Azərbaycanda ümumtəhsil məktəblərinin I sinfinə uşaqların vaxtından əvvəl qəbulu proseduru dəyişdirilib. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Bildirilir ki, yeni qaydaların tətbiqi "Təhsil haqqında" qanunun tələblərindən irəli gəlir.
Qaydalara görə, ümumtəhsil məktəblərinin I sinfinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. Hər il sentyabrın 15-dən noyabrın sonunadək olan müddətdə 6 yaşı tamam olan, psixoloji cəhətdən məktəb təliminə hazırlıqlı hesab edilən və istedadı ilə fərqlənən uşaqlar da vaxtından əvvəl I sinfə qəbul oluna bilərlər. Uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələsinə bilavasitə onların valideynlərinin (digər qanuni nümayəndələrinin) müraciəti əsasında baxılır.
Yeni qaydalara görə, uşaqların vaxtından əvvəl qəbulu iki mərhələdə həyata keçiriləcək. Belə ki, əvvəllər valideynlər övladlarının I sinfə qəbulu üçün birbaşa məktəbin özünə müraciət etdikləri halda, yeni qaydalarda bu işin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Valideynlər əvvəlcə rayon və şəhər təhsil şöbələrində yaradılan Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət edəcəklər. Bu məqsədlə artıq iyulun 1-dən 31-dək hər bir rayon, şəhər təhsil şöbəsində, eyni zamanda Bakı Təhsil İdarəsində SQK fəaliyyət göstərəcək.
Həmin komissiyalar 2004-cü il sentyabrın 15-dən dekabrın 1-dək doğulan uşaqların sənədlərinin qəbulunu həyata keçirəcək. Məktəbə qəbul üçün SQK-ya valideynlərdən hər hansı birinin ərizəsi, uşaqların doğum haqqında şəhadətnaməsinin notariusda təsdiq olunmuş surəti təqdim olunmalıdır. Daha sonra isə həmin uşaqlar xüsusi mütəxəssislərdən təşkil olunmuş komissiya tərəfindən fərdi qaydada qəbul olunacaq, onların bilik səviyyəsi yoxlanacaq.
Müsbət rəy verilən uşaqların siyahısı avqustun 15-dən 25-dək Təhsil Nazirliyinə təqdim olunmalıdır. Avqustun 15-dən isə sənəd qəbulunun ikinci mərhələsi başlayacaq. Həmin mərhələdə Təhsil Nazirliyində yaradılan komissiya birinci mərhələdən keçən uşaqları fərdi qaydada qəbul edəcək. Bu zaman uşağa sadə hesablamalar aparmaq, ümumi dünyagörüşü və s. kimi bacarıqları ilə sadə suallar veriləcək. Təhsil Nazirliyinin komissiyasından müsbət rəy aldıqdan sonra uşaq valideynin seçdiyi məktəbə qəbul oluna bilər. Fitri istedadı olan uşaqları isə komissiya valideynin istəyi əsasında xüsusi təmayüllü məktəblərdə yerləşdirəcək. Nazirlikdən bildirilib ki, 5 yaşı tamam olan, bilik səviyyəsi yüksək olan uşaqların valideynləri də məktəbə qəbul üçün müraciət edə bilərlər. Bildirilib ki, yeni qaydaların tətbiqi ilə əlaqədar heç bir məktəbin sənəd qəbulunu özbaşına həyata keçirməsinə icazə verilmir.
Xatırladaq ki, indiyə qədər oktyabrın sonunadək 6 yaşı tamam olmuş uşaqlar I sinfə qəbul edilirdi. Noyabrın 1-dən sonra 6 yaşı tamam olan uşaqların məktəbə getməsi üçün isə Təhsil Nazirliyindən icazə alınırdı.
Qeyd edək ki, Təhsil Nazirliyi bu məlumatı yaysa da, qurumun əməkdaşı "Ayna"ya açıqlamasında sonradan bəzi dəqiqləşdirmələrin aparılması ilə əlaqədar tam dəqiqləşmiş və konkret məlumatın gələn həftə açıqlanacağını bildirdi. Güman edilir ki, qaydalarda bəzi təshihlər ediləcək.
|