İnsan hüquqları üzrə müvəkkilin tapşırığına əsasən, aparatın əməkdaşları MN Mərkəzi Hərbi Klinik Hospitalında müalicə alan əsgər Röyal Musayev ilə görüşüblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüş zamanı R. Musayev 19 aprel 2010-cu il tarixdə Tovuz rayon Hərbi Komissarlığından xidmətə çağırıldığını, Heydər Əliyev adına Ali Hərbi Məktəbin mühafizə bölüyündə qulluq etdiyini bildirib. O, 12 iyun 2010-cu il tarixdə növbədə olarkən Ali Hərbi Məktəbin 3 əsgəri tərəfindən döyüldüyünü söyləyib.
R.Musayev 18 iyul 2010-cu il tarixdə MN Mərkəzi Hərbi Klinik Hospitalına qəbul edilərkən yıxıldığını söyləyib və bir neçə gündən sonra həkimlərə həqiqəti etiraf edərək döyüldüyünü açıb danışmışdır. Hərbi prokurorluğun müstəntiqi ondan izahat alarkən R.Musayev izahatında döyüldüyünü qeyd edib. R. Musayevin müalicə aldığı hospitalın müştərək zədələnmələr bölməsinin rəisi Zirəddin Abbasovla söhbət zamanı o, əsgərin hospitala qəbul edildikdən sonra dalağının partlaması ilə əlaqədar bu orqanın çıxarıldığını və hazırda vəziyyətinin normal olduğunu bildirib.
Ombudsman E.Süleymanova baş prokurorun müavini, hərbi prokuror Xanlar Vəliyevə müraciət edərək qeyd olunan halların araşdırılmasını, aparılan istintaqı şəxsi nəzarətə götürməyi, nizamnamədənkənar münasibətlərə yol verən hərbçilərin qanunvericiliyə uyğun olaraq, törətdiyi əmələ görə məsuliyyətə cəlb edilmələrini xahiş edib.
|