çap et  
Elmin İnkişafı Fondu I müsabiqəni elan etdi
Layihələrə 6 milyon 100 min manat vəsait ayrılıb
Şənbə, 03.07.2010


Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu elmi tədqiqat layihələri, proqramların və digər elmi tədbirlərin maliyyələşdirilməsi üçün 2010-cu il üzrə I qrant müsabiqəsi elan edib. Fondun icraçı direktoru Elçin Babayev bildirib ki, müsabiqədə iştirak üçün sənədlərin qəbulu iyulun 1-dən başlanıb. Sentyabrın 15-dək davam edəcək. Müsabiqədə alimlər, mütəxəssislər, fərdi qaydada digər mütəxəssislər, qurumlar, elmi yaradıcı kollektivlər iştirak edə bilərlər. Ümumilikdə 6 milyon 100 min manat vəsait ayrılan bu müsabiqənin nəticələri II müsabiqəyədək - noyabrın 10-na qədər açıqlanacaq. Elçin Babayev bildirib ki, qrant layihələri fərdi və müştərək ola bilər. Layihələr 1 il ərzində və istisna hallarda iki ilə həyata keçiriləcək.

Müsabiqə üçün ayrılan vəsaitin 2 mln. 200 mini fundamental və tətbiqi layihələrə, 3 milyonu qurum tərəfindən pilot, 400 mini xüsusi layihələrə, 100 mini axtarış innovasiya xarakterli elmi tədqiqat layihələrinə yönələcək. Azərbaycanın qeyri-maddi-mədəni irsinin tədqiqinə isə 400 min manat ayrılacaq.

Elmin İnkişafı Fondu qərara alıb ki, qrant müsabiqələri ildə iki dəfə - 10 may və 10 noyabrda elan edilsin. Fondun saytının yeniləşdiriləcəyini də qeyd edən icraçı direktor bildirib ki, qrant almaq istəyənlər ərizələrini İnternetlə dolduracaqlar. Bununla da onların insanla təması minimuma endiriləcək.

E.Babayev onu da qeyd etdi ki, Milli Məclisdə "Elm haqqında" qanun layihəsi üzərində iş aparılır, ilin sonunadək bu sənədin qəbul olunacağı gözləniləndir.