Bu ilin mayında ölkənin mərkəzi rayonlarında baş vermiş daşqınlarla əlaqədar vətəndaş cəmiyyəti tərəfindən yaradılmış "Kür" qeyri-hökumət qərargahı bu gün daşqının səbəblərini və nəticələrini müzakirə edib. Daşqının ekoloji xarakter daşıdığını bildirən hökumətdən fərqli olaraq, QHT əsas səbəb kimi su təsərrüfatının pis idarə olunmasını göstərir. Vətəndaş sektoru su təsərrüfatının idarə olunması üçün ayrılan və taleyi qaranlıq qalan vəsait barədə məlumata əsaslanır.
"Son beş ildə irriqasiya, bəndlərin möhkəmləndirilməsi, Kürün mənsəbinin, kollektorların təmizlənməsi və digər işlərə görə 980 mln. manat ayrılıb". Bunu İqtisadi Araşdırmalar Mərkəzinin sədri Qubad İbadoğlu fəlakətin iqtisadi aspektlərinə dair əsas məruzə ilə çıxışında bildirib.
Vətəndaş cəmiyyətinin fəalları hesab edirlər ki, həmin vəsaitin böyük hissəsi mənimsənilib. Bu da daşqına səbəb olub. Nəticədə 50 mindən 110 minədək ha torpaq, 30 minə yaxın ev su altında qalıb.
Rəsmi məlumatlara görə, subasma zonasında ölkənin bütün tərəvəzinin 34 faizi (ümumi istehsal 400 min tondur) istehsal olunur. Bu il məhsul itkisindən dəyən zərər 30 mln. manat təşkil edəcək. Hökumət daşqının nəticələrinin aradan qaldırılması üçün nə qədər vəsait xərcləndiyini və nə qədər lazım olduğunu açıqlamır. İbadoğlunun sözlərinə görə, büdcədən bu məqsədlə 300 mln. manatın ayrılması planlaşdırılıb. İclas iştirakçıları su basmış kəndlərin susuz zonaya köçürülməsi haqqında hökumətin qərarını tənqid edən deputat Pənah Hüseyni dəstəkləyiblər. "Yerli əhali üçün çay həyat deməkdir. Hökumət onları yüz kilometr çölə köçürməklə ölümə məhkum edir", - o bildirib.
Deputat daşqın probleminin aktuallaşmasında QHT-nin rolunu yüksək qiymətləndirib. "Hələ heç zaman vətəndaş sektoru belə qətiyyətlə çıxış etməmişdi. Bu, fəlakət zonasının əhalisi üçün ciddi dəstəkdir", - deyə Pənah Hüseyn bildirib.
İclas zamanı hökumət üzvlərinin dünən Sabirabadda magistral yolu bağlayan daşqın zonasının nümayəndələri ilə görüşü barədə məlumat əldə olunub. "Kür" qərargahı əhalinin tələblərinin dəstəklənməsi barədə bəyanat qəbul edib. Sənəddə hökumətin bu sahədə apardığı işlərin qeyri-şəffaflığı pislənir, subasma zonasının bərpası və gələcəkdə mümkün təhlükələrin aradan qaldırılması planları ilə bağlı vətəndaş cəmiyyəti ilə dialoqa başlamağa çağırış səslənir.
|