Azərbaycan Dövlət Filarmoniyasında əməkdar incəsənət xadimi Baba Vəziroğlunun yaradıcılıq gecəsi keçirildi. Aparıcıların təqdimatından sonra qonaqları salamlayan şairin nitqindən sonra səhnəyə millət vəkili Fəttah Heydərov çıxıb və səbəbkar haqqında danışıb. Tədbirin keçirilməsini məqsədəuyğun bilən millət vəkili müəllifin təkcə Kamal müəllimin musiqisinə yazdığı "Xalq Heydər söyləyəcək" mahnısının onun yaradıcılıq tarixində mühüm yerlərdən birini tutduğunu və digər musiqili əsərləri ilə birlikdə uzunömürlü olacağından danışdı:
"Baba Vəziroğlu yaradıcılığı çoxşaxəlidir. Böyük ürəyə sahib olan şairin qələmindən bir-birindən fərqli incilər tökülür. Onun bu gecəsini bayrama bənzətmək olar".
F.Heydərovun həmkarı Novruz Aslan isə şairin həm yaradıcılığından, həm də onunla olan yaxın dostluq münasibətindən danışdı. Dostluqdan danışanlardan xalq artistləri Mübariz Tağıyev, Yalçın Rzazadə və Faiq Sücəddinov da oldular. Onlar daha sonra B.Vəziroğlunun sözlərinə yazılan mahnıları səsləndirdilər. Faiq Sücəddinov yeni bəstəni royalın müşayiəti ilə özü ifa etdi. Səhnəni eyni zamanda xalq artistləri Flora Kərimova, Brilyant Dadaşova, əməkdar artistlər Tünzalə Ağayeva, Elza Seyidcahan, Ədalət Şükürov, müğənnilər Rəqsanə, Aysel Teymurzadə, Lalə Məmmədova, Günel Məhərrəmova, Zamiq, Elnur, Ayan, Elnarə Abdullayeva və başqaları paylaşdılar. Musiqili tədbir gecə saatlarına qədər davam edib.
Xatırladaq ki, yaradıcılıq gecəsi filarmoniyanın yay zalında təşkil edilmişdi. Gecədə gözləniləndən də artıq tamaşaçı izdihamı yaşanmışdı. Konsert təşkilatçılarının müdaxiləsindən sonra tamaşaçılar üçün səhnəyə əlavə oturacaqlar gətirilib.
|