Rusiyada ağır cinayətlər törətməkdə ittiham olunan Rusiya Federasiyasının vətəndaşı Namiq Qəzənfər oğlu Mehrəliyevin məhkəməsi başa çatdı.
İttihama görə, Namiq Mehrəliyev Vladivostok şəhərində birgə kommersiya fəaliyyəti ilə məşğul olduğu Elnur Zeynalovun 6 aprel 2007-ci ildə öldürülməsinin Ramiz Verdiyev tərəfindən təşkil edildiyini güman edib. Bu məqsədlə sonuncunu öldürmək niyyətilə 2007-ci ilin noyabrında Vladivostok şəhəri, Luqovaya küçəsi 34 ünvanında yerləşən "Şaşlıçnaya" kafesində tanışları Anar Hacıyev, Əziz Hacıyev, Elmar Həsənovla birlikdə cinayəti planlaşdırıb və Ramizi öldürmək planını müzakirə ediblər.
Daha sonra dəstə üzvləri Ramiz Verdiyevi izləyiblər və onu öldürmək üçün əlverişli yer seçiblər. Ötən il yanvarın 11-də Ramiz Verdiyev sürücüsü Sahib Ələsgərov və mühafizəçisi Yuri Lapin ilə birlikdə "Tural" kafesinə gəlib. Onu izləyən dəstə üzvləri Əziz Hacıyev və Anar Hacıyev birlikdə həmin ünvana gəliblər, orada maska geyiniblər və Ramiz Verdiyevin kafedən çıxmasını gözləyiblər. Ramiz Verdiyev kafedən çıxıb maşınına əyləşən zaman dəstə üzvləri onlara yaxınlaşıb və avtomat silahdan atəşə tutublar. Nəticədə Ramiz Verdiyev hadisə yerində ölüb, Sahib Ələsgərov və Yuri Lapin vaxtında xəstəxanaya çatdırıldığı üçün həkimlər hər iki yaralının həyatını xilas edə biliblər.
Qeyd edək ki, Anar Hacıyev, Əziz Hacıyev, Elmar Həsənov həbsdədirlər və RF Primorsk diyarının Vladivostok şəhərindəki İZ-25/1 saylı istintaq təcridxanasında saxlanılırlar. Onlar həmin ölkənin məhkəməsində mühakimə ediliblər.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Namiq Mehrəliyev 15 il müddətinə azadlıqdan məhrum edildi.
|