Neçə illərdir Azərbaycanda keçirilən "Best Model of Azerbaiyan" yarışmasına bu il xalq artisti Aygün Kazımovanın rəhbərlik edəcəyi deyilir. Etibarlı mənbədən qəzetimizə daxil olan bilgiyə görə, ikinci dəfə ev sahibliyini üzərinə götürən Aygün xanım müsabiqəni payız aylarında keçirməyi düşünür. Builki tədbirin mərhum təşkilatçı Nahid Kabakçının xatirəsinə həsr olunacağı bildirilir.
Xatırladaq ki, sözügedən model yarışmasını ilk dəfə Azərbaycanda Nahid Kabakçı təşkil edib. Aygün Kazımovanın rəhbərlik etdiyi yarışmaya da böyük dəstək vermişdi. Məhz Aygün Kazımovanın rəhbərlik etdiyi həmin yarışma uğurlu təqdimatlar sırasına yazılmışdı. Artıq Aygün xanımın layihənin dünya üzrə təşkilatçısı ilə ilkin danışıqlar apardığı bildirilib. Lakin müğənni hazırda xarici səfərdə olduğundan onun bu xəbərə mövqeyini öyrənə bilmədik.
Müğənninin köməkçisi Almaz xanım xəbəri nə təsdiq, nə də təkzib etdi. O, gələn həftə Bakıya qayıdan Aygün xanımla söhbət etməyimizi məsləhət bildi.
"Best Model of Azerbaiyan"a eyni zamanda Lyubov Kutrova, Validə Abbasova, Ruhi də rəhbərlik ediblər.
|