![]() |
çap et |
|
|||
Qanunsuz olaraq narkotik maddə saxlamaqda ittiham olunan baş oedaktor Eynulla Fətullayevin işi üzrə məhkəmə prosesi dünən Qaradağ rayon Məhkəməsində müttəhimin son söz çıxışı ilə davam etdi.
"Azərbaycan hakimiyyətinin mənə qarşı mühakiməsi ənənəvi olaraq bir neçə ildir davam edir. Mən artıq dördüncü dəfədir məhkəmələrdə son sözlə çıxış edirəm, amma bu, məhkəmələrdə sonuncu sözümdürmü?", - deyə Fətullayev çıxışına başladı. Müttəhim iddia edir ki, Azərbaycanda azad mətbuata qarşı repressiyalar davam edir və o, bu gün "mülki edama" məruz qalır. Çıxışını 22 bənddən ibarət "antiheroin tezisləri" kimi təqdim edən Fətullayev dedi ki, vətənin şərəfi, demokratiya, Avropa dəyərləri uğrunda mübarizə aparır və bu yolda düçar olduğu məhrumiyyətlərə görə şikayətlənmir: "Məşhur Şotlandiya atalar sözündə deyildiyi kimi, əgər kimsə haqq yolunda mübarizə aparırsa və özünü də haqlı sayırsa, onun üzləşdiyi problemlərə görə şikayətlənməyə haqqı yoxdur". Fətullayev qanunsuz narkotik saxlamaq ittihamının saxta olduğunu vurğuladı: "İstintaq qeyri-obyektiv olub, müstəqil ekspertiza həyata keçirilməyib. Mən azyaşlı qızını zorlayan yalançı şahidin ifadələri əsasında mühakimə edilirəm. Mənə qarşı saxta və o qədər də professional olmayan ittiham qurublar. Mən özümə qarşı mümkün sui-qəsddən müdafiə olunmaq üçün kəsici-deşici alət olan qayçını cibimdə gəzdirirdim. Axtarış başlananda məndən qanunsuz saxladığım əşya tələb ediləndə dərhal həmin qayçını təqdim etdim. Mənə qarşı bu qanunsuz kəsici-deşici aləti gizli şəkildə özümdə saxladığıma görə cinayət işi açılmalı idi. Amma onu əhəmiyyətsiz bir şey kimi kənara tulladılar. Çünki onlar bunu yox, özlərinin gödəkcəmin qoluna və ayaqqabıma qoyduqları heroini axtarırdılar". Fətullayev jurnalist həmkarlarına ona verilən dəstəyə görə minnətdarlıq etdi, lakin onun həbsinə haqq qazandıran bəzi hüquq müdafiəçilərinin işindən narazılığını bildirdi. O, Çingiz Qənizadənin adını çəkərək, onu "Ramil Usubovun muşketyoru" adlandırdı. Daha sonra Fətullayev bildirib ki, hakimiyyət onun azad edilməsini istəmir və ona qarşı yeni ittihamlar irəli sürüləcəyini istisna etmir. Jurnalist həmçinin xatırladıb ki, ona qarşı əvvəlki ittihamlar da saxta olub. Jurnalistin sözlərinə görə, internetdə Xocalı faciəsi barədə qeydləri olub, amma bu qeydlər saxtalaşdırılıb. Fətullayev həmçinin ona qarşı terrorla hədələmə və digər cinayət ittihamlarını təkzib edib. Sonda Fətullayev bildirib ki, hakimdən ədalətli hökm gözləmir. Hakim İsmayıl Xəlilov hökmün elan olunmasını 6 iyul saat 11:00-a təyin edib. |