çap et  
72 faizi neft gəlirlərinə söykənən büdcəmiz...
72 faizi neft gəlirlərinə söykənən büdcəmiz...
Məvaciblərin artırılmasına isə pul ayrılmadı
Şənbə, 26.06.2010

A.Əhmədova

2010-cu ilin dövlət büdcəsinə edilən dəyişikliklərin daha çox Kür və Araz çaylarındakı daşqınların nəticələrinin aradan qaldırılmasına hədəfləndiyi bildirilsə də, tamamilə fərqli nəticəyə şahid olduq. Büdcə artımlarının cəmi 30 faizi təbii fəlakətlə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldildi. Hökumət Kür və Araz çaylarında yaranmış təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına və gələcəkdə belə halların qarşısının alınmasına 300 milyon manat ayırıb.

Əfsuslar olsun ki, büdcə müzakirələri zamanı büdcədən maaş alanlar yada düşmədi. Millət vəkillərinin dediyi kimi, əhali gözləyirdi ki, maaşlar heç olmasa 25-30 faiz artacaq. Pensiya alanlar, müəllimlər, həkimlər, polislər gözlərini buna dikmişdilər. Amma hər dəfə olduğu kimi, hökumət yenə də onları məyus etdi. Düzdür, bəzi millət vəkilləri alimlərin, elm adamlarının 150 manat məvacib almasını məqsədəuyğun hesab etmədiklərini dilə gətirdi, hətta qeyd olundu ki, Dövlət Neft Şirkətinin yeni binasının tikintisi üçün ayrılan 235 milyon manata elm işçilərinin əməkhaqlarını üç dəfə artırmaq olardı...

Məlumat üçün bildirək ki, Milli Məclis 2010-cu ilin dövlət büdcəsinə əlavə və dəyişiklikləri qəbul etdikdən sonra büdcənin gəlirləri 1 milyard 490 milyon manat, xərcləri isə 1 milyard 11 milyon manat artırıldı. Bununla da dövlət büdcəsinin gəlirləri 11 milyard 505 milyon manat, xərcləri isə 12 milyard 275 milyon manata çatdırıldı. Gəlirlərin artımının 490 milyon manatı Vergilər Nazirliyi, 1 milyard manatı isə Dövlət Neft Fondundan transfertlər hesabına formalaşdırılacaq. Əlavə gəlirlər hesabına dövlət büdcəsinin kəsiri 770 milyon manata qədər azaldılacaq. Bununla da büdcə kəsiri ÜDM-in 2,5 faizinə enəcək.

Rəsmilərin dediklərindən məlum olur ki, dövlət büdcəsi xərclərinin artırılmasına bir sıra amillər təkan verib. Bunlardan biri Kür, Araz və digər çayların daşması nəticəsində baş verən irimiqyaslı təbii fəlakət və bunun yaratdığı mənfi fəsadların, iqtisadiyyatın müxtəlif sahələrinə, əhaliyə vurduğu ziyanın aradan qaldırılmasıdır. Eyni zamanda bu kimi halların gələcəkdə təkrar olunmaması üçün kompleks tədbirlər planının həyata keçirilməsinin maliyyələşdirilməsinə ehtiyac var.

Büdcədən əlavə vəsaitin ayrılması vacib olan digər sahə Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılması və təhlükəsizliyinin təmin edilməsidir.

Maliyyə Nazirliyinin məlumatına görə, hökumətin təhlilləri nəticəsində məlum olub ki, neft sektoru üzrə hasilat proqnozunu dəyişmədən 2010-cu il dövlət və icmal büdcələri hazırlanarkən müəyyənləşdirilən neftin bir barelinin 45 dollardan 60 dollara qədər artırılması büdcə gəlirlərinin əlavə olaraq 490 milyon manat, Dövlət Neft Fondunun gəlirlərinin isə 2 milyard 700 milyon manat artmasına səbəb olacaq. Hazırda dünya bazarlarında Azərbaycan üçün münbit şərait var. Qiymətlər hökumətin təklif etdiyindən xeyli yüksəkdir və 70 dollardan bahadır. Lakin ehtiyatı unutmaq üçün hökumət büdcədə neftin qiymətini 60 dollar təklif edib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri hesab edirlər ki, 2010-cu ilin büdcə müzakirələri zamanı neftin baza qiymətinin 45 dollardan götürülməsi səhv addım idi. Ötən müddət də göstərdi ki, büdcədə neftin 1 barelinin 45 dollar nəzərdə tutulması 2010-cu ilin büdcəsinin real büdcə olmasına imkan vermir. O baxımdan büdcəyə dəyişikliklərə ehtiyac var idi. Lakin ekspertlər hesab edirlər ki, son dəyişikliklərdən sonra fonddan büdcəyə yenidən 1 milyard manat transfert olunacaq. Bu o deməkdir ki, büdcənin gəlirlərinin yarıdan çoxu Neft Fondunun transfertləri hesabına formalaşacaq. Son dəyişikliklər büdcənin Neft Fondundan asılılığını daha da artıracaq. Büdcə ilə fond arasında münasibətlər istər qanunvericilik, istər də dünyada tətbiq edilən standartlar baxımından doğru müəyyənləşdirilməyib. İqtisadçılar deyirlər ki, əgər büdcənin yarısı Neft Fondu hesabına formalaşırsa, o zaman bu qurumun statusuna yenidən baxılması olduqca vacibdir.

İqtisadçılar narahatdır...

Millət vəkili Vahid Əhmədov təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün ayrılan vəsaitin daha çox olmasını məqbul sayır. Çünki təbii fəlakət zonaları yalnız Kür-Araz bölgəsiylə əlaqələndirilməli deyil:

"Digər bölgələrdə - Quba, Xaçmaz, Şəki, Zaqatala, Şamaxı, Göyçay ərazilərində torpaq sürüşmələri olur, evlər torpaq altında qalır. Təbii fəlakətlə əlaqədar xüsusi proqram işlənib hazırlanmalı, bunun üçün maliyyə ehtiyatları təsdiq olunmalıdır".

Büdcədə proqnozların özünü doğrultmamasına toxunan deputat təklif edir ki, ya Maliyyə Nazirliyi, ya da İqtisadi İnkişaf Nazirliyi nəzdində proqnozlaşdırma institutu yaradılsın:

"Son illər neftin qiyməti ilə bağlı proqnozlar özünü doğrultmur. 2009-cu ilin büdcəsi üçün neftin qiymətini müəyyənləşdirəndə biz təklif etdik ki, aşağı rəqəm götürülsün. Amma bunu nəzərə almadılar. Eyni şey 2010-cu ildə də oldu. Nəticə göz qabağındadır".

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov hökumətin korporativ idarəetmə mədəniyyətinin inkişafına yönələn proqramlar həyata keçirməyə başlamasını labüd sayır. Bununla yanaşı, büdcə vəsaitlərinin səmərəli xərclənməsinin və bu prosesə nəzarətin vacib olduğunu qeyd edir. Ölkə üzrə daxili borcun 1 milyard 622 milyon manat olduğunu xatırladan deputat hökuməti bu borclanmanı stimullaşdırmağa çağırıb:

"Əhalinin banklarda qalan əmanətləri daxili borc kimi tanınmalıdır. Biz çalışmalıyıq ki, bu ildən həmin əmanətlər qaytarılsın. Əhalinin banklarda 4 milyard 800 milyon rublu qalıb. Bu pulun qaytarılması üçün təxminən 1,5 milyard manat tələb olunur. Bizim komitənin üzvü Əli Məsimli bununla bağlı qanun layihəsi də təqdim edib. Qoy hökumət bu məsələ ilə bağlı təkliflər versin, biz də onları müzakirə edək".

İqtisadçı ekspert Rövşən Ağayev qeyd edir ki, hökumət investisiyalara yönəldilən vəsaitlərə ehtiyacı yetərincə əsaslandırmayıb:

"Parlament büdcəyə nəzarət orqanıdır və hökumət nəinki xərcləmək istədiyi milyardları, hətta hər qəpiyi belə peşəkar səviyyədə əsaslandıraraq qanunverici orqana təqdim etməlidir. Amma biz nəyin şahidi oluruq - büdcə layihəsi müzakirədən iki saat öncə iqtisadi siyasət komitəsinə, bir gün əvvəl isə geniş müzakirə üçün millət vəkillərinə paylanır. Belə büdcə müzakirəsi olar? Bu cür formal məsləhətləşmələrdənsə hökumət son illər istifadə elədiyi "dürüstləşdirmə" üsulundan yararlana bilərdi. Həmin üsulun mahiyyəti budur ki, hökumət il ərzində parlamentlə məsləhətləşmədən xərclərin strukturunda istədiyi dəyişikliyi edir. Məsələn, 2009-cu ildə hökumət səhiyyə xərcləri ilə bağlı proqnozu 70 milyon manatadək azaldıb, büdcənin ehtiyat fondunu isə 100 milyon manat artırıb".

R.Ağayev başqa narahatlıq doğuran məqam kimi Dövlət Neft Fondunun vəsaitlərini ilin istənilən vaxtı dövlət büdcəsinə transfert etmək təcrübəsindən geniş istifadə olunduğunu önə çəkib:

"Artıq fondun maliyyəsinin büdcə gəlirlərindəki payı ilk dəfə olaraq 50 faizi ötdü. Ümumilikdə neft gəlirlərinin büdcədə payı 72 faizə çatır. Bu, Azərbaycanda qeyri-neft sektorunun nə dərəcədə bərbad durumda olmasını göstərir".

İqtisadçı hesab edir ki, büdcə xərclərinin artımı olduqca qeyri-şəffaf mühitdə baş verir. Çünki hökumətin cəmiyyət və parlament qarşısında büdcə hesabatlılığı ilə bağlı olduqca ciddi problemləri var. Məsələ ondadır ki, hökumət həyata keçirilən investisiya layihələrinin sayı və siyahısı, onların zərurəti və real təsirləri, bu cür layihələri gercəkləşdirən podratçı və subpodratçı şirkətlərlə bağlı bu günədək hər hansı təfsilatlı hesabat verməyib. Sirr deyil ki, hətta parlament üzvləri üçün belə məlumatları əldə etmək mümkünsüzdür. Cəmiyyət hökumətdən pensiyaların, təhsil və səhiyyə sahəsində çalışanların məvaciblərinin artımını gözlədiyi bir vaxtda tamam fərqli istiqamətlərə vəsait ayrılmasının şahidi oluruq.

R.Ağayevin diqqət yönəltdiyi məqamlardan biri də budur ki, hökumətin fəlakətlə bağlı xərclərin istifadə istiqamətlərinə dair mövqeyi tamamilə qeyri-müəyyən qalıb:

"Halbuki 300 milyon manatın hansı nisbətlə infrastrukturun bərpasına və əhaliyə dəyən ziyanla bağlı müxtəlif kompensasiyaların ödənilməsinə yönəldiləcəyinə hökumət layihəyə dair izahatda aydınlıq gətirməli, həmin məbləğin necə hesablandığını dəqiq arqumentləşdirməli idi".