Bəsiclər təriflənir, əhali ələ alınır
 |
Hakimiyyət ictimai dayaqları sarıdan rahatsızdır
Şənbə, 03.07.2010
|
|
Əhmədinejad prezident olandan sonra ölkənin aztəminatlı əhalisinə yardımlar ediləcəyini vəd etmişdi. Ötən illər ərzində də vəd gerçəkləşmədi. Son zamanlar bu əhali kateqoriyası yenidən yada düşüb. İran KİV bildirir ki, "Ədalət fondu" bu kateqoriyadan olan vətəndaşlara sosial yardım paylayacaq. Sosial Müdafiə Fondunun məsulu Əlihüseyn Hüseyni bildirib ki, ölkə prezidenti "dövlətin gəlirindən hər kəsə pay" adı altında layihəni gerçəkləşdirməyə başlayıb. Onun sözlərinə görə, ilkin olaraq Tehranda 900 min vətəndaşın hər birinə 40 dollar verməklə 36 milyon dollar yardım paylayıb. Fondun məsulu deyib ki, bu layihə ölkənin başqa əyalətlərində də yürüdülür.
Xatırladaq ki, bu günlərdə İslam Respublikasının hökumət başçısı paytaxtın bələdiyyə şurası üzvləri ilə görüşdə İranın 30 ildən sonra Qərbin üzləşdiyi demoqrafik problemlə üzləşəcəyindən ehtiyat etdiklərini söyləmişdi. Prezident xatırlatmışdı ki, 40 il əvvəl amerikalılar və avropalılar ailə planlaşdırması haqda qanunu təsdiqlədi, bu gün isə həmin dövlətlərin əhalisinin çoxu yaşlaşmış təqaüdçü insanlardır.
Rəsmi rəqəmlərə əsasən, İran əhalisi 74 milyondur. Onların 60 faizini 30 yaşadək gənclər təşkil edir. Prezident isə əhalinin sayının 120 milyona çatdırılmasını istəyir. Əhmədinejadın sözlərinə görə, "hər ailədə iki uşaq" artıq aktual deyil. O, ölkəsinin bölgədə aparıcı mövqe tutmaq istədiyini vurğulayaraq, əhali sayının artmasının da bu məsələyə müsbət təsir edəcəyini söyləyib.
Doğumun artmasını təşviq etmək üçün Əhmədinejad hər ailəyə doğulan bir uşaq üçün dərhal 780 avro həvəsləndirici müavinət veriləcəyinə boyun olur.
Yerli müşahidəçilərin fikrincə, hakimiyyət bu taktika ilə ölkə vətəndaşlarını "ələ almağa" çalışır. Çünki İraqla savaş bitəndən sonrakı 22 il müddət ərzində ölkədə iqtisadi islahatlar aparılmayıb. Yəni ölkədə iqtisadi gerilikdən ciddi narazılıq var. Bundan başqa, Əhmədinejad bu addımı ilə Qərbə belə bir ismarıc vermiş olur ki, atom-nüvə proqramı ilə bağlı BMT Təhlükəsizlik Şurasının İrana qarşı qəbul etdiyi qətnamənin nəticələri "səmərə verməyib", İran öz vətəndaşının qayğısına qalmaq iqtidarındadır.
İranın ali rəhbəri Əli Xamneyinin ölkədaxili səfərləri də toplumdakı bu rahatsızlığı, narazılığı ütüləmək, müxalifəti yumşaltmaq məqsədi güdür.
Diqqət edək, bir-iki gün öncə ölkənin çeşidli universitetlərinin tələbə və müəllim bəsicləri (inqilab keşikçiləri qvardiyasının əsas kadr bazası, yarımhərbi dəstələr birliyi) ilə görüşündə Xamneyi deyib:
"İslam hərəkatı və bu hərəkatın qarşısında imperialist bloku böhranlı bir mərhələ yaşayır. Onlar arasında dağınıq və həyəcanlı bir vəziyyət mövcuddur. Bu gün ölkəmiz bir yumruqda birləşməyə ehtiyac duyur. Hətta saf niyyətlə deyilən bir söz, atılan addım, yaxud mətbuatda gedən bir yazı cəmiyyətdə ikitirəlik və parçalanmaya səbəb olursa, bu, ölkənin və islam dövlətinin mənafeyinə ziddir...".
Əli Xamneyi toplumu inandırmağa çalışır ki, hazırkı şərait cəmiyyətdə birlik və həmrəyliyi qoruyub saxlamağı, hər cür ixtilaf və hərc-mərclikdən çəkinməyi tələb edir. Xamneyi sözlərinə əlavə edib:
"İslam inqilabı xalqın arasındakı bütün qondarma sədləri məharətlə aradan qaldıra bildi və ölkəni İran xalqı üçün bir meydana çevirdi. Hazırda bəziləri bu xalqın nümayəndələri arasında yenidən yanlış və heç bir əsası olmayan sərhədlər yaratmaq niyyətindədir".
Bir sözlə, İranın dini lideri bu ölkədə plüralizmi, fikir azadlığını, sərbəst fikri məqbul saymır. Çünki bu kimi hallar onların hakimiyyətlərinə sərf etmir, hətta qorxuludur.
İran lideri 12 il öncə məktəb müəllimlərindən ibarət bəsic dəstələrinin yaradılması, bunun ölkə miqyaslı əzəmətli bir hərəkata çevrilməsini də xatırladıb. Dini lider akademik sahənin bəsic təmsilçilərini "İslam dövləti" üçün "ilahi bir nemət" adlandırır. Dini lider yarımhərbiləşdirilmiş elm və təhsil adamlarından qürur duyur:
"Əlbəttə, ölkənin imanlı və inqilabçı universitet müəllimlərinin sayı yalnız burada iştirak edənlərlə məhdudlaşmır. Ölkəmizin çeşidli ali təhsil ocaqlarında çalışan və olduqca böyük, səmərəli rola malik çoxlu sayda bəsic müəllimlərimiz var". Xamneyi ölkədə bəsic dəstələrinin təşkilini "İslam inqilabı çərçivəsində həyata keçirilmiş misilsiz bir hərəkat", "dahi və müdrik imam Xomeyninin yadigarı" adlandıraraq sözlərinə əlavə edib:
"Bəsic dəstələrinin formalaşması əslində elə inqilabın ilk günlərindən - imamın xalqa etimad göstərərək, insanları ictimai-siyasi meydanlara çəkdiyi vaxtdan başladı. Bu etimad xalqımızda özünə inam hissinin aşkara çıxmasına səbəb oldu".
Xamneyi "bəsic mədəniyyəti və qüvvələrinin islam dövləti üçün bir çox işlərdə xeyir-bərəkətlərin mənbəyi" olduğunu qeyd edərək deyib: "Bəsic dəstələri əslində ölkədə parlaq çalarla gözə çarpmayan, iddiasız, ancaq çoxşaxəli bir ordudur".
İran İslam Respublikasının lideri iyunun 26-da Buşəhr əyalətinin mərkəzində imam Əlinin doğum günü ilə bağlı yerli əhali ilə görüşündəki çıxışı da bu yöndə idi.
Yardımlara qayıdaq. Belə bir söz dolaşır ki, vətəndaşlara sosial yardım adı altında paylanan və ya paylanması planlaşdırılan bəxşişlərin hansı təbəqəyə verildiyi və ya veriləcəyi hələ tam bəlli deyil. Bu yardımların məhz bəsiclərə veriləcəyi istisna edilmir. Xamneyinin çıxışları hakimiyyətin yaxın zamanlarda üzləşəcəyi ehtimal olunan böhrana hazırlıq mahiyyəti daşıdığı açıq duyulmaqdadır. Özlərinin yarımhərbi dayağı olan bəsiclərin təriflənməsi də, görünür, buna xidmət edir.
...Ötənilki prezident seçkisinin rəsmi nəticələrinə etiraz edən dinc nümayişçilərə qarşı güc tətbiq edənlərin sırasında bəsic dəstələrinin adı daha çox hallanırdı. Elə hakimiyyətdəkilər də nümayişçilərə qarşı zorun "könüllü"lər tərəfindən törədildiyini gizlətmirdi. Onların başçısının dəyişdirilməsini bu qəbildən saymaq olar. Bəsiclər ictimaiyyətdə sürətlə nüfuzdan düşmüş, hətta onların arasında belə hakimiyyətə inamsızlıq yaranmışdır. Daxili və xarici mövqeləri laxlamış olan indiki İran rejimi isə dayaq gözündə yalnız onları görə bilir və odur ki, ünvanlarına tərif yağdırırlar.
|
|
|
Oxşar xəbərlər:
Əhmədinejada dini rəhbərdən xeyir-dua
Təbrizdə təcili görüş
Əhmədinejadın 201 yalanı
Əhmədinejad doğulan hər uşağa 780 avro boyun oldu
|
|
|