Mahmud Qurbanov: "Mən futboldan doymuram"
 |
"Professor" artıq məşqçiliyə başlamağı düşünür
Şənbə, 03.07.2010
|
|
Mahmud Qurbanovu müasir futbolumuzun ən tanınmış simalarından biri, ölkəmizin ən titullu futbolçusu kimi tanıyırlar. Futbolçu karyerasına 1990-cı ildə "Kəpəz"də başlayan Mahmud bu illər ərzində ayrı-ayrı komandaların heyətində 10 dəfə (mütləq rekord) ölkə çempionu olub, 5 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb. Uğurlu futbolçu karyerasına görə "professor" ləqəbini qazanan, özü haqqında "Mahmud harada, çempionluq orada" deyimini yaradan futbolçu bu gün "Ayna"nın suallarına cavab verir.
- Çempionatdan sonra yaranan fasilədə Mahmud Qurbanov necə dincəldi?
- Ailəmi götürüb xaricə üz tutdum, bir həftə Dubayda dincəldik. Təbii ki, çempionat vaxtı nəinki dincəlmək, heç ailə üzvləriylə düz-əməlli ünsiyyətdə ola bilmirsən.
- Deyilənlərə görə, bu arada sizi "Kəncə" klubuna dəvət ediblər?
- Doğrusu, bu xəbəri mən də eşitmişəm, amma bu, şayiədən başqa bir şey deyil. "Gəncə" bu ildən Azərbaycan Premyer Liqasında çıxış edəcək. Bu komanda mənə doğma olsa da, hələ bir il "Bakı"nın formasını geyəcəm.
- Bəs, ötən mövsüm şəxsən sizin üçün necə yadda qaldı?
- "Bakı" ilə Azərbaycan kubokunu qazandım. Amma son mövsümü daha çox ehtiyat oyunçular skamyasında keçirdim. Futbolda xoşlamadığım bir şey varsa, o da ehtiyatda durmaqdır.
- Bu nə ilə bağlı idi? "Bakı"da tez-tez baş verən məşqçi dəyişikliyi ilə, yoxsa?
- Ola bilər. Açığı, bizdə futbolçunun pasportuna baxmağı xoşlayırlar. Demirəm ki, 5-6 il əvvəlki səviyyədə oynayıram, amma düşünürəm ki, təcrübəli futbolçu kimi meydançada mənə hələ ehtiyac var. Məşqçilərin futbolçunun pasportuna baxmasını qəbul edə bilmirəm. Məsələn, təcrübəli futbolçunun oyunu alınmayanda, deyirlər qocalıb, cavan futbolçu oynaya bilməyəndə, deyirlər təcrübəsi çatmır.
- Artıq 37 yaşınız var. Yəqin ki, gələcəyinizi indidən düşünməmiş deyilsiz...
- Həmişə meydanda olmaq, oynamaq hər bir futbolçunun istəyidir. Şəxsən mən doymuram futboldan. Yaxşı anlayıram ki, futbolçu kimi karyeram artıq başa çatmaq üzrədir.
Eyni zamanda məşqçiliyə başlamaq da bir qədər tezdir. Məşqçi kimi çalışmaq üçün kateqoriyam yoxdur. İstəyirəm ki, qarşıdakı mövsümdə oynamaqla yanaşı, bu işin də üstünə düşüm. Artıq özüm üçün müəyyən qeydlər aparıram.
- "Bakı"da bu il üç baş məşqçi dəyişdi - Cokiça Hacıyevski, Bülənt Qorxmaz, ardınca da Cüneyt Biçər. Komanda indi də alman Vinfrid Şaferə tapşırıldı. Bu məşqçi dəyişikliyi komandaya necə təsir etdi?
- Çempionata pis başlamışdıq. İki baş məşqçi dəyişdik və Cüneyd Biçərlə birinciliyi başa vurduq. Buna baxmayaraq, məncə, nəticəmiz uğurlu sayılmalıdır. Çünki 9 ayda üç məşqçi ilə işləmək və mükafatçılar sırasına düşmək doğrudan da çətindir. Məsələn, "Neftçi"də buna oxşar proseslər getdi, amma bu komanda uğur qazana bilmədi. Amma bizim hətta çempion olmaq şansımız vardı. Deməli, baş məşqçi dəyişikliyinin komandamıza təsiri az olub. Əsas məsələ kollektivdə komanda ruhunu qoruyub saxlamaqdır.
- "Bakı"nın yeni baş məşqçisi Vinfrid Şaferin təyinatına münasibətiniz necədir?
- Almaniyada, daha sonra Afrikada ən yaxşı məşqçi seçilmək elə-belə iş deyil. Əgər Şafer nəticə göstəribsə, deməli, onun bizim komandaya da xeyri dəyər. "Bakı"nın onu baş məşqçi kimi dəvət etməsini təqdir edirəm.
- Necə bilirsiniz, Şafer "Bakı"da ilk növbədə nəyi dəyişəcək?
- Komandaya yeni gələn hər baş məşqçi ilk növbədə heyətə əl gəzdirir, özü ilə yeni oyunçular da gətirir. Şafer artıq heyəti bir neçə yeni futbolçu ilə gücləndirib. Onunla uğur qazanacağımıza inanıram.
- Mətbuatda sizin haqqınızda maraqlı bir deyim də var - "Mahmud harada, çempionluq orada". Maraqlı deyimdir. Belə çıxır ki, hansı klub çempion olmaq istəyirsə, Mahmudu heyətinə götürməlidir.
- (Gülür). Nədənsə bu deyim bu il özünü doğrultmadı, çempion ola bilmədik. Amma bu deyim özünü həmişə doğrultsaydı, əla olardı.
- Vaxtilə Azərbaycan milli yığma komandasında çıxış etmisiniz. Sizin dövrün yığması ilə indiki yığma arasında nə kimi fərqlər görürsünüz?
- Fərq ondadır ki, bizim vaxtımızda yığmada təcrübəli futbolçular üstünlük təşkil edirdi, indi meydan cavanlara verilib. Bizim dövrdə yığma üçün normal şərait yaradılmamışdı. Amma indi yığmanın xaricdə təlim-məşq toplanış keçməsi, tez-tez yoldaşlıq görüşlərində oynaması adi haldır. Buna görə də yığmadan daha yaxşı nəticə tələb etmək lazımdır.
- Dünya çempionatının oyunlarını yəqin ki, izləyirsiz? Sizcə, hansı komanda çempion olacaq?
- Bu çemionat bir daha sübut etdi ki, futbolda daha gerçək favorit yoxdur. Çoxlarının güclü hesab etdiyi yığmalar potensiallarını ortaya qoya bilmədilər. Mənə gəlincə, düşünürəm ki, Almaniya, Braziliya və İspaniyanın çempion olmaq şansı daha çoxdur.
|
|
|
Oxşar xəbərlər:
"Bakı" növbəti mərhələnin bir addımlığında
"Yaşam da eynən futbol kimidir"
"Yaşasın Azərbaycan!", "Traktor!", "Burası Təbriz!"...
Bayraq "böhrani"
İsfahanlı fanatların irqçiliyi
|
|
|