Keçən illər şəhərdə küçə ticarəti ilə sərt rəftar bu anormal təzahürün əl-ayağını yığmış kimi idi. Bu ilin yay mövsümündə isə küçə ticarəti yenidən vüsət alıb. Baxmayaraq ki, küçələrdə açıq satılan bir çox məhsulları gün vurub xarab edir. Günün altında günlərlə saxlanılan məhsullar ondan istifadə edənlərin orqanizmi üçün real təhlükə yaradır. Bütün bunlar küçə ticarətinin qarşısını almağı zəruri edir.
Küçə ticarətinin qarşısının alınmasında Gigiyena və Epidemiologiya Mərkəzinin "tədbir"ləri kifayət deyil. Bunu mərkəzin şöbə müdiri İmran Abdullayev təsdiqləyir. Müdirin sözlərinə görə, bununla bağlı tədbirlər gücləndirilsə də, yerli icra hakimiyyətləri, polis orqanları işlərini gücləndirməlidir. Abdullayev qeyd etdi ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti də bununla bağlı tədbirlər görür:
"Bizim mərkəz də müəyyən edilməmiş yerlərdə ticarət aparan şəxsləri aşkar edərək müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti orqanlara müraciətlər edib. Küçə ticarətinin qarşısının alınması üçün dövlət sanitar nəzarəti orqanları tərəfindən qərarlar qəbul edilib. Bu qərarların icrası isə bütün təşkilatlar tərəfindən məcburi yerinə yetirilməlidir".
Amma... Yerinə yetirilmir. Tədbirlər kağız üzərində qalıb.
Abdullayev bizi inandırır ki, son vaxtlar ən çox su, perajki, qutab kimi məhsulların, bəzi yerlərdə dönər, kvas satışının qarşısının alınması üçün tədbirlər davam etdirilir. Abdullayev etiraf edir ki, bu məhsullar satılan əksər yerlərdə heç bir sanitariya qaydalarına riayət edilmir, satıcılar müvafiq komissiyadan keçmir və həmin ərazilərdə antisanitariya şəraiti hökm sürür. Buna üstəlik, yaxın günlərdən etibarən paytaxt küçələrində meyvə-tərəvəz və bostan məhsulları satışının çoxalacağı gözlənilir.
Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin rəhbəri Əliabbas Bağırov bu aylarda xüsusən kənd təsərrüfatı məhsulları və suların, dondurmaların küçələrdə qanunsuz ticarətin mövcudluğunu təsdiqlədi. Biz meyvə-tərəvəz və yeyinti məhsullarının küçələrdə necə gəldi satışından narahatıq, Əliabbas Bağırov isə pakistanlılardan və çinlilərdən söhbət saldı:
"Onların əksəriyyəti Çin, Pakistan vətəndaşlarıdır. Bir neçə il əvvəl bununla bağlı ciddi mübarizə apardığımız vaxt yuxarı orqanlardan göstərişlər gəldi ki, onları çox sıxmaq olmaz. Hətta bu işə Çin səfirliyi də qarışmışdı. Ona görə də dövlətlər arasındakı münasibətləri pozmamaq üçün qanunun bütün qüvvəsindən istifadə edə bilmirik" (?).
Amma pakistanlılar və çinlilər küçələrdə meyvə-tərəvəz və ərzaq məhsulları alveri etmirlər. Bizimkilərin pintiliyində pakistanlıların və ya çinlilərin nə təqsiri var.
Deyilir ki, guya Bakı şəhər Baş Polis İdarəsində paytaxtın görkəminə xələl gətirən, yol hərəkətinə maneçilik törədən, antisanitariya doğuran, səviyyəsizlik təəssüratı yaradan, ümumiyyətlə, şəhər əhalisinə əlavə problemlər yaradan qanunsuz küçə ticarətinə qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə "xüsusi tədbirlər planı" hazırlanıb. Real işlərin nə vaxtdan başlayacağı bilinmir. Başlansa da, bu şəhərdə yaşadığımızdan bilirik ki, bu kimi "tədbir"lər cəmi bir neçə gün davam edəcək. Sonra yenə küçələr ərzaq və kənd təsərrüfatı məhsullarının satıldığı sahəyə çevriləcək. Çünki ortada məmur maraqları var. Soruşmaq istərdik: polis sahə müvəkkilinin küçə ticarətini yığışdırmasına nə mane ola bilər ki?
|