çap et  
Almaz Ələsgərli: "Ürəyim çox şeydən sınıb"
Almaz Ələsgərli: "Ürəyim çox şeydən sınıb"
Amma ailənin düşdüyü stress arxada qalmışdır
Şənbə, 03.07.2010

Z.Rəhimqızı

Əməkdar artist Almaz Ələsgərlinin məlum ailə olayından sonra az-az görünməyi onun hələ də təsir altında olduğunu, yaxud bərk incidiyini göstərir. Xatırladaq ki, onun hər iki qızının ailə həyatı qurandan az sonra boşandıqları xəbəri və bunun ətrafında xoşagəlməz fikirlər yayıldı. Qudalar təqsirkar tərəf olaraq Almaz xanımı görürdülər. Almaz xanım isə deyilənləri təkzib edərək, bunu tale və qismətlə bağlayır:

- Ürəyim çox şeydən sınıb. Amma özümdən, sənətimdən yox. Əsasən televiziya kanallarından incimişəm. Bu gün insanlara, sənətə hörmət qalmayıb. Sənəti olan və olmayan eyni tərəzinin gözündən keçirilir. Səviyyə itib. Kim necə bacarır, özünü irəli, meydana atır. Telekanallarda da aləm qarışıb bir-birinə. Mənim ailə məsələmi xoşagəlməz səviyyədə efirə çıxardılar. Bu məni çox narahat etdi.

- Bu səbəbdən efirlərə çıxmırdınız?

- Əslində ürəyim istəyir efirə çıxım. Bəziləri deyir ki, "qadağadasan". Soruşuram nəyə görə? Xəbər gəlir ki, "yox, qadağa yoxdur". Sənətçi ilə oyun oynayırlar. İndi də eşidirəm ki, filan verilişlər pulludur. Hətta sənətçiyə qiymət də oxuyurlar. Yəni filankəsin qiyməti bu qədərdirsə, mənə bir az aşağı məbləğ oxuyurlar. Nə bilim. İnanın, sənətə də marağım qalmayıb. Başımı aşağı salıb qazanc yoluna düşmüşəm. Toylarda oxuyuram. Məni sevənlər çoxdur və bilirəm ki, qazancım az-çox olar. Bu proses nə vaxta kimi uzanacaqsa, bir o qədər də gözləməli olacam.

- Sizin sadaladığınız efir problemləri dünənin mövzusu deyil. Amma siz bu qərarı qızlarınızın boşanaraq ana evinə qayıtdığı xəbərindən sonra ortaya atmısınız. Çünki bir müddət əvvəl özünüz də ailə həyatı qurmuşdunuz və uzun zaman efirdə görünmədiniz. Münasibətlər normal davam etmədiyi üçün ayrılmaq xəbərinizi eşitdik və yenidən efirlərə qayıdış etdiniz. Amma o vaxt eyni problem ola-ola indiki kimi şikayət etmirdiniz. Mənə elə gəlir ki, sizi sındırmağa çalışdılar.

- Bu həmin insanların səviyyəsindən irəli gəlir. Əslində, özümü sınmış hiss etmirəm. Mən Almazam. Sadəcə, öz qərarımla kənara çəkilmişəm. Səhnədə baş verən hadisələri kənardan müşahidə edirəm. Görüm məndən sonra nə edirlər? Kimləri yıxırlar, kimlərə ağzına gələni deyirlər? Bu vəziyyətin bir sonu olacaq. Amma kimlərinsə təsiri altına düşüb, sənətimi atmaq istəmirəm. Çünki artıq püxtələşmiş bir sənətçiyəm və çörəyimi müğənni kimi peşəmdən qazanıram. Dursam ayağa, bilirəm ki, hamını yıxacam. Amma yavaş-yavaş dururam.

- Söhbət sənətdən gedir, yoxsa...

- Bəli sənət haqqında danışıram. Hazırda Gövhər Həsənzadənin Cəlal Qurbanovun sözlərinə yazdığı mükəmməl bir mahnısı üzərində çalışıram. Yaşar Baxış mahnını aranjeman edir. Mahnıya klip çəkəcəm və burada Amerikadan gətirilən bahalı avtomobillərdən istifadə ediləcək. Klipi Ülviyyə Könül çəkəcək. Bir neçə gün əvvəl Ülviyyə xanımla bu barədə danışmışam. Bir sözlə, hər işimin bir tutar nöqtəsi olacaq. Yəni "bomba" partladacam.

- Şou-biznes "rahat-hülquma" çevrilib. Nədənsə, onları yıxmaq, sındırmaq başqalarına nisbətən daha asandır.

- Bunu ancaq səviyyəsiz insanlar edirlər. Bəzi müğənnilər az oxuyub, çox pul qazanmaq istəyirlər. Pul insanları korlayır. Amma baxır kimə. Əgər bir insan körpəliyindən ailəsində pul, dolanışıq görübsə, onda hərislik baş qaldırmır. Bir də insana baxır. Məsələn, mən kasıb ailədə böyümüşəm. Sonradan özüm pul qazanmağa başladım. Yəni pulu birdən görməmişəm. Kasıblıq nədir bilmişəm. Amma pula hərisliyim olmayıb. Amma bəzi sənətçilər sənətə az oxuyub, çox qazanmaq məqsədi ilə gəliblər. Səviyyə yox, şou yox. Elə hey deyirlər "filankəsi yıxım, pul alım".

- Bu halda özünüzü hansısa bir zərbəyə əvvəlcədən hazır görə bilirsiniz?

- Mənim uşaqlarımı yıxdılar, məni yıxdılar. Amma biz Mahsun Kırmızıgülün mahnısında deyildiyi kimi "yenə ayakdayıq..." (gülür). Gül kimi uşaqlarım var. Uşağına sataşana bilirəm ki, Allah ağır cəza verir. Heç kimə, düşmənimin uşağına da pislik arzulamıram. Kaş həmin insanların işi mənimlə olardı. Amma uşaqlarımı hədəf seçdilər. Bilmirdilər məni necə yıxsınlar. Heç nə tapa bilmədilər. Sonra hansısa səviyyəsizi efirə çıxardıblar, mənim haqqımda nə isə deməyə çalışır. Qarşıma çıxan hər bir insan məni saxlayıb deyir ki, "onlar düz eləmədilər". Hər kəs özünü mənim yerimdə təsəvvür edir və bizi ləkələmək istəyənlərə bəraət qazandırmır. Onlar az oxuyub, az bilən insanlardır. Heç onlara baş qoşmaq da istəmirəm.

- Söhbət konkret olaraq, qudalarınızdan gedir, yoxsa burada hansısa sənət adamının əli var?

- Məsələdə adı keçənlərin hamısını nəzərdə tuturam. Qudalarım başda olmaqla. Həyatda özümüzə ən vacib olan cansağlığını arzu edirəm. Qadın özünə ər də tapa bilər, pul da tapa bilər. Cansağlığı olmasa, biz bunlara nail ola bilmərik.

- Ailənizin bugünkü durumu?

- Yaxşıdır. Təsir altından tamamilə çıxa bilmişik. Sadəcə, içimdə nifrət hissi qalıb. Bir də bəzi televiziyalardan incik düşdüm. Bunlar da müvəqqəti hisslərdir. Bir də məclislərə düşəndə, müşahidə edirəm ki, hamı ya televiziyadakı maqazin süjetlərindən danışır, ya da hansısa müğənnini müzakirə edir. İnsanların mənə qarşı münasibətini görür və şad oluram. Bu mənə bəsdir. Amma mən anayam. Uşaqlarıma əli ilə toxunan olarsa, nələr etmərəm. Həyatdı. Kimin başına nə gəlmir? Oğul anası ola bilər, amma qız anası heç vaxt övladlarının həyatını yıxmaz.

- Qızlarınızın boşanması ilə bağlı xəbər yayılanda, demişdiniz ki, qismət olsa, yenə ailə həyatı quracaqlar. Qapınızı bu məqsədlə döyənlər var?

- İstəyənlər var, özü də çoxdur.

- Yəqin qızlarınızın birinci uğursuz evliliyindən sonra tərəddüdləriniz çox olur?

- Əlbəttə, yüz ölçüb, bir biçmək lazımdır. Ayrılandan sonra bu günə qədər qapımızı döyənlər var. Amma tələsmirəm. Axı mən qızlarımı oxutmamışdım. Orta məktəbi bitirən kimi qapıma dirəndilər ki, "alırıq". Mən də keçə bilmədim. Amma indi belə düşünmürəm. Əvvəlcə təhsil, sonra ailə. Hazırda böyük qızım xaricdə təhsil alır. Balaca qızımın da təhsili haqqında düşünürəm. Söz vermişəm ki, ikisini də ali savadlı edəcəm. Düzdür, olaylar bizi çox üzdü. Amma atalar misalı var ki, "hər nə olur, yaxşılığa doğru olur". Bizim də qismətimiz belə idi. Allah məni çox istəyib və imtahana çəkib.

- Qızlarınızı ailə qurmadan əvvəl özünüzlə məclislərə aparır, çəkilişlərə cəlb edirdiniz. Hətta ikisindən birinin müğənniliyə həvəsinin olduğunu da eşitmişdik. Bu həvəs hələ də qalır?

- Qızlarım çox savadlıdır. Musiqi onların iliyinə işləyib. Bəlkə məndən də gözəl sənətçi ola bilərlər. Amma özləri qətiyyən bu peşəni daşımaq istəmirlər. Evdə oxuyurlar. Elə olur onların səsini lentə yazdırıram. Hərdən özləri deyirlər ki, filan mahnını yazdıraq, onlara kömək edirəm. Amma mənə bərk-bərk tapşırırlar ki, "heç yerə çıxmamalıdır". Onların səs yazılarını arxivimdə saxlayıram. Hərdən qulaq asıb, şənlənirik. Doyunca gülürük.

- Qızlarınız ailə probleminin təsirindən necə çıxa bildilər?

- Mənim kimi anaları var. Vəziyyətdən çıxmaları üçün qayğımı əsirgəmədim. İmkan vermədim fikir etsinlər. Onlar da məni həmişə özlərinə arxa bilirlər. Övladlarım ayrılandan sonra mən daha çox stress keçirdim. Özümə gələ bilmirdim. Prodüserim məni tək qoymadı, yanımda oldu. Mənə ürəkli olmağı tövsiyə etdi. Amma qızlarımın təsir altına düşməsinə imkan vermədik. Bilet alıb, xaricə istirahətə göndərdim, yaxşı-yaxşı istirahət etdilər. Hər şeyi unutdular. Bəzən həmin hadisələri mən yada salıram. Amma onlar bu barədə ümumiyyətlə fikirləşmirlər. Əgər mən dəyərsiz, işi-gücü olmayan bir qadın olsaydım, onlar vəziyyətdən belə asanlıqla çıxa bilməzdilər.

- Keçmiş həyat yoldaşları barışmaq məqsədi ilə qapınızı döyüb?

- İndiyə kimi yalvarırlar. Onlar qəti surətdə qayıtmayacaqlarını bildiriblər. Mən də buna razı olmaram...