çap et  
Xaricdə təhsil alanların fəaliyyəti koordinasiya olunacaq
Şənbə, 03.07.2010


Xaricdə oxuyan azərbaycanlı tələbələrin fəaliyyəti koordinasiya olunacaq. Azərbaycan Tələbələr Birliyinin mətbuat xidmətindən qəzetimizə bildirdilər ki, bu məqsədlə Birlik "Xaricdə oxuyan azərbaycanlı tələbələrin təbliğat şəbəkəsi" layihəsini həyata keçirir. Layihə çərçivəsində xaricdə təhsil alan azərbaycanlı tələbələrdən ibarət koordinasiya şurasının yaradılması, xarici ölkələrdə həyata keçirilən müəyyən tədbirlərin dəstəklənməsi, Azərbaycan haqda bəzi nəşrlərin tərcümə edilərək çoxaldılması nəzərdə tutulur.

Məlumatda bildirilir ki, artıq Qərbi və Şərqi Avropada, Asiyada, Amerikada fəaliyyət göstərəcək və layihənin fəaliyyətlərini əlaqələndirə biləcək tələbələr seçilib. Bu tələbələr layihənin koordinasiya şurasını formalaşdırır. Həmin tələbələrlə ilkin danışıqlar aparılıb, onlara layihə barədə məlumat verilib, layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər planlaşdırılıb.

Azərbaycan Tələbələr Birliyinin koordinasiya şurasına daxil olan tələbələrlə birgə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün effektiv fəaliyyət göstərməyə çalışacaq. Bu sahədə xarici ölkələrdəki Azərbaycan cəmiyyətlərinin, tələbələrin, xaricdə yaşayan Azərbaycan vətəndaşlarının səyindən istifadə ediləcək.