|
|
Bunun müvəqqəti uğursuzluq olduğuna inanırıq
Şənbə, 03.07.2010
Dünyaxanım CƏFƏROVA, tələbə |
mətn ölçüsü |
|
|
|
...Qarabağ savaşı göstərdi ki, Azərbaycan doğrudan da qəhrəmanlar diyarı, igidlər və cəsurlar məskənidir. İgidlər, mübarizlər, qorxmazlar, atəş ürəklilər vətənidir. Xoşbəxtlik gələndə zərif yel kimi gəlir, gəlişi də çox bilinmir. Bədbəxtlik isə tufan tək gəlir, uçura-uçura, dağıda-dağıda gəlir. Azərbaycanın yüzlərlə qəhrəman oğlu bu savaşda - arxasında dünyanın böyük güclərinin dayandığı qeyri-bərabər çarpışmada şəhid oldu. Torpaqlarımız qəsb olundu, oğullarımız, qızlarımız qurban getdi. Bizi əzdilər, lakin... Sındıra bilmədilər.
Biz sınmadıq. Bunun müvəqqəti uğursuzluq olduğuna inanırıq. Vətənimizin başı üzərində dolaşmaqda olan qara buludları qovacağımız, torpaqlarımızı yağılardan, yurdumuza və millətimizə diş qıcıyan xəbis ürəklərdən biryolluq xilas edəcəyimiz gün uzaqda deyildir. Bir gün Azərbaycan övladı "İntiqam!" deyərək ayağa qalxacaq, düşməndən oğul itirmiş anaların, ərini, sevgilisini itirmiş qız-gəlinlərmizin, atasız qalan uşaqların qisasını alacaqdır.
Ədalət deyənin əyilməz dizi,
Sizdəndir ellərin söhbəti, sözü,
Doğma Azərbaycan unutmaz sizi,
Siz torpaq uğrunda ölənlərsiniz...
Dünyanın qədim və mədəni xalqlarından olan azərbaycanlılar özünün uzaq keçmişlərdən qalma tarixi abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə həmişə fəxr etdiyi kimi, onun tarixini yaradan şəxsiyyətlərlə, vətənin azadlığı naminə canını fəda edən oğul və qızları ilə də haqlı olaraq öyünmüşdür.
Dünənimizi unutmadıq. Və bu günümüzdən fəxrlə keçib üzü sabahlara addımlayırıq. Bu günümüzün fəxarət dünyası, örnək ocağı, güvənc yeri isə müstəqilliyimiz, istiqlalımız və bunu bizə qazandıran insanlardır. Zaman-zaman xalqımızın içərisindən çıxan qəhrəman oğul və qızlar yüzlərcədir, minlərcədir. Onlar yenə olacaqlar və yenə öz sözlərini deyəcəklər.
Üstündə yaşadığımız bu torpaq əcdadımızdan bizə miras qalmış halal torpaqdır.
Kimlərinsə əlindən alınmayıb, kimlərdənsə zəbt olunmayıb. Halal bir torpağın övladları qəhrəman olmaya bilməz. Bu torpağın nankor övladlarını isə torpaq özü götürməz.
Sinəsi dağlı Qarabağ bizi qisasa çağırır. Qarabağımız dardadır, hey bizi səsləyir, bizi gözləyir, bizdən kömək diləyir. Bu torpaq yad nəfəsləri, yad dilləri qəbul edə bilmir. Bu torpaq indi doğma dildən çıxan "Vətən" kəlməsinə həsrətdir.
Bu gün mən hələ tələbəyəm. Lakin sabah mən də öz doğma vətənim uğrunda savaşlarda silah götürməyə hazıram. Bu günün savaşında silahın növləri çoxdur. Qələm də, kamera da, fotoaparat da, söz də bir silahdır. Çingiz Mustafayevi, Salatın Əsgərovanı və Alı Mustafayev kimi vətənini sevən, bu yolda həyatını itirən və Qəhrəmanlıq zirvəsinə yüksələnləri xatırlayaq. Onlar düşmənin amansız qəddarlığını, törətdikləri əməlləri yaddaşlara həkk edib gələcək nəsillərə çatdırdılar. Onlar Qarabağda ölümləri görmüşdülər, lakin ölüm təhlükəsindən qorxmadılar, çəkinmədilər. Və ölümə qalib gəldilər. Ölüm onları cismən bizdən alsa da, adları tarixlərdə, özləri ürəklərdə qaldılar. Onların getdiyi yer əbədiyyətdir, əbədiyyətə göçdülər.
İllər keçəcək, günlər gələcək, torpaqlarımızın hər qarışını geri qaytarmış olacağıq. O torpaqlarda bizim səslərimiz eşidiləcək. Bunu tarixə yazanlar isə qəhrəmanlığı, qoçaqlığı, ürəkli olmağı çingizlərdən, salatınlardan, alılardan öyrənmiş bizim nəsil olacaq.
Ana Vətənin, doğma torpaqlarımızın şərəfi yolunda canını fəda edən qəhrəmanlara eşq olsun!
|
|
|
|
|
|
|