Müğənni Röya və Zamiqin "Doğma diyar" adlı xalq konsertlərinə həsr edilmiş mətbuat konfransı keçirilib. Bu ayın ilk günündən start verilən kampaniyanın ilk konsert günü iyulun 12-də Qubada keçiriləcək. Bütövlükdə isə sənətçilərin 14 rayonda çıxışı planlaşdırılıb ki, bura - Qazax, Gəncə, Şəmkir, Şirvan, Qəbələ, Şəki, Ağdam, Göyçay, Yevlax, Lənkəran, Mingəçevir və başqaları daxildir. Ən son konsert isə paytaxtda keçiriləcək.
Röyanın bildirdiyinə görə, paytaxt konsertinin Milli Parkda təşkili nəzərdə tutulub. Həmin tarix sentyabrın 12-də, Zamiqin doğum gününə təsadüf edəcək.
Qeyd edək ki, mobil şirkətlərdən birinin dəstək verdiyi konsertlər bölgə sakinləri üçün pulsuz və açıq havada təşkil ediləcək. Müğənniləri 10 nəfərə yaxın musiqiçi heyəti müşayiət edəcək. Amma fonoqram da istisna edilmir.
"Açıq havada çıxış etmək müxtəlif səbəblərdən asan başa gəlmir. Təbiət hər an şıltaqlığını göstərə bilər. Bu səbəbdən də arabir fonoqrama yer ayrılacaq. Hərdən məndən soruşurlar ki, filan yerdə deyəsən, fonoqram oxudunuz. Deyirəm ki, fonoqramı da mən oxuyuram, atam oxumur ki", - deyə Röya bildirdi.
Müğənninin əlavəsinə görə, bölgələrdəki sakinlərin qarşısında çıxış etmək bu gün paytaxt sənətçisi üçün daha vacibdir:
"Onlar bizi yaxından izləmək, hətta toxunmaq istəyirlər. Bir dəfə ucqar kəndlərdən birinə getmişdik. Kənd sakinlərindən birinin qonağı olanda evin uşağı mənə yaxınlaşıb, qolumdan tutaraq "Ay mama, ətdir!", - deyə təəccüblə səsləndi. Onlar bizimlə ünsiyyətə çox maraqlıdırlar".
Söhbətə qoşulan Zamiq isə insanlarla səmimi və sıx ünsiyyətdə olacaqlarını bildirdi. Söylədi ki, Röya ilə baş-başa verib hər bir rayonda kənd camaatı ilə görüşəcəklər. Yəni yolüstü rastlarına çıxan hər hansı bir evin qapısını döymək niyyətləri olacaq. Röya isə vurğuladı ki, əsasən taxta qapıları döyəcəklər - "dəmir qapılarla işimiz yoxdur".
Xatırladaq ki, sözügedən kampaniyaya Mədəniyyət və Turizm Nazirliyi də dəstək verib. Toplantıda "Doğma diyar" kampaniyasını tərənnüm edən reklam rolikinin də təqdimatı keçirildi. Xızıda ekranlaşdırılan rolikin müəllifi rejissor Aqil M.Quliyevdir.
|