Qafqazın uzaq tarixini, etnoloji və kulturoloji dəyərlərini incələyənlər çox yaxşı bilirlər ki, regionda superetnos statusunda çıxış etməyən xalqlar onların mövcud dəyərləri daxilindəki siyasi, iqtisadi və mədəni yaşam tərzində hər zaman dotasiyalı bir ovqat içində olublar. Əslində bu, siyasi gücün tarixi və coğrafi anlamda hansı dəyər və məzmunda mövcudluğuna dair məsələ idi və siyasətlər yürüdülərkən nəzərə alınırdı. Qafqazın Rusiya tərəfindən işğalına qədər mövcud olan dövlətlərin tarixi bunu aydın sübut edir.
İndi regionda yaşayan xalqların böyük əksəriyyətinin etnokulturoloji dəyərlərə bağlı yaşam tərzləri mövcuddur. Bu ali dəyərin deformasiyaya uğradılması üçün Rusiya 200 ildən bəri dərin çatlar yaratmağa cəhdlər etdi. İndi bu estafeti "Qərb dəyərləri" davam etdirməyə çalışır. Gürcüstanda bu gün yaşanılan proseslər də Qərb və Rusiya maraqlarının toqquşduğu meydanın mərkəzi hesab edilir.
Köhnə və yeni dostların indiki mövqeyi
Gürcüstanın aparıcı mətbu orqanlarından "Georgian Times", "Kviliris Palitra", "Rezonansi", "Asaval-dasavali", "24 saati", "Kavkazioni", "Pirveli", "Axali taoba", "Sakartvelo Resrublika", "Kartuli qazeti", "Alia" və digər qəzetlərdə ölkənin Qərb tərəfindən və ya ənənəvi şəkildə Rusiyanın himayəsində olmaqla maliyyə və iqtisadi həyatının tənzimlənməsi yönündə araşdırmalar dərc olunur, müzakirələr açılır.
Hazırda iqtidarda olan "Narıncı İnqilab" idealının tərəfdarları Gürcüstanda yaşanılan ağır maliyyə və ittisadi, siyasi və ictimai proseslərin Qərbin dəstəyilə addım-addım çözüləcəyinə olan ümidlərin təbliğatını yürüdürlər. Onlar 2003-cü ildən bu günə qədər ölkədə baş vermiş qanuni reformların ədalətli olmasından, demokratiyanın bütün şərtlərinə cavab verməsindən bol-bol danışmaqla yanaşı, ötən müddət ərzində Gürcüstana 15 milyard dollardan artıq yardımlar edildiyini xatırladırlar. Gürcüstan vətəndaşlarının dünyanın istənilən ölkəsinə azad şəkildə getmək imkanlarının daha üstün səviyyədə olmasını da vurğulamağı unutmurlar. Özəlləşmə prosesində ölkənin daxili sosial-iqtisadi həyatında yeniliklər olduğunu, bu sırada xarici investorların çoxlu sayda iş yerləri açdıqlarını da əyani sübut kimi sərgiləyirlər.
Bütün bunlara baxmayaraq, Gürcüstanda bu gün ortaya çıxarılan məhsulların çeşidinin azlığı, şərab, mineral su, şirə, meyvələr və digər mövsümi xarakter daşıyan istehsalın ölkənin zənginləşməsində o qədər də böyük gəlir mənbəyi olmadığı da açıq bir fakt kimi mövcuddur.
Əksinə, müxalifət düşərgəsi isə bildirir ki, Gürcüstan öz milli gəlirlərini Rusiya və postsovet məkanı ölkələri hesabına daha yüksək səviyyədə inkişaf etdirə bilər. Çünki burada bazarlarda gürcü mallarını daha çox satmaq imkanları vardır. Qərbə inteqrasiya nə qərər uğurlu bir siyasət olsa da, Gürcüstanın dövlət müstəqilliyinin güclənməsi, milli gəlirlərinin sərbəst şəkildə inkişafı baxımından bütün bunlar yetərli deyil. Biz bu yolla Abxaziya və Güney Osetiyanı da geri qaytara bilmərik. Xarici investorlar gürcüləri öz vətənlərində bu gün Qərb dəyərləri siyasətinin şərtləri daxilində qul kimi işlədirlər. Onları maraqlandıran turizmin inkişafı adı altında Gürcüstanda gürcüləri milli azlığa çevirməkdir.
İqtidar isə müxalifətin bu təpkilərinə, arqumentlərinə əks arqumentlər gətirmək zorundadır.
Qərbin maliyyə dəstəyinin azalmasından fəsadlar
Son iki ildə dünyanı bürümüş iqtisadi və maliyyə böhranına görə ABŞ və Qərb ölkələrinin Gürcüstana maliyyə yardımları anlaşılan səbəblər üzündən xeyli azalmışdır. Bundan yararlanan Rusiya və eyni zamanda gürcü müxalifəti belə bir fikri ictimai şüura yeritməyə çalışırlar ki, ABŞ-ın dövlət başçısı Barak Obama Gürcüstana görə Rusiya ilə münasibətləri pozmaq fikrində deyil.
Bu mülahizəyə inananların fikrincə, artıq Gürcüstanın təkbaşına Rusiya ilə üz-üzə qalmaq təhlükəsi hər an gözlənilir.
Gürcü siyasətini müəyyənləşdirən güclərin fikrincə, ölkə artıq yeni bir dövlət çevrilişi vahiməsini yaşamaqdadır. Hamını düşündürən sual budur: "Görəsən, Moskva doğrudanmı Gürcüstana qarşı yenə işğalçı siyasət yürüdəcək? Rusiya doğrudanmı Tbilisidə hakimiyyəti devirəcək?".
Hakimiyyətə yaxın olan mənbələr bu qorxulu düşüncələri toplumdan uzaq qovmağa çalışaraq bəyan edirlər ki, "ABŞ Rusiya deyil. Amerikalılar öz üzərlərinə götürdükləri öhdəliklərə daim əməl ediblər. ABŞ və Gürcüstan arasında imzalanmış xartiya pozulmayıb, hələ də öz qüvvəsini saxlamaqdadır. ABŞ Gürcüstana özünün strateji tərəfdaşı kimi ölkədə ordunun silahlandırılması siyasətini hələ də davam etdirir. Gürcüstanın bir dövlət olaraq inkişafı Avropa Birliyi və NATO ilə strateji əməkdaşlıq yönündə mümkün ola bilər".
Müxalifət isə israrlı şəkildə bildirir ki, başda ABŞ olmaqla bütün ərəb dövlətləri hər zaman özlərinin maraq dairəsi çevrəsində siyasət yürüdüblər. Bir zamanlar Çin də elan edirdi ki, ölkənin təhlükəsizliyinin 80 faiz uğuru xarici müttəfiqlərlə olan strateji yaxınlıq sayəsində mümkündür. İndi çinlilər bu ifadəyə ikrahla yanaşırlar. Gürcüstan müstəqil dövlət siyasəti aparmaqla bərabər, keçmiş metropoliyanı unutmamalıdır.
Müxalifət özünün bütün tezislərini onunla əsaslandırır ki, Rusiya bir dövlət olaraq özünün strateji hədəflərinə görə külli miqdarda vəsait xərcləməkdən heç zaman çəkinməyib. Çünki bu qavrayış rus mentalitetinin tərkib hissəsidir. İdeoloji paradiqmalara dayanıqlı şəkildə dövlət müstəqilliyi qavrayışı tarix boyu gürcülərdə son 20 ildəki qədər olmayıbdır.
Praqmatik gürcü siyasətçilərinin fikrincə, Avropa Birliyinə və NATO-ya inteqrasiya əslində ölkənin xarici siyasət kursu kimi dəyərləndirilməlidir. Bu, ideologiya kimi qəbul olunmamalıdır. Gürcülərə məxsus daxili və xarici siyasət kursunun ideoloji və fəlsəfi meyarlarının ölçüləri bütün sahələrə uyğunlaşdırılmalıdır. Bütün bunlar isə qarşılıqlı etimad strategiyasına söykənməlidir.
Onlar açıq şəkildə bəyan edirlər ki, gürcü siyasətinin ideoloji və fəlsəfi isteblişmenti "şəxsiyyətin və qlobal mədəniyyətin gerçəkliyinin tamamı" şəklində mövcud ola bilər. Demokratik prinsiplər əsasında özünütərbiyə metodologiyası isə bunun açarıdır.
Gürcü müxalifətinin işığı və kölgəsi
Bu gün prezident Mixail Saakaşvili iqtidarını ən kəskin şəkildə tənqid edən müxalifət üzünü Moskvaya tutmaqla əslində ölkədaxili proseslərə sarsıdıcı zərbələr vurublar. Bu sırada Leyboristlər Partiyası (lideri Şalva Natelaşvili), Ədalətli Gürcüstan Partiyası (Zurab Noqaideli), Konservatorlar Partiyası (Zviad Dzidziquri), Xalq Partiyası (Koba Davitaşvili), Gürcüstanın Gələcəyi Partiyası (Leri Tkebucava), Xristian Gürcüstan Partiyası (Avtandil Davitaya), Demokratik Hərəkat - Birləşmiş Gürcüstan Uğrunda Partiyası (Nino Burcanadze), Yeni Sağlar Partiyası (David Qamkrelidze), Gürcüstan Alyansı Partiyası (İrakli Alasaniya) və Gürcüstan Yolu Partiyası (Salome Zurabişvili) ölkədə demokratik proseslərin inkişafı istiqamətində deyil, sanki daha çox xaricdən siyasi və maliyyə dəstəyi uğrunda yarışa giriblər. Keçmiş baş nazir Z.Noqaidelinin, bütün dünya acarlarının maliyyə bossu Aslan Abaşidzenin, parlamentin sabiq spikeri N.Burcanadzenin isə üç gündən bir Moskvaya Rusiya baş naziri Vladimir Putinin yanına qaçmaları elə bunun təsdiqidir.
Hakimiyyət əslində ölkənin bir siyasi güc tərəfindən işğalı deməkdir. Onu monstr səviyyəsində təqdim etmək heç də doğru əlamət sayıla bilməz. Ancaq müxalifətin də özgəsinin siyasi iradəsi əsasında hakimiyyət uğrunda mübarizə aparması heç bir əxlaqa sığmır. Siyasi müşahidələrə əsasən onu qeyd etmək olar ki, Gürcüstanda müxalifətin fəaliyyətini daha çox təqaüdçülər və orta nəslin nümayəndələri izləyirlər. Bir zamanlar Rusiyaya gedərək pul qazananlar artıq öz ailələrinə yardım etməkdə aciz qalıblar. Çünki Rusiyanın özündə də dərin maliyyə və iqtisadi böhran yaşanılır. Müxalifət postsovet mentaliteti prinsipləri əsasında cəmiyyəti yönəltmək üçün addımlar atdıqca, yeni nəsil gürcülər belə bir sual verirlər: "Onlar gürcü cəmiyyətini dövlətin güclənməsinə yönəltməkdənsə, niyə keçmişə qayıdırlar? Faşist Almaniyası məğlub olduqda belə heç bir alman indulgensiya maraqlarına görə Moskvaya getmədi. Abxaziya və Güney Osetiya dərdlərindən sonra Kremlin kuluarlarında görünmək nə dərəcədə doğrudur?".
Gənc nəslin bu suallarına müxalifətdən cavab gəlmir.
Prosesin son dalanı
Bölücü regionlar olaraq Abxaziya və Güney Osetiyanın yenidən Gürcüstana birləşəcəyinə olan ümidlər hansısa dolanbaclarda müəmmalı bir şəkildə sanki ilişib qalıb. İqtidar insan hüquqlarının görünməsi adı altında ən azından gürcü qaçqınlarının öz evlərinə dönmələrini təmin etmək üçün beynəlxalq təşkilatların vasitəsilə bir sıra addımlar atıb. Bu prosesin hansı sonluqla bitəcəyi isə hələ ki, qaranlıqdır.
Rusiya, Ermənistan, Almaniya və Fransadakı "Erməni Çevaxk Təşkilatları Federasiyası" Gürcüstana qarşı yeni təhlükə mənbəyi yaradıblar. Gürcüstanın Ahısqa vilayətindəki ermənilərin sayının sürətlə azalmasına baxmayaraq, onlar regionda yeni bölücü siyasətləri gündəmə gətirməyə başlayıblar. Çox qəribə bir haldır ki, gürcü müxalifəti də dolayı yolla ermənilərin yanında durur.
Gürcüstanda siyasi, iqtisadi və sosial sahələri müşahidə və təhlil edən mütəxəssislərin fikrincə, ölkənin inkişafında Türkiyə və Azərbaycan ən üstün mövqelərə qalxıblar. Bu iki dövlətə məxsus biznes çevrələrinin Gürcüstana qoyduqları yatırımlar ölkənin milli gəlirlərinin 30 faizi həddinə qalxmışdır. Turizmin inkişafı sayəsində bu iki dövlətə məxsus biznes dairələri tərəfindən yeni infrastrukturların qurulması əslində 200 il öncə regionda mövcud olan etnoloji və kulturoloji proseslərin öz yerini tutması kimi də qəbul edilir. Bu iki dövlətin biznes dairələri öz yeni layihələrini gürcü hökumətinə təqdim ediblər. Elə son zamanlar Çeçenistan, Kabarda-Balkar, Dağıstan, Quzey Ostetiya, İnquşetiya kimi respublikaların da Türkiyə və Azərbaycana olan maraqlarının artması tarixi gerçəyin öz yerini tutması şəklində qəbul edilməkdədir. Çünki Azərbaycan və Türkiyədən Qafqaz respublikalarına qarşı hər hansı təhlükə yoxdur. Burda birgə əməkdaşlıq və inkişaf siyasəti dostların və düşmənlərin yerini daha dəqiq müəyyən etməyə imkan verir.