Kəndlərin köçürülməsi planına zidd olaraq ötən gün kütləvi etiraz aksiyası keçirən Sabirabad rayonunun su basmış kəndlərinin nümayəndələri iyunun 25-də fövqəladə hallar naziri Kəmaləddin Heydərov ilə görüşüblər.
Görüş Sabirabad rayonunda təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə qərargahda keçirilib.
Görüş iştirakçısı, Əsgərbəyli kənd sakini İlham Əmiraslanov "Turan"a bildirib ki, yerli əhalinin öz doğma yerlərini tərk etməmək istəyi nazirin diqqətinə çatdırılıb.
"Bizi kəndlərimizdən 30 kilometr aralıda Zəngənə adlanan yerdə yeni qəsəbə salıb ora köçürmək istəyirdilər, lakin biz bunu istəmirik", - deyə Əmiraslanov deyib.
Onun sözlərinə görə, Heydərov yerli sakinləri dinləyib və qısa fasilə elan edib. Baş nazir Artur Rəsizadə ilə danışıqlar aparan Heydərov bildirib ki, əhali öz doğma kəndlərinə qayıda bilər. Onların dağılmış və ziyan dəymiş evləri bərpa olunacaq, adamlara kompensasiya veriləcək.
Əmiraslanovun sözlərinə görə, söhbət 1000 evi və 5 min əhalisi olan üç kənddən gedir. Evlərin təxminən 2/3-si dağılıb və ya ziyan dəyib. Kəndlərin sakinləri müvəqqəti olaraq Sabirabad şəhərindəki məktəblərdə yerləşdirilib. Əmiraslanovun sözlərinə görə, əhalinin qayıtması hələlik mümkün deyil.
O qeyd edib ki, iyunun 29 və 30-da FHN rəhbəri ilə daha bir görüş keçiriləcək. Görüş zamanı evlərin bərpa olunma müddəti dəqiqləşdiriləcək.
Əmiraslanov deyib ki, dünənki aksiyanın səbəbi min adamın gələcək taleyinin qeyri-müəyyən olması ilə əlaqədar idi. Ona görə də onlar magistral yolu bağlayaraq hökumət nümayəndələri ilə görüş tələb ediblər.
|