Ali məktəblərə test imtahanları başlayır
 |
TQDK xəbərdarlıq edir: köçürən şəxslərin imtahan nəticələri ləğv ediləcək
Şənbə, 03.07.2010
E.İLKİN |
mətn ölçüsü |
|
|
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 4-də 2010-2011-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə İİİ ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək.
TQDK sədri Məleykə Abbaszadə dünənki mətbuat konfransında bildirib ki, imtahan Bakı, Naxçıvan və Sumqayıt şəhərlərində aparılacaq. İmtahanın keçirilməsi üçün Bakıda 48, Sumqayıtda 6, Naxçıvan şəhərində 3 bina ayrılıb. Bakı, Sumqayıt və Naxçıvan şəhərlərinin orta ümumtəhsil məktəblərindən 2289 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 235 imtahan rəhbəri cəlb olunacaq.
M.Abbaszadə bildirib ki, 2010-cu ildə İİİ qrup üzrə 33316 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 30187 nəfəri Azərbaycan, 3129 nəfəri rus bölməsinin məzunudur. Abituriyentlərin 9227 nəfəri oğlan, 24089 nəfəri qızdır. Abituriyentlərin 16876 nəfəri orta ümumtəhsil məktəblərinin builki, 15732 nəfəri isə əvvəlki illərin məzunudur.
Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 162 abituriyent əcnəbi vətəndaşdır. 231 abituriyent ali təhsillidir və İİİ ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. Ən yaşlı abituriyent 1939-cu il, ən gənc isə 1995-ci il doğumludur. Bakıda 27807, Naxçıvanda 1893, Sumqayıtda isə 3616 abituriyent imtahan verəcək.
Abituriyentlərə xəbərdarlıq edən M.Abbaszadə deyib ki, imtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər imtahan binasına buraxılmayacaqlar: "Abituriyentlər imtahana gələndə qaydaları bilib gəlsinlər. Şəxsiyyət vəsiqələrini, "imtahana buraxılış vərəqəsi"ni unudanları imtahana buraxmayacağıq".
TQDK sədri əlavə edib ki, imtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən III ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək:
"İmtahanın nəticələri araşdırılanda xüsusi proqramlar vasitəsilə köçürmələr də araşdırılır. Köçürən şəxslərin imtahan nəticələri ləğv ediləcək. Təəssüf ki, əvvəlki illərin məzunları nizam-intizama əməl etmir, bu ilin məzunlarından köçürmələrə cəhd edirlər. Bunu da yerləşdirmədə nəzərə almışıq".
Orta ixtisas təhsili müəssisələrinə gəldikdə, TQDK sədri bildirib ki, iyulun 8-dən avqustun 10-dək orta ixtisas məktəblərinə sənəd qəbulu aparılacaq. Doqquzillik təhsil bazasından orta ixtisas məktəblərinə sənəd qəbulu internet vasitəsilə olacaq. Hər bir abituriyent ərizəsində müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli olan 12-dək ixtisas kodunu qeyd edə bilər.
M.Abbaszadə deyib ki, xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər ilk növbədə ümumi qaydada elektron ərizə forması doldurmalı və onu təsdiq etdirməzdən əvvəl yaradıcılıq qabiliyyətinin yoxlanılması məqsədilə seçmə turda iştirak etməlidirlər. Bu il ilk dəfə olaraq, seçmə turlar TQDK-nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları (YQYK-lər) tərəfindən mərkəzləşdirilmiş qaydada keçiriləcək.
YQYK-lərin fəaliyyəti Bakı Biznes Universitetində, Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində isə TQDK-nın regional bölmələrində təşkil olunacaq. Yoxlamanın nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndiriləcək. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyent iyulun 26-dan avqustun 5-dək təhsil almaq istədiyi ixtisasa müvafiq YQYK-da qeydiyyatdan keçib seçmə turda iştirak etməlidir.
Abituriyentlər ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindən imtahan verəcəklər. İmtahanda abituriyentlərə hər fəndən 15 sual təqdim olunacaq. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı ətraflı məlumat, o cümlədən qəbul aparılan ixtisasların siyahısı "Abituriyent" jurnalının 4-cü sayında dərc olunacaq.
TQDK sədri onu da bildirib ki, iyulun 31-dən sonra magistraturaya boş qalan plan yerləri elan ediləcək. Belə ki, bu il ilk dəfə olaraq I ixtisas qrupu üzrə imtahan Gəncədə keçiriləcək. M.Abbaszadə bildirib ki, imtahan iyulun 11-də Bakı, Sumqayıt, Naxçıvan və Gəncə şəhərlərində baş tutacaq. Komissiya sədrinin sözlərinə görə, hələlik yalnız İ qrup üzrə imtahan Gəncədə keçiriləcək. III qrup üzrə imtahan isə Bakı, Sumqayıt, Naxçıvan şəhərlərində olacaq: "Ona görə də I qrupa imtahan verəcək abituriyentlər tələsib indidən Bakıya bilet almasınlar".
M.Abbaszadə bildirib ki, iyulun 28-dən magistratura imtahanları ilə bağlı apellyasiya komissiyaları fəaliyyətə başlayacaq. Bu komissiyalar işini iyulun 31-də yekunlaşdıracaq. Bundan sonra isə magistraturanın boş qalan plan yerləri elan ediləcək.
|
|
|
Oxşar xəbərlər:
Ali məktəblərə qəbul imtahanının son qaydaları açıqlandı
TQDK son xəbərdarlığını etdi...
Sabah keçiriləcək IV ixtisas qrupu üzrə qəbul imtahanlarının qaydaları açıqlandı
Qəbul imtahanlarının nəticələri: rəylər, mülahizələr
102 gənc - prezident təqaüdçüsü
|
|
|