Qloballaşma şəraitində mədəniyyətlərin qarşıdurması, yoxsa dialoqu? Bu saat dünyada ən çox müzakirə olunan mövzulardan biridir. Yaşadığımız həyəcanlı XXI yüzil şəraitində belə bir mövzuda konfransın Bakıda - mədəniyyətlərin kəsişmə coğrafiyasında yerləşən bir ölkənin paytaxtında keçirilməsi özlüyündə böyük önəm daşıyır. "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" konfransı Bakıda son iki gün ərzində davam etdi. Hazırkı konfrans ötən il iyunun 15-16-da Heydər Əliyev Fondunun Moskva rəhbərliyi və Rusiya EA Fəlsəfə İnstitutu, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun səyləri və dəstəyi altında Moskvada keçirilmiş "Qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı təsiri" beynəlxalq konfransının davamı idi. Konfransın Heydər Əliyev Fondu Rusiya Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirildiyi qeyd olunur.
Konfransın açılışında M.V.Lomonosov adına MDU Bakı filialının rektoru Nərgiz Paşayeva belə bir mülahizə söyləmişdir ki, bu kimi tədbirlər beynəlxalq və insan əlaqələrinin möhkəmlənməsi üçün vacibdir, dialoq konkret fəal birgə iş şərtləri altında vahid səylər nəticəsində mümkündür. Nərgiz Paşayeva demişdir: "İnsan nədir? O, nələri bilmək iqtidarındadır? O, nəyə etibar edə bilər və nə etməlidir? Bütün bu klassik fəlsəfi məsələlər bu gün aktual və demək olar ki, açıq olaraq qalır. Biz yalnız insan birliyi, insan təhsili, onun zəngin dünyası, qəlbi və şüurunun daxili potensialı vasitələrilə bizi əhatə edən dünyanı tanıyırıq", - rektor bildirib. Onun sözlərinə görə, fəlsəfə ali zəka və ideyalar elmidir. "Lakin qeyd etməliyik ki, istənilən sağlam düşüncəli insan fəlsəfəyə böyük həvəs, maraq göstərir, daha doğrusu, özünü və onu əhatə edən dünyanı dərk etmək arzusundadır".
Konfransın işinə Rusiyadan, Azərbaycandan, Türkmənistandan bir sıra görkəmli filosof alimlər qatılmışdılar. Məsələn, REA Fəlsəfə İnstitutu, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Rusiya Prezidenti yanında Maliyyə Akademiyası olmaqla 20-yə yaxın rus filosofu, o cümlədən akademik Əbdülsalam Hüseynov, fəlsəfə elmləri doktoru, professorlar Aleksandr Cumakov, İqor Liseyev, tarix elmləri doktoru, professor Georgi Alekseyev (MDU) onların arasında idilər.
Azərbaycan MEA prezidenti Mahmud Kərimov belə bir fikir söyləmişdir ki, beynəlxalq elmi əlaqələr yalnız elmin inkişafına deyil, eləcə də müasir dünyada mədəniyyət dialoqunun qurulmasına imkan yaradır. Onun sözlərinə görə, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu ilə REA-nın Fəlsəfə İnstitutu arasında əlaqələr, əslində, Rusiya və Azərbaycanın mədəniyyət dialoqu ənənələrini davam etdirir. Mahmud Kərimov:
"Fəlsəfə elə bir elmdir ki, onsuz istənilən dialoq çətindir. Etiraf etmək vacibdir ki, bizim alimlərin, ictimaiyyətşünasların, humanitarların beynəlxalq əməkdaşlıq miqyası hələ ki o qədər də böyük deyil, lakin bu barədə artıq müsbət tendensiya, fikir var və ümid edirik, sarsılmaz olaraq qalacaq" ("Trend").
Mahmud Kərimov qeyd edib ki, AMEA azərbaycanlı sosioloq alimlərin Rusiya alimləri ilə əlaqələri genişləndirmək, birgə proqramlarda iştirak etmək, birgə əsərlər çap etdirmələrinin çox vacib olduğunu anlayır. "Mənə məlumdur ki, bizim Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda bu istiqamətdə işlər görülüb və biz belə əməkdaşlığı genişləndirməyi bütünlüklə dəstəkləyirik".
REA Fəlsəfə İnstitutunun direktoru, akademik Əbdülsalam Hüseynov demişdir:
"Biz mədəniyyətlərin müxtəlifliyini qiymətləndiririk və qloballaşma şəraitində onu saxlamağa çalışmalıyıq. Ümid edirəm, bizim forum bu problemin həlli üçün öz töhfəsini verəcək. Məmnuniyyətlə qeyd edirəm ki, postsovet məkanında azərbaycanlı və rusiyalı alimlərin əlaqələri daha açıq şəkildə inkişaf etməyə başlayıb. Biz bu əlaqələri gələcəkdə də inkişaf etdirməliyik".
Forumda elmi-fəlsəfi tədqiqatlar da nəzərdən keçirilmiş, AMEA və REA fəlsəfə institutlarının müasir alimləri "Beynəlxalq elmi əməkdaşlığın bir çox problemləri və Azərbaycanda ictimai elmin inkişaf yolları", "Mədəniyyət, sivilizasiya, qloballaşma. Heydər Əliyev - İnsan və siyasətçi", "Demokratiya, kütləvi mühit və şəxsiyyətlərin rolu", "Qloballaşma şəraitində qarşılıqlı təfəkkür mədəniyyəti", "Sivilizasiya dəyişikliyi dövründə yeni nəslin formalaşması və estetik tərbiyə problemləri" və "Müasir Azərbaycanın vətəndaş mədəniyyəti və dəyərləri" və s. mövzularında məruzələr dinlənilmişdir.
Qeyd edək ki, Qərb dünyasında mədəniyyətlərin dialoqu xətti bizim günlərdə Türkiyə və İspaniya baş nazirlərinin öncüllüyü ilə yürüdülməkdədir və bu xətt "mədəniyyətlərin qarşıdurması"nın qaçılmazlığı barədə tezisin tərəfdarlarını xeyli zəiflətmişdir.
|