İyulun 9-da böyük maarifçi və böyük şairimiz Seyid Əzim Şirvaninin dünyaya gəlişinin 175 illiyidir. Onu xatırlamamaq olmaz, heç olmasa ona görə ki, bu ölkədə ilk dəfə "üsuli-cədid" məktəbi açmış, cəsarətlə, ölümünü gözünün altına alaraq dini fanatizmə qarşı çıxmış, xalqını orta əsrlərin qaranlıq mühitindən qopararaq dünyanın öncül mədəniyyətinə qovuşmağa səsləmişdir.
...Şamaxıda ruhani ailəsində doğulmuş, ilk təhsilini Şamaxıda almış, 1856-cı ildə - 21 yaşında ikən İraqa yollanmış, Bağdad və Nəcəf mədrəsələrində oxumuş, oradan Dəməşqə yollanmışdır. Misirdə və Hicazda olur. İslam dünyasının bu önəmli yerlərində olması onda bir təbəddülat yaradır. Çox maraqlıdır ki, vətənə qayıtdıqda dini mənsəb barədə düşünmür, xalqını maarifləndirmək yolu tutur, ənənəvi təlim qaydasından imtina edir, öz şagirdlərinin təlimində o çağın rus məktəblərində mövcud olan təlim qaydalarını tətbiq edir. Bu yeni üsul - "üsuli-cədid" o illər Şirvanın dini çevrələrində böyük söz-söhbətlər doğurur.
Seyid Əzimin 1870-ci ildə Şamaxıda açdığı "Üsuli-cədid" məktəbində şagirdlərə türk, fars və rus dillərini tədris edir, onlara elmin digər sahələri haqqında da məlumatlar verilirdi. Bu birsinifli, iki bölməli məktəbin xərcini şagirdlər həftəlik haqq ilə ödəyirdilər.
Arxiv materiallarından gördüyümüz kimi, Bakı-Dağıstan xalq məktəbləri direksiyasının müfəttişi öz hesabatlarından birində yazırdı:
"Məktəbdə iki müəllim dərs deyir. Hacı Seyid Əzim şagirdlərlə Quranın oxunuşu və təfsiri ilə məşğuldur, onlara Mirzə Fətəli Axundovun əsərlərini, farsca "Gülüstani-İrəm" və "Bustan"ı, türkcə Füzulini oxudur, onlara ərəb dilini və ərəb riyaziyyatını öyrədir. İkinci müəllim şagirdlərə rus dili, riyaziyyat, hüsnxətt və rəsmxətti tədris edir". Qafqazda o zamanın müsəlman məktəblərinin heç birində bu qədər geniş tədris proqramı yox idi. Şagirdlərin rus dilini öyrənməyə həvəslərini, onların uğurlarını maarif müfəttişləri dəfələrlə öz hesabatlarında qeyd etmişdilər.
Gənc müəllimin müsəlman məktəbində rus dilini tədris etməsini mürtəcelər, mühafizəkarlar hiddətlə qarşılamış, bunu ruslaşdırmanın bir əlaməti kimi görmüşdülər. Onun yeni tədris üsulu, oğlu Cəfəri rus məktəbinə qoyması da Şamaxı mühafizəkarları sırasından ona çoxlu düşmənlər qazandırmışdı.
Seyid Əzimin məktəbi şəhər hakimiyyətindən heç bir yardım görməsə də, fəaliyyətini davam etdirirdi. 1887-ci ildə onun "Üsuli-cədid" məktəbində 33 şagird oxuyurdu. Ehtiyacı nəzərə alaraq, "Tac-ül-kütub" ("Kitabların tacı") adlı türkcə bir dərslik də yazmış, onun çapına çalışmış, lakin müvəffəq olmamışdı. Bununla belə, bir çox müdərrislər onun hazırladığı bu tədris vəsaitindən təlimdə istifadə edirdilər. Seyid Əzim məktəblərdə müəllimləri təlimdə əzbərçilikdən qaçmağa çağırır, şagirdlərə coğrafiya, riyaziyyat, fəlsəfəni tədris etməyi, sənət öyrətməyi vacib sayırdı.
Sonra iş elə gətirib ki, Seyid Əzim Şamaxıda dövlət məktəbinə keçmiş, ümumilikdə isə həyatının 22 ilini doğma Şamaxıda maarifə həsr etmişdir. 1886-cı ildə hökumət onu maarif sahəsindəki bu xidmətləri müqabilində gümüş medalla təltif etmişdi. Seyid Əzim 1888-ci ildə Şamaxıda dünyaya göz yummuşdur.
Seyid Əzimin ən böyük yetirmələrindən biri böyük şairimiz Sabir idi. Bu böyük şair və müəllim yaşadığı mühitin qüsurlarını amansız satirası ilə aradan qaldırmağa çalışırdı. Dövrün öndə gedən insanları ilə yazışırdı. Bu gün də öz aktuallığını itirməyən əsərləri ilə milli ədəbiyyatımızın klassiklərindən biri kimi özünə yer qazanmışdır. Lakin hər halda, o, böyük bir Müəllim olaraq tarixə köçmüşdür.
|