"Avro-2" standartı qüvvəyə mindi
 |
Lakin onun real tətbiqi vaxt tələb edir
Şənbə, 03.07.2010
|
|
İdxal olunan avtomobillər üçün atmosferə atılan tullantılarla bağlı yeni ekoloji standartların iyulun 1-dən tətbiq olunacağı bildirildi. Beləliklə, "Avro-2" standartlarına cavab verməyən avtomobillərin idxalı qanunla yasaqdır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Sabiq Abdullayev deyir: "Standartlar yeni avtomobillərə və hansısa dövlətdə müəyyən dövr istismar olunub ölkəyə gətirilən avtomobillərə şamil olunacaq. Azərbaycanda daimi yaşayan fiziki şəxslər və fəaliyyət göstərən hüquqi şəxslər tərəfindən bu standartın qüvvəyə minməsindən (1 iyuldan) əvvəl alınan, ölkədə istismar olunan, ölkə ərazisindən kənara çıxarılan və sonradan yenidən gətirilən avtonəqliyyat vasitələrinə və nadir avtomobil vasitələrinə isə bu qaydalar aid edilməyəcək".
"Avro-2" standartına keçid avtomobil idxalı, eləcə də ölkə daxilində istifadə olunan avtomobillər və istehsal olunan benzinlə bağlı yeni standartın tətbiqi deməkdir. Tətbiq edilən bu standart yumşaq "Avro-2" standartı kimi xarakterizə oluna bilər. Çünki "Avro-2" standartı yalnız ölkəyə gətirilən avtomaşınlara tətbiq olunacaq. Daxildə istifadə edilən avtomobillər "Avro-2" standartına uyğunlaşdırılmayacaq. Bu gün isə ölkədəki 950 min avtomobildən 650 mini "Avro-2" standartlarına uyğun deyil. Halbuki böyük əksəriyyəti ötən əsrin 60, 70, 80-ci illərində istehsal olunan bu avtomobillər ətraf mühitə böyük ziyan vurmaqdadır.
"Avro-2" standartına uyğun olmayan maşınların istifadədən çıxarılması mümkün sayılmır. Deyilir ki, bu, kifayət qədər bahalı, xərcli layihə ola bilər. Amma Azərbaycandan əvvəl bu standartı tətbiq edən Rusiya, Qazaxıstan, Özbəkistan hətta Mərkəzi və Şərqi Avropa ölkələrində istifadə edilən və Avro-2 standartına uyğun olmayan avtomobillərin kompensasiya ödənilməsi şərti ilə əhalidən alınmasını həyata keçiriblər. Bu addım ətraf mühitə, insan sağlamlığına yönələn sərmayədir. Bizim öləkədə isə başqa yanaşma olduğunu görürük.
Təbii ki, bu tendensiya avtomobil sahiblərini düşündürməyə bilməz. Ətraf mühitin saflaşması, insan sağlamlığı baxımından yanacağın avrostandara uyğun istehsalı zəruridir. İşlənmiş qazlarda zərərli maddələrin tərkibini tənzimləyən birinci ekoloji standart - "Avro-1" Avropada 1992-ci ildən tətbiq olunub.
"Avro-2" 1995-ci ildən, "Avro-3" 1999, "Avro-4" 2005, "Avro-5" isə 2009-cu ildən tətbiq edilir. Bu illərdə avtomobillər həmin standartlara uyğun istehsal edilib. Bizdə isə əvvvəlki nəsil sovet avtomobilləri hələ yollarda tüstü buraxmaqdadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, Bakının hüdudlarından kənarda yeni neft emalı zavodu işə salındıqdan sonra ölkə "Avro-5" standartına keçə biləcək. Hesablamalara görə, belə bir zavod ən tezi 5-7 il sonra başa gələ bilər. Yəni hələ ən azı 5 il "Avro-2" standartları tətbiq ediləcək. Başqa sözlə, köhnə avtomobil sahibləri 2015-ci ilədək narahat olmaya bilərlər. Hökumət "Avro-2"dən yüksək standartlar tətbiq edə bilməyəcək, "Avro-3", 4, 5 standartına uyğun avtomobil sahibləri isə baklarını "Avro-2" benzini ilə doldurmalı olacaqlar.
Bu gün avtomobil yanacağından ayrılan qaz tullantıları atmosferi zəhərləyən əsas komponentdir. Məsələn, azot oksidi dəm qazından 10 dəfə təhlükəlidir. İşlənmiş qazların zəhərlədiyi mühitlə uzunmüddətli təmas orqanizmin zəifləməsinə, immun çatışmazlığına gətirir. Bu zəhərli qazlar bronxitə, bronxopnevmoniyaya, ağ ciyər xərçənginə, baş beyin aterosklerozuna səbəb olur. Havanın çirklənməsi ürək-damar sistemində ağrılara gətirib çıxarır.
Qonşu ölkələrin təcrübəsi
Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin rəhbəri Əkrəm Bəydəmirlinin fikrincə, Azərbaycanda şəffaf prosedur qaydalarına yetərincə əməl olunsa, qonşuların bu təcrübəsindən yararlanmaq səmərə verər. Təbii ki, bütün avtoparkı yeniləmək indiki vaxtda qəliz məsələdir. Amma bu məsələyə kompleks yanaşıb, əhatəli proqram hazırlanmalıdır".
Bəydəmirlinin sözlərinə görə, bu prosesdə korrupsiya halları ilə üzləşməmək üçün insanların daha çox maariflənməsinə ehtiyac var. Çünki avtomobil sahiblərinin məlumatsızlığından istifadə edib qanunsuz pul qazanmaq istəyənlər çox olacaq:
"İdxal olunan avtomaşınların avrostandarta uyğunluğunun yoxlanması və tələblərə cavab verməyən avtomobilləri sərhəddən ölkəyə buraxmamaq məsələsi necə tənzimlənəcək?" Suala Bəydəmirli belə cavab verir:
"Avtomobil biznesi ilə məşğul olan kəslər bilməlidir ki, standarta uyğunsuz maşınların gətirilməsi mümkün deyil. Sərhəd-keçid məntəqələrində davamlı şəffaflığın təminatı üçün reallığa uyğun mexanizmlər işlənib hazırlanmalıdır. Əks təqdirdə problemlər qaçılmazdır".
İqtisadçı ekspert Vüqar Bayramov standartın tətbiqi ilə bağlı narahatlığın olduğunu söyləyir. Çünki "Avro-2" standartının tətbiqi üçün hüquqi baza tam formalaşmayıb. Bəlli olan odur ki, ölkəyə gətirilən avtomobillər əgər işlənmişdirsə, onun "Avro-2" standartına uyğun olub-olmadığı gömrükdə yoxlanacaq. Əgər "Avro-2" standartına cavab verməsə, ölkəyə girişinə yol verilməyəcək.
Onun fikrincə, bu tip yanaşmalar bütün hallarda korrupsiyaya yol açır. "Avro-2" standartına uyğunluq yönündə icra olunan yoxlamalar subyektiv ola bilər.
Ekspert şəffaflığın təminatı baxımından avtomobillərin "Avro-2" standartına uyğunluğunun yoxlanılma prosesinə dövlət qurumları ilə yanaşı avrostandartlar üzrə ekspertlərin də cəlb olunmasını məqsədəuyğun hesab edir:
"O cümlədən, hüquqi baza tam formalaşmalıdır. "Avro-2" standartına keçid üçün əsasnamə olmadan standartın tətbiqində problemlər yarana bilər".
Benzin bahalaşa bilməz
"Avro-2" standartının tətbiqinin benzinin qiymətinə və avtomobil bazarına təsirlərinə gəlincə, mütəxəssis hesab edir ki, bu keçid ölkə daxilində benzinin bahalaşmasına gətirib çıxara bilməz.
Dövlət Neft Şirkəti iddia edir ki, bu gün istehsal olunan benzin "Avro-2" standartına uyğundur. Başqa tərəfdən, Azərbaycanın benzin ixrac etdiyi ölkələr arasında hətta "Avro-5" standartını tətbiq edənlər var. Doğrudur, ixrac edilən benzin həmin ölkədə standarta uyğunlaşdırılır, amma bütün hallarda "Avro-2"nin tətbiqi benzin xərclərinin artımına gətirib çıxarmayacaq.
Əgər "Avro-2" standartı benzinin xərcinin və ya maya dəyərinin artımına səbəb olmursa, o zaman benzinin qiymətini artırmaq yönündə hər hansı iqtisadi zəmin yaranmır. Ekspert Bayramov:
"Qiymətin qalxacağı barədə söylənənlərin iqtisadi əsası yoxdu. Bu gün Amerikada benzinin keyfiyyəti ilə bağlı tətbiq olunan standart Avropa Birliyində "Avro-6" standartına uyğun gəlir. Amerikada "Avro-6" standartına uyğun benzinin maya dəyəri 35 sent təşkil edir. Bu isə Azərbaycanda "Avro-2" standartına uyğun istehsal olunan benzinin qiymətindən aşağı qiymət deməkdir. Təbii "Avro-3" standartının tətbiqi zamanı benzinin xərc strukturunda müəyyən dəyişiklik gözlənilir. Amma bütün hallarda benzinin qiymət artımı, xərc strukturunun dəyişimi proqnozlaşdırılmır".
Bununla belə V.Bayramov "Avro-2" standartına keçidin maşın bazarına təsirsiz ötüşməyəcəyini düşünür: "Köhnə maşınların qiymətləri düşəcək. Köhnə maşınlara tələbat artmayacaq. Son illərin istehsalı olan maşınlara tələbat artacaq. Nəticədə onlar bahalaşacaq".
|
|
|
Oxşar xəbərlər:
AB benzinin keyfiyyətini yaxşılaşdırmağı tələb edir
|
|
|