Mediada narkomaniya ilə bağlı xəbərləri izlədikdə, yaşayış yerləri üzrə müşahidələrdən belə nəticəyə gəlmək olur ki, Azərbaycanda narkomaniya ilə bağlı durum pisləşməkdədir. Bəzi rayonlarda vəziyyət kritik həddə çatıb. Şirvan şəhərinin sakini olan gənc məzun danışır ki, valideynləri ona Şirvana qayıtmamağı, işsiz də olsa, Bakıda qalıb kirayədə yaşamağı məsləhət görürlər. Valideynləri oğulları iş tapana qədər ona yardım edəcəklərini vəd edirlər. Onlar qorxurlar ki, oğulları buraya qayıtsa, özündən asılı olmayaraq, narkomaniyanın çənginə düşəcək. Bizə danışır ki, Şirvan şəhərində hər 10 nəfərdən az qala 8 nəfəri narkomandır. Özəlliklə cənub rayonları barədə mənzərə daha tünd boyalarla təsvir olunur. Belə bir fikir dolaşır ki, heroin istifadəçiləri əsasən iri şəhərlərdə və Lənkəranda cəmləşib (64,6%). Yardımlıda bu yaxınlarda 150 hektar sahədə nə qədər çətənə kolunun toplanaraq yandırıldığı barədə məlumat verildi. Gənc qadınlar arasında uyuşdurucu istifadəçilərinin sayı artdığı göstərilir. Qeyri-rəsmi məlumatlara görə, onların sayı 5 mindir.
Narkomaniya ilə beynəlxalq mübarizə günü qeyd edilərkən mediada yer alan rəqəmlərə görə, ölkədə narkomanların sayı 23 mindir. Başqa bir rəqəmə görə onların sayı 25 min civarındadır. Qeyri-rəsmi rəqəmlərə görə isə ölkədə narkomanların sayı 300 minə yaxındır. Onların 30-35 faizini tələbələrin təşkil etdiyi barədə mülahizə var. Əgər 300 min rəqəmi gerçəyi əks etdirirsə, tələbə kontingentimizin sanballı qisminin bu fəsada yoluxduğu qənaətinə gəlmək olur. Etiraf edək ki, Azərbaycan cəmiyyəti üçün qorxulu rəqəmlərdir.
Ölkədə narkotrafikə qarşı mübarizənin xeyli canlanmasına, vaxtaşırı həbslərin aparılmasına baxmayaraq, Azərbaycanın adı hələ də Şərqdən Qərbə gedən yolda "mühüm yükboşaltma məntəqəsi" kimi xatırlanır. Qeyd edilir ki, heroinin Əfqanıstandan Rusiya və Avropaya daşınmasında ötürücü məntəqə olaraq qalır.
Bu gün ən çox istifadə olunan uyuşdurucular sırasında heroin, leqal tibbi dərmanlar, çətənə, psixotrop maddələr, həşiş, kokain göstərilir.
Hökumətin açıqlamasına görə, ölkə ərazisilə daşınan narkotik maddələrin əsas hissəsi Əfqanıstanda istehsal olunan narkotiklərdir. Onların əsas daşınma marşrutu belədir: Əfqanıstan-İran-Azərbaycan-Gürcüstan-Qərbi Avropa; Əfqanıstan-İran-Dağlıq Qarabağ-Ermənistan-Gürcüstan-Qərbi Avropa; Əfqanıstan-İran-Azərbaycan-Rusiya; Əfqanıstan-Mərkəzi Asiya-Xəzər dənizi - Azərbaycan-Gürcüstan-Qərbi Avropa.
BMT-nin gətirdiyi rəqəmə görə, Əfqanıstan ildə 9 min tona yaxın və ya bütün dünya ehtiyatlarının 93%-i həcmində tiryək istehsal edir. Amerikanın STRATFOR mərkəzinin məlumatına görə, Əfqanıstan narkotrafikinin 40%-i İran istiqamətinin payına düşür, İrandan Azərbaycana və Türkiyəyə keçir. Belə görünür, sərt cəzalar İranın öz daxilindəki narkocinayətlərə tətbiq olunur, xaricə daşınmalara isə yaşıl işıq yandırılmışdır.
Azərbaycanda narkotrafikin artması ilə yanaşı, narkocinayətlərin də sayı artır. 2009-cu ildə tiryək və heroin daxil olmaqla, bir neçə ton narkotik maddə müsadirə edilib. 2008-ci ildə 650 kq, narkotik maddə müsadirə olunub. Son illərin tendensiyası və narkocinayətlərə qarşı mübarizənin zəif olması trafikin, müsadirənin və narkotik maddədən istifadənin gələcəkdə artacağını proqnozlaşdırmağa əsas verir ("Turan").
BMT-nin narkotranzitlə bağlı hesabatına görə, "azərbaycanlılar narkotiklərin Əfqanıstandan Avropaya daşınmasında önəmli yer tuturlar". O da qeyd olunur ki, Azərbaycana ildə 11 ton heroin daxil olur, onun 4 tonu Azərbaycanda, Gürcüstanda və ümumilikdə Qafqazda istehlak olunur. Yəni dünyanın iti gözlərindən heç nə yayınmır, hansı ölkədə durumun necəliyini yaxşı bilirlər.
|