Vaxtilə avtobus marşrutlarının sayının azlığından şikayətlənən paytaxt sakinləri bu gün, əksinə, başqa problemlə üzləşiblər. Eyni istiqamətə müxtəlif saylı avtobuslar hərəkət edir. Bəzi saatlarda sərnişin qıtlığı problemi yaşandıqda isə həmin avtobus sürücüləri arasındakı dava-dalaşın şahidi olanlar yəqin ki, çoxdur. Ən qorxulusu isə odur ki, bəzən sürücülər bir-biriləri ilə yarışa çıxırlar. Sərnişinlərin "ay balam, kartof-soğan daşımırsınız" kimi iradına məhəl qoyan olmur. Əsas odur ki, o biri avtobusdan irəli keçsin və bir-iki sərnişin artıq götürsün.
Nəqliyyat Nazirliyində, nəhayət, bu qərara gəliblər ki, indi paytaxtda bir-birini təkrar edən, dolanbac yollardan keçən, sərnişini mənzil başına böyük vaxt itkisi ilə çatdıran, metro ağızlarında "yapışıb qalan" marşrutlar həddən artıqdır və bu, əhalini çaşdırmaqla bərabər, həm dayanacaqlarda, həm də yollarda tıxacların yaranmasının əsas səbəbidir. (Yaxşı ki, gec də olsa, bunu dərk ediblər). Yəni bizlər adət etdiyimiz marşrut avtobusunu bir gün tapmayanda narahat olmayaq. Biləcəyik ki, bu marşrut Nəqliyyat Nazirliyinin optimallaşdırma tədbirinin "qurbanı" olub.
Sayı çox olan marşrutlar həm çaşdırıcı, həm də bir-birinə mane olur. Bu marşrutların sayının azaldılacağı, amma avtobusların sayının çoxalacağı vəd olunur. Haqqında çoxdan söhbət gedən paytaxt ictimai nəqliyyat sisteminin optimallaşdırma planı hazırdır və yaxın günlərdə tətbiqinə başlanacaq. Hər halda, belə deyilir. Yəni marşrutlar çox olmayacaq, əhali biləcək ki, hansı avtobusdan daimi istifadə etsin. Digər tərəfdən, şəhərdə tıxaclar azalacaq.
Belə görünür, yeni marşrut icad etmək istəyənlər və ya marşruta əlavə avtobus buraxmaq istəyənlər isə bir qədər gözləməli olacaqlar. Paytaxtda marşrut avtobusların çoxluğundan narahat olan Nəqliyyat Nazirliyi onların sayını azaltmaq qərarına gəlib. Deyilir ki, optimallaşdırma planının əsas məqsədi - keyfiyyətli nəqliyyat sistemi yaratmaqdır.
Bundan başqa, avtobus dayanacaqlarında da dəyişiklik etmək planlaşdırılır. İlk növbədə dayanacaqlar yol kənarında yox, bir az kənarda qurulacaq, yəni yolun kənarında cibliklər yaradılacaq.
Təbii ki, dayanacaqların cibliklərdə yaradılması mütləq vacib şərtdir. Çünki avtobusların iş təhlükəsizliyinin təmin olunmasına, yəni sərnişinlərin minib-düşmə rahatlığının təmini, eyni zamanda, avtobus dayanarkən yolun intensivliyinin azalmaması üçün bu cibliklər vacibdir.
Dayanacaqlarda quraşdırılması nəzərdə tutulan elektron tablolar isə daha bir yenilik kimi vəd olunur. Bu reallaşsa, hövsələsiz sərnişinlərin ən çox diqqət ayırdığı yer olacaq. Tabloda avtobusun baxılan anda harda olduğu vizual şəkildə görünəcək, onun dayanacağa nə vaxt çatacağı dəqiq bilinəcək. Eynilə Qərb şəhərlərində olduğu kimi. Nəqliyyat Nazirliyində hesab edirlər ki, avtobusların dəqiq qrafikə düşməsi dayanacaqlarda vaxt itirmək istəməyənlər üçün əməlli-başlı rahatlıq olacaq...
|