Azərbaycan milli komandasının gənc hücumçusu Vaqif Cavadovun Hollandiyanın "Tvente" klubunda hazırlığı yaxşı məcrada davam edir. Aldığı zədə ucbatından yarım ildir komandasının oyunlarında iştirak edə bilməyən futbolçumuz klubun heyətində yoxlama görüşlərində özünü göstərə bilib. Bu isə o deməkdir ki, "Tvente"də ona inanmağa başlayıblar. Belə ki, Vaqif komandası ilə keçirdiyi üç yoxlama matçında 5 qol vurub.
Məsələ bundadır ki, Vaqifin "Tvente"yə keçidində əsas rol oynamış keçmiş baş məşqçi Stiv Maklaren Almaniyanın "Volfsburq" klubuna keçib. Odur ki, baş məşqçi dəyişikliyindən sonra Vaqifin "Tvente"nin heyətində qalıb-qalmayacağı sual altında idi. Amma indi həmyerlimizin Hollandiya çempionunun hazırlığında aktiv iştirakı və onun yoxlama görüşlərində fərqlənməsi futbolçumuzun bu klubun heyətində möhkəmlənəcəyinə böyük ümid yaradır.
|