Azərbaycanın ali məktəblərində təhsil alan 500-dək məcburi köçkün tələbə dünyanın ayrı-ayrı ölkələrinin parlamentlərinə, dünyanın tanınmış universitetlərinə, beynəlxalq təşkilatlara, tələbə birliklərinə müraciət edib. Bu barədə məlumatı Parlament Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı verib. Onun sözlərinə görə, azərbaycanlı məcburi köçkün tələbələr Bakı Dövlət Universiteti, Parlament Jurnalistləri Birliyi və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə hazırlanıb.
Sənədi imzalayan tələbələr bildirirlər ki, onlar XXI əsrdə yaşasalar da, feodal dövrünə aid edilə biləcək problemlə üzləşiblər: "İyirmi ildən artıqdır öz evimizə gedə bilmirik. Yaşadığımız yerləri yalnız valideynlərimizin sözlərinə görə xatırlayırıq. Ulu valideynlərimizin, əzizlərimizin qəbirlərini ziyarət etmək imkanımız yoxdur. Bir sözlə, XXI əsrdə yaşasaq da, öz evimizə gedə bilmirik. Səbəbini bilirsinizmi?" Müraciət sahibləri bunun səbəbi kimi Ermənistanın Azərbaycan torpaqlarının 20 faiz ərazisini işğal etməsini göstəriblər.
Doğma yurdlarından uzaq düşmüş tələbələr "Nə edək?" sualı ilə beynəlxalq təşkilatlara müraciət edərək çıxış yollarından biri kimi müharibəni göstərirlər. "Kütləvi insan qırğını ilə müşayiət olunacaq belə dəhşətlər indiki zamanda niyə olmalıdır? Niyə Ermənistan bizim dünyamızı fəlakətə sürükləyir? Axı evimizə getmək bizim haqqımızdır".
20 iyun Beynəlxalq Qaçqınlar Günü ərəfəsində beynəlxalq təşkilatlara müraciət edən gənclər bu hüququn təminatında həmin qurumlardan kömək istəyirlər.
|