İyunun 14-də Qusar rayonunda yerləşən hərbi hissənin əsgəri Cabir Novruzov qarovulda olarkən öz xidməti silahı ilə açdığı atəşdən keçinib. Bu barədə "MilAz" İnformasiya Agentliyinə hərbi mənbələrdən məlumat verilib. Məlumata görə, 1991-ci il təvəllüdlü Cabir Novruzov 2009-cu ilin oktyabrında Yardımlı rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev məlumatı təsdiqləyərək bildirib ki, hadisə C.Novruzovun silahla ehtiyatsız davranması nəticəsində baş verib. Hadisə ilə əlaqədar Hərbi Prokurorluqda cinayət işi açılıb, araşdırma aparılır.
İyunun 17-də isə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun işğal altındakı Qaraxanbəyli kəndi ərazisindəki mövqelərindən Azərbaycan ordusunun Alxanlı kəndi ərazisindəki mövqelərini atəşə tutması nəticəsində Milli Ordumuzun əsgəri - Şəki rayon sakini Yusifov Xan Əsgər oğlu şəhid olub.
Dünən Müdafiə Nazirliyi Azərbaycan ordusunun "N" saylı hərbi hissəsində atışma baş verməsi, nəticədə 7 hərbçinin həlak olması barədə məlumatları təkzib edib. Nazirliyin mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlunun dediklərinə görə, "Bizim Yol" qəzetinin 18 iyun tarixli sayında "Hərbçilər arasındakı atışmada 7 nəfər ölüb" başlıqlı yazıdakı məlumatlar şayiədən başqa bir şey deyil.
"Necə mümkündür ki, bu miqyasda hadisə baş versin və Müdafiə Nazirliyi konkret münasibət bildirməsin. Biz bunu təxribat kimi qiymətləndiririk. Təkzib etməyimizə baxmayaraq, öz bildiklərini ediblər. Bu cür dəqiqləşdirilməmiş yalan və təxribatçı fikirləri qəzet səhifələrinə çıxararkən onun məsuliyyətini də dərk etməlidirlər. 7 nəfər kimdir, onları kim öldürüb və bunu nə üçün edib, səbəbini göstərsinlər. Uydurma məlumatlarla Azərbaycan ordusu haqqında mənfi fikirlər aşılamaq heç bir əndazəyə uyğun gəlmir və qəzetin manşetə çıxardığı əsassız açıqlamasına görə, sadəcə, təəssüf edirik", - deyə açıqlamada bildirilir.
"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə, 2010-cu ilin ötən dövründə Azərbaycan Silahlı Qüvvələrində itkilərin sayı 45 nəfərə yaxındır. Bu, ötən 7 ilin müvafiq dövrləri ilə müqayisədə ən böyük göstərici hesab edilir.
Yeri gəlmişkən, Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan silahlı qüvvələri cəbhə xəttində itki veriblər. APA-nın "News.am" saytına istinadən yaydığı məlumata görə, həlak olan hərbçi sıravi Anuşavan Kirakosyandır. Düşmən əsgəri iyunun 16-da baş vermiş atışmada öldürülüb.
|