsalçı və yararlılıq müddətləri göstərilməmiş üç çeşiddə 215 min 250 vafli məhsulları müəyyən edilib. Qeyd olunan məhsullardan istifadənin təxirə salınmadan dayandırılması və dondurma istehsalının mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə AER şirkətinə iyunun 12-də göstəriş verilib.
Müəssisənin anbarında olan südlü, qaymaqlı və plombir dondurmalarının üç çeşidindən nümunələr götürülərək, laborator müayinəyə verilib. Nəticədə plastmas qablaşdırmada olan 500 qramlıq plombir dondurmasında yağın və quru maddələrin ümumi kütlə payının normadan az, 65 qramlıq "Belıye noçi" adlı dondurmada mezofil-aerob və fakultativ-anaerob mikroorqanizmlərin sayının normadan çox, "Nağıl" adlı dondurmada isə bununla yanaşı, tərkibində bağırsaq çöpləri qrupundan bakteriyaların (koliformalar) olduğu aşkar edilib. Bu səbəbdən həmin məhsulların nəzarət altında məhv edilməsi və bu dondurmaların ticarət şəbəkələrindən geri yığılması barədə AER şirkətinə iyunun 18-də göstəriş verilib.
Qeyd olunan göstərişlərin icra vəziyyəti iyunun 25-də yoxlanılaraq müəssisənin anbarında 19 min 318 kiloqram hazır məhsuldan 14 min 558 kiloqram və ya 4 min 760 kiloqram az, 5 min 604 kiloqram bükmə materiallardan isə yalnız 2 min 555 kiloqram və ya 2 min 555 kiloqram az aşkar edilib. Müəyyən olunub ki, verilmiş göstərişə riayət edilməyərək keyfiyyətsiz məhsullar ticarət şəbəkələrindən geri yığılmayıb, eyni zamanda, istehsal prosesi davam etdirilməkdədir...
AER şirkəti bu il 19 iyun tarixli 121 nömrəli məktubla anbarda olan 4 min 760 kiloqram və ticarət şəbəkəsindən yığılmış 120 kiloqram dondurmaların "Təmiz Şəhər" ASC-in poliqonunda məhv edildiyini bildirsə də, yoxlama zamanı həmin firma tərəfindən heç bir dondurmanın "Təmiz Şəhər" ASC-yə təqdim olunmadığı və məhv edilmədiyi müəyyənləşib. Görünür, Azər Şükürov üçün çirkli qazanc daha vacib imiş, əhalinin canı cəhənnəm.
İİN tərəfindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. Araşdırma zamanı qanuna zidd faktlar təsdiq olunmuşdur. Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
SABA şirkətindən 7 ton dondurma məhv edildi
İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin daha bir analoji tədbiri barədə APA agentliyi məlumat yayıb. Bu xidmət tərəfindən SABA şirkətinin istehsalı olan 7 ton dondurma məhv edilib. Yoxlamalar zamanı bəlli olub ki, "Domino", "Lunnıye noçi", "Ekzotik", "Eskimo", "Maksima", "Saturn", "Merkuri", "XXI əsr", "Prestige" adlı dondurmalar satış üçün yararsız və hətta qorxuludur.
Bununla bağlı müəssisənin anbarında olan 7,9 ton hazır məhsulun satışını dayandırmaq və ticarət şəbəkəsinə göndərilmiş dondurmaları geri yığmaq, gigiyenik və uyğunluq sertifikatı olmayan məhsulların qablaşdırılmasında istifadə edilən 854 kq bükmə materialından istifadənin dayandırılması barədə SABA-ya icbari göstəriş verilib.
Bu şirkətin istehsalı olan 6,6 ton dondurmanın məhv edilməsi və 1 ton dondurmanın satışının qadağan olunması barədə məcburi göstəriş verildiyi bildirilir.
|