Marina Coqoşvili: "Azərbaycanda mədəniyyətə böyük hörmət bəsləyirlər"
 |
Ötən həftəyə Gürcüstan Mədəniyyət Günləri möhür vurdu
Şənbə, 26.06.2010
|
|
Ötən həftə paytaxtın mədəni həyatına Gürcüstan Mədəniyyət Günləri öz möhrünü vurdu. Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın beşinci Protokoluna əsasən, iyunun 21-24-də Azərbaycanda Gürcüstan mədəniyyəti üzrə Altkomissiyasının ikinci iclası keçirildi. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbəlfəs Qarayev Gürcüstanın mədəniyyət, abidələrin mühafizəsi və idman nazirinin müavini Marina Coqoşvili başda olmaqla qonaqları salamladı. Nazir dedi:
"Biz ölkələrimizin siyasi inteqrasiyasını və dövlət başçılarımızın gözəl münasibətini nəzərə alaraq, beynəlxalq mədəni əlaqələrimizin genişlənməsinə təkan verməliyik. Gələcəkdə bu mədəniyyət günlərini həm paytaxtda, həm də regionlarda keçirmək nəzərdə tutulur. Gələn ilin aprel ayında mədəniyyət nazirlikləri arası dialoq keçiriləcək və bu forumda sizlərin iştirakını da arzu edirik".
Öz növbəsində Marina Coqoşvili dedi:
"Mən bütün heyətimiz adından Bakıda olmağımızdın dolayı böyük məmnuniyyət hissi keçirdiyimizi bildirirəm. Azərbaycanda mədəniyyətə böyük hörmət bəsləyirlər və bundan irəli gələrək biz dolğun bir proqram hazırladıq. Həmin proqrama Rustaveli teatrı və Gürcüstan Dövlət Akademik Rəqs Ansamblı da daxildir. Həm azərbaycanlıların, həm də gürcüstanlıların cazı çox sevdiklərini nəzərə alaraq, Azərbaycana caz ustalarımızla təşrif buyurduq. Biz də öz növbəmizdə gələcəkdə mədəniyyət əlaqələrimizin genişlənməsi üçün əlimizdən gələni edəcəyik".
İyunun 22-də Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi salonunda Gürcüstan Mədəniyyət Günləri çərçivəsində qonşu ölkənin tanınmış rəssamı Rusudan Petriaşvilinin sərgisinin açılışı oldu. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açılış mərasimində çıxış edərək Azərbaycanda Gürcüstan Mədəniyyət Günlərinin keçirilməsini yüksək qiymətləndirdi. Nazir müavini bildirdi ki, ötən il Gürcüstanda keçirilən Azərbaycan Mədəniyyət Günləri də bu cür maraqla qarşılandı. Gürcü stanın mədəniyyət, abidələrin mühafizəsi və idman nazirinin müavini Marina Coqoşvili öz növbəsində Azərbaycanla qarşılıqlı əməkdaşlıqdan məmnunluğu dilə gətirdi.
Rəssam Rusudan Petriaşvili Azərbaycan izləyicilərinə ilk dəfə təqdim olunurdu. Rusudan xanım dedi:
"Bu mənim Azərbaycanda ilk sərgimdir. Bir neçə gün əvvəl Parisdən qayıtmışam. Orada mənim yaradıcılıq sərgim keçirildi. Bu sərgidə isə mənim 40-a qədər əl işim nümayiş etdirilir. Bu yaradıcılıq nümunələri bu zamana kimi heç yerdə sərgilənməyib. Bu əsərlərin ilk tamaşaçısı çox sevdiyim Azərbaycan sənətsevərləridir".
Sərgidə nümayiş olunan bu əsərlər kağız, ipək və kətan üzərində hazırlanıb. Rusudan Petriaşvilinin bu zamana kimi Vyana, Budapeşt, Madrid, London, Moskva, ABŞ və İsveçrədə sərgiləri təşkil olunub. Sərgiyə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də baxıb və müəllifi təbrik edib.
Gürcüstan Mədəniyyət Günləri çərçivəsində bu ölkənin mədəniyyət və incəsənət xadimləri maraqlı proqramla çıxış etdilər. Mədəniyyət Günləri iyunun 24-dək davam etdi.
|
|
|
Oxşar xəbərlər:
Moskvada Azərbaycan Mədəniyyəti günləri başa çatıb
Nizami Cəfərov: ""Mədəniyyət haqqında" qanunda əsaslı düzəlişlər ediləcək"
Gürcüstan NATO kodifikasiya sisteminə qoşulur
AŞ PA payız sessiyası başlayır
Gürcüstandan Azərbaycana yaradıcı təklif
|
|
|