Dünyada İranın mənfi imici formalaşıb. İranın atom-nüvə proqramı və bu planın ləğvi ilə bağlı aparıcı güclərin atacağı addımlar dünyanı narahat edir. Tək Avropa və Qərb deyil, ərəb ölkələri də İranı bu gün mənfi gözdə görürlər. Məsələn, aparılmış sosial sorğu nəticəsində Misir, İordaniya və Livan başda olmaqla bir sıra ərəb dövləti İrana qarşı sanksiyaların sərtləşdirilməsini dəstəkləmiş, bu beynəlxalq "yük"dən qurtulmaq üçün hərbi güc tətbiqini də məqbul saymışlar ("Miqnyus").
"Pü" adlı araşdırma mərkəzi 22 dövlətdə 25 min respondent arasında apardığı sorğu göstərib ki, dünya İrana etibar etmir. Yalnız Türkiyə vətəndaşları İrana qarşı hərbi güc tətbiqini dəstəkləmədiklərini bildiriblər.
Sorğu keçirilmiş 22 dövlətdən 18-nin (onların çoxu müsəlman ölkələridir) vətəndaşı İran prezidenti Mahmud Əhmədinejadı qəti şəkildə bəyənmədiklərini söyləyiblər. 16 ölkənin respondentləri qeyd edirlər ki, İrandan nüvə hədəsi gəldiyi halda, ona qarşı hərbi təzyiqdən istifadə edilməlidir.
Rəyi soruşulan almanların 86, fransızların 81, ispanların 73, pakistanlıların 72, iordaniyalıların 63, indoneziyalıların 62, livanlıların 60 faizi mövcud İran rejiminə mənfi münasibət bildirir.
Rəyi soruşulan 22 ölkədən 21-nin vətəndaşı əksəriyyət etibarilə İranın atom-nüvə proqramının əleyhinədir. Yalnız Pakistan vətəndaşları buna qarşı çıxmayıb. Örnək üçün almanların 98, yaponların 96, ingilislərin 90, rusiyalıların 81, çinlilərin isə 65 faizi İrana qarşı mənfi münasibətdədir.
Müsəlman ölkələrində bu məsələyə münasibət belə olub - misirlilərin 66 faizi, livanlıların 64 faizi, türklərin 63, iordaniyalıların 53 faizi Tehran hakimiyyətinin atom bombasına qarşı çıxıb.
Rəyi soruşulan 22 ölkədən 16-nın vətəndaşı İranın atom-nüvə obyektlərinə hərbi zərbə endirilməsini məqbul sayır. Məsələn, ABŞ-da respondentlərin 66 faizi obyektlərin vurulmasını istədiyi halda, 24 faiz buna qarşı çıxış edir. Misirdə rəyi soruşulanların 55 faizi atom obyektlərinə qarşı hərbi əməliyyatları dəstəklədiyi halda, 16 faizi buna qarşı çıxır. İordaniyada bu rəqəm uyğun olaraq 53 və 20 faiz olub.
|