Azərbaycan AŞPA-da yenə tənqidə məruz qaldı
 |
Bu tənqidlərlə razılaşmayanlar da olub
Şənbə, 26.06.2010
|
|
mətn ölçüsü |
|
|
|
Cümə axşamı AŞPA "Azərbaycanda demokratik institutların fəaliyyəti" adlı qətnamə qəbul etdi. Sənəd AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçiləri Andres Herkel (Estoniya) və Jozef Qreşin (Malta) hesabatı əsasında qəbul edilmişdir.
"Turan"ın xüsusi müxbirinin Strasburqdan verdiyi xəbərə istinadən, müzakirələrdən əvvəl çıxış edən Herkel Azərbaycanda demokratiya və insan hüquqları sahəsində vəziyyəti tənqidi qiymətləndirib. İddia edib ki, ölkədə demokratik seçkilər üçün zəruri olan siyasi şərait yoxdur. O, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırıldığını və müxalifətin mitinq keçirməsinə imkan verilmədiyini ayrıca qeyd edib. Herkel AXCP sədri Əli Kərimlinin xaricə səfər edə bilməsi üçün ona pasport verilmədiyini ölkədə siyasi iqlimi səciyyələndirən göstərici adlandırıb.
Lakin Herkelin həmkarı, maltalı Jozef Qreş mənfi hallar haqqında danışmamağı üstün tutub. Onun fikrincə, müsbət cəhətlər də var və "onların inkişaf etməsinə şərait yaratmaq lazımdır". Qreş sözlərinə əlavə edib: "Düşünürəm ki, biz Azərbaycanı nəzərdə tutduğumuz səviyyəyə qaldıracağıq".
Böyük Britaniyadan olan deputat, bir neçə dəfə Bakıda olmuş Henkok isə Azərbaycan müxalifətini tənqid etməyə başlayıb. Deputat belə bir fikir işlədib: "Müxalifətiniz pisdirsə, başqalarından şikayət etmək lazım deyil". O, məruzənin tənqidi xarakterli olması ilə razılaşmayaraq deyib ki, "Azərbaycanda demokratik sistem olmadığını iddia etmək olmaz".
Çıxış edənlərin əksəriyyəti qarşıda duran parlament seçkiləri mövzusuna toxunublar. Belə bir mülahizə səsləndirilib ki, bu seçkilər bir növ demokratiya testi olacaq. Böyük Britaniyadan olan digər deputat Uilşir deyib: "Ortaya seçkilərin keçirilməsi nöqteyi-nəzərdən ölkəyə qarşı etimad məsələsi qoyulub - nöqsanları aradan qaldırmaq lazımdır".
Finlandiyadan olan deputat Laakso qarşıda duran parlament seçkiləri zamanı AŞ-nin Azərbaycana köməyi barədə danışıb. Azərbaycanın AŞ ilə əməkdaşlığı barədə danışarkən Laakso bu ölkənin Venesiya Komissiyası ilə əvvəlcədən məsləhətləşmədən Konstitusiyaya düzəlişlər etdiyini qeyd edib. Laakso belə bir mülahizə səsləndirib: "Azərbaycanda çox mürəkkəb, dünyada analoqu olmayan Seçki Məcəlləsi mövcuddur. Bu həm maliyyə məsələlərinə, həm seçki komissiyalarının mahiyyətinə, həm qeydiyyat məsələsinə aiddir".
Portuqaliyalı deputat Mendes Bota diqqəti jurnalistlərin həbsinə, QHT-lərin fəaliyyətinə müdaxilə təmayülünə, seçki təcrübəsinə çəkib, Eynulla Fətullayevin həbsdən azad edilmə zərurətini vurğulayıb. Bu, onun fikrincə, söz azadlığı və demokratiyaya müsbət təsir edərdi.
Bota qadınların bərabərliyi məsələsinin həll edilmədiyini deyib. Bunu belə əsaslandırıb: "Bir nəfər də qadın nazir yoxdur. Hakim qadınların sayı azdır. Parlament deputatlarının cəmi 14%-i qadınlardır". O, sözlərinə əlavə edib: "Azərbaycan iki dəfə imtahanı uğursuz verib, amma üçüncü dəfə müvəffəqiyyətsizlik olmamalıdır". Deputat bütün bunlarla yanaşı məişət zorakılığına qarşı mübarizə haqqında qanunun qəbulunu müsbət qiymətləndirib.
Polşalı deputat İvinski də müxalifəti tənqidə məruz qoyaraq, onun seçkilərdə iştirak etmədiyini xatırladıb. Onun fikrincə, belə olmamalıdır. Deputat qadınların vəziyyətinə və Fətullayevin taleyinə toxunaraq, onun azad edilməli olduğunu da qeyd edib.
Fransadan olan deputat Rueye Azərbaycanda jurnalistlərin həbsi təcrübəsini tənqidə məruz qoyub.
Qəbul edilmiş qətnamədə qeyd edilir ki, Azərbaycanda noyabr parlament seçkiləri 2011-ci ilin yanvarında ölkənin Avropa Şurasına daxil olmasının 10 illiyinin qeyd ediləcəyi ərəfədə demokratiyaya sadiqlikdə daha bir sınaq olacaq: "Konstitusiyada zəmanət verilmiş hakimiyyət bölgüsü prinsipinin təcrübədə tətbiqini gücləndirmənin, xüsusən parlamentin rolunun və icra hakimiyyətinə nəzarətinin gücləndirilmə zərurəti olan bir ölkədə bu seçkilər xüsusilə əhəmiyyətlidir".
Sənəddə Azərbaycan parlament seçkilərini "tam mənada Avropa standartlarına uyğun şəkildə" keçirməyə çağırılır. Məruzə müəllifləri hesab edirlər ki, hakimiyyətə "ən yüksək siyasi səviyyədə" saxtalaşdırmaların yolverilməz olduğu haqqında ismarıc göndərilməlidir. Eyni zamanda, qətnamədə bütün siyasi partiyalar qarşıda duran seçkilərdə iştiraka çağırılır.
Ümumilikdə seçki təcrübəsinin təkmilləşdirilməsi və demokratik parlament seçkilərinin keçirilməsi üçün şərait yaradılması üzrə bir sıra konkret tövsiyələr də irəli sürülür. Xüsusən, Seçki Məcəlləsinə yenidən baxılması məqsədilə, o cümlədən seçki komissiyalarının tərkibi ilə bağlı məsələlər barədə Venesiya Komissiyası ilə əməkdaşlıq təklif olunur. Namizədlərin qeydiyyatı üçün azad və ədalətli prosesin və effektli şikayət etmək prosedurunun təmini tövsiyə olunur.
Bundan başqa, sərbəst toplaşmaq və mətbuat azadlığı hüququnun təcrübədə tam şəkildə həyata keçirilməsi yolu ilə ədalətli seçki kampaniyası üçün şərait yaradılması lazım bilinir. Sənəddə hakimiyyət müxalifət namizədlərinə və fəallarına öz kampaniyalarını - istər küçə aksiyaları, istər KİV, o cümlədən televiziya ilə çıxışları səmərəli şəkildə keçirməyə imkan verməyə çağırılır.
Bundan başqa, siyasi iqlimin yaxşılaşdırılması və əhalinin seçki prosesinə inamının möhkəmləndirilməsi üçün həm parlament daxilində, həm də onun hüdudlarından kənarda hakim çoxluq və müxalifət arasında dialoqu dərhal bərpa etmək təklif olunur.
Assambleya həmçinin jurnalistlərin həbsi təcrübəsini pisləyir və böhtana görə cinayət məsuliyyətini ləğv etməyə çağırır.
AŞPA qətnaməsində eləcə də Strasburq məhkəməsinin jurnalist Eynulla Fətullayevin həbsdən dərhal azad edilməsi haqqında qərarını icra etmək çağırışı yer alıb. Bu kontekstdə Assambleya həmçinin müvafiq olaraq 2 il 6 ay və 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş iki gənc fəal - Emin Milli və Adnan Hacızadənin taleyilə bağlı narahatlıq da ifadə edir.
|
|
|
Oxşar xəbərlər:
"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib
Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif
Azərbaycan mətbuatının neçə yaşı var?
Almaniya yığması Bakıya gəlir
Rotterdama ümidlərlə
|
|
|