İpoteka kreditləri dayandırıla bilər
 |
Bunun olmaması üçün büdcədənkənar vəsaitlər cəlb edilməlidir
Şənbə, 03.07.2010
|
|
Güzəştli ipoteka kreditləri iyuldan etibarən dayandırılacaq. Mərkəzi Bank rəhbərliyinin son açıqlamasına görə, bu hal İpoteka Fondunun dövlət büdcəsindən ayrılan vəsaiti xərcləyib qurtarması ilə bağlıdır. Məsələ ilə bağlı MB hökumətə öz təkliflərini göndərib.
MB sədrinin müavini Avtandil Babayev bildirir ki, bu il üçün dövlət büdcəsindən sosial ipoteka layihələrini maliyyələşdirmək məqsədilə 14 milyon manat vəsait ayrılıb:
"Ötən ilin iyunundan başlayaraq bazarda əsas vəsaitlərin götürülməsilə ipotekanı həm bərpa etdik, həm də genişləndirdik. Ancaq bu mexanizmin dayanıqlı olmasından və sosial təbəqələri daha geniş əhatə etməsindən ötrü niyyətimizi bildirmişik ki, qlobal böhran vaxtı xüsusi vəsait ayırmaq yaxşı olardı".
Məlumat üçün: cari ilin büdcəsindən güzəştli ipoteka kreditlərinə 14 milyon manat vəsait nəzərdə tutulub. Güzəştli ipoteka kreditləri illik 4 faizlə, maksimum məbləğ 35 min manat olmaqla, 30 illiyə verilir. Kredit götürülərkən ilkin ödəniş 15 faiz təşkil edir.
Hazırda İpoteka Fondu iki növ ipoteka krediti həyata keçirir. Güzəştli ipoteka kreditləri büdcədən ayrılan vəsait, adi ipoteka kreditləri isə fondun yerləşdirdiyi istiqrazlardan əldə olunan gəlirlər hesabına verilir.
Təbii ki, güzəştli ipoteka kreditlərinin dayandırılması arzuolunan deyil. Nəzərə almaq lazımdır ki, güzəştli ipoteka kreditləri sosial layihədir. Prezidentin 23 yanvar 2007-ci il tarixdə təsdiq etdiyi "Güzəştli ipoteka kreditlərinin verilməsi haqqında" fərmana əsasən, güzəştli ipoteka kreditləri sosial təbəqələrə verilir. Buraya məcburi köçkünlər, şəhid ailələri, elmi dərəcəsi olanlar, hərbi qulluqçular, sərhəd qoşunlarında çalışanlar və s. sosial qruplar daxildir. Adıçəkilən qrupun yüksək faizlə kredit götürüb mənzil almaq imkanları məhduddur. Güzəştli ipoteka kreditlərinin dayandırılması Azərbaycanda həyata keçirilən sosial layihələrdən birini dayandırmaq deməkdir. İqtisadi və Sosial İnkişaf Mərkəzi mütəxəssislərinin fikrincə, güzəştli ipoteka kreditlərinin dayandırılması nə iqtisadi, nə də sosial baxımdan əsaslandırıla bilməz.
Bu doğrudur ki, dövlət büdcəsindən güzəştli ipoteka kreditləri üçün ayrılan vəsaitin həcmi məhduddur. 2009-cu ildə bu istiqamətə 14 milyon manat vəsait ayrılıb.
2010-cu ildə də həmin məbləğ nəzərdə tutulur.
İpoteka Fondunun həmin 14 milyonluq vəsaiti xərcləyib qurtarması ondan xəbər verir ki, bu qurum vəsaitlərin xərclənmə limitini müəyyənləşdirməyib, yeni mexanizmlərin tətbiqini həyata keçirməyib. Güzəştli ipoteka verilməsi üçün ayrılan vəsait 2010-cu il üçün nəzərdə tutulan vəsaitdir. O baxımdan həmin vəsaiti cari ilin birinci yarısında deyil, il ərzində xərcləmək olduqca vacibdir. Digər tərəfdən, adi ipoteka kreditlərindən fərqli olaraq güzəştli ipoteka kreditləri sosial qruplar üçün nəzərdə tutulduğundan bu kreditlərin verilməsi daha əhəmiyyətlidir.
Adi ipoteka kreditlərinin faiz dərəcələrinin 8, güzəştli ipoteka kreditlərinin faiz dərəcələri isə 4 faiz təşkil edir. Ekspertlər bildirirlər ki, güzəştli ipoteka kreditindən istifadə hüququna malik olanların adi ipoteka kreditlərindən istifadə etməsi iqtisadi baxımdan mümkün deyil. Məsələ ondadır ki, Azərbaycanda həyata keçirilən adi ipoteka kreditlərinin faiz dərəcələri olduqca yüksəkdir. Hətta qonşu Türkiyədə vətəndaşlara adi ipoteka kreditləri 4,5 faizlə verilir. Kanadada isə 2 faizdən artıq deyil. Bunları nəzərə aldıqda güzəştli ipoteka kreditləri dayandırıldıqdan sonra güzəştli ipoteka kreditindən istifadə hüququna malik olanların adi ipoteka kreditlərindən istifadə edəcəyi ağlabatan deyil.
İqtisadi və Sosial İnkişaf Mərkəzi mütəxəssisləri hesab edirlər ki, MB güzəştli ipoteka kreditlərini dayandırmaq əvəzinə bu kreditlər üçün maliyyə mənbələri tapsa, daha məqsədəuyğun olar. Onların fikrincə, əslində Mərkəzi Bankın yanındakı İpoteka Fondunun əsas fəaliyyəti ipoteka kreditlərinin verilməsində dövlət büdcəsindən asılılığın aradan qaldırılmasını təmin etməkdir.
Müqayisə üçün: Litva İpoteka Fondunun nizamnamə kapitalı 2,5 milyard dollardır. Bunun 90 faizi büdcədənkənar mənbələr hesabına formalaşır. Bu baxımdan İpoteka Fondunun büdcədənkənar mənbələr hesabına ipoteka kreditləşməsi həyata keçirməsi olduqca vacibdir. Güzəştli ipoteka kreditlərinin dayandırılması göstərir ki, sosial ipotekalar büdcənin imkanlarından asılıdır. Adi ipoteka kreditlərinin verilməsi üçün tətbiq edilən mexanizm də mərkəzin mütəxəssisləri tərəfindən qəbul edilmir.
İpoteka Fondu adi ipoteka kreditlərinin verilməsi üçün ipoteka istiqrazları yerləşdirmə hesabına maliyyə mənbələri əldə edir. Lakin iqtisadçılar bunu davamlı hesab etmirlər. İllik dərəcəsi 3 faiz təşkil edən istiqrazların yerləşdirilməsindən uzunmüddətli gəlir əldə edilməsi mümkün deyil. Güzəştli ipoteka kreditlərinin dayandırılması ilə yanaşı, yaxın vaxtlarda adi ipoteka kreditlərinin verilməsində də problemlər yaranacağı mümkündür. Ona görə də mütəxəssislər haqlı olaraq bildirirlər ki, güzəştli ipoteka kreditlərinin dayandırılması İpoteka Fondu üçün siqnal hesab olunmalıdır. Onlar məsələni belə qoyurlar ki, kreditlərin verilişinin dayanıqlı olması üçün fond büdcə və büdcədənkənar maliyyə mənbələri hesabına resursların cəlb edilməsinə cəhd göstərməlidir.
|
|
|
Oxşar xəbərlər:
Sosial ipoteka üçün 14 milyondan cəmi 2 milyon manat ayrılıb
Bazara yeni istiqrazlar buraxılacaq
Bəzi banklar ipoteka krediti limitini başa vurub
Mənzillərin ucuzlaşmasının qarşısı alınıb
Azərbaycan ipotekanı artırmaqda çətinlik çəkir
|
|
|