çap et  
İrana qarşı antidempinq tətbiq olunub
Daha başqasının bazarına təzə nırx qoya bilməyəcək
Şənbə, 19.06.2010

S.Sədrəddin

Dempinqin nə anlam daşıdığını bilənlər bilir. Bilməyənlər üçün mənası təxminən belədir - qəsdən ucuzlaşdırılmış ixracat mallarının xarici bazarda daxili bazara nisbətən öz dəyərindən ucuz qiymətə satılması; bu zaman çox vaxt qiymətlər istehsal xərclərindən aşağı qiymətlərlə müəyyən edilir; rəqabət məqsədi ilə onlardan xarici bazarlarda taktik vəsait kimi istifadə olunur.

Bəlli olub ki, İran xarici bazarlarda özünə yer etmək üçün son illər dempinqdən istifadə edirmiş. Dünya isə hərif deyil. Odur ki, ölçü götürülməsi özünü çox gözlətməyib. Yəni dempinqə qarşı antidempinq.

Avropa komissiyası İran və Birləşmiş Ərəb Əmirliyindən ixrac olunan polietilentereftalata müvəqqəti olaraq antidempinq tətbiq edib. İlkin mərhələdə bu tədbir 6 ay gerçəkləşdiriləcək. Bu qərara əsasən, iranlı istehsalçılar bundan sonra 28,6 faiz antidempinq tarifi ödəyəcək, əmirlikdən olan tacirlərin ödədiyi vergi 6,6 faiz artacaq.

2006-cı ildə İrandan BƏƏ-yə 11 min tondan 33 min tonadək, 2007-ci ildə 133 min ton, 2008-ci ildə isə artıq 212 min ton polimer idxal olunub. İstehsal bazarında bu, 0,4 faizdən 7,1 faizədək artıb. Məhsulun qiyməti isə 1033 avrodan 874 avroya qədər ucuzlaşıb. Bu dempinqin nəticəsində Avropa Birliyində uyğun məhsul istehsal edən zavodların gücü 83 faizdən 69 faizədək azalıb.