Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçirilib. APA-nın məlumatına görə, görüş Konstantinov sarayının zallarından birində olmuşdur. Rusiya Federasiyası prezidenti Dmitri Medvedyev bu görüşün bənzər formatda keçirilən sayca altıncı görüş olduğunu xatırlatmışdır:
"Bu artıq bizim altıncı görüşümüzdür, artıq altı dəfə bu formatda görüş keçirmişik, məncə, bu az rəqəm deyil", - deyə Rusiya dövlət başçısı vurğulamışdır.
Prezidentlər jurnalistlərin yanında hava barədə fikir mübadiləsi aparıblar. Dmitri Medvedyev təəssüflə qeyd edib ki, yay olmasına baxmayaraq, Sankt-Peterburqda havalar o qədər də isti deyil: "İlin bu dövründə nədənsə havalar soyumağa başlayır. Ötən ay həm Moskvada, həm də Piterdə anomal istilər vardı", - deyə gileylənmişdir.
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan rusiyalı həmkarları Dmitri Medvedyevlə söhbətdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları Madrid prinsipləri əsasında davam etdirməyə hazır olduqlarını bildiriblər. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Natalya Timakova prezidentlərin iyunun 17-də Sankt-Peterburqda keçirilmiş görüşündən sonra məlumat verir.
Natalya Timakovanın sözlərinə görə, görüşdə nizamlanmanın əsas prinsipləri üzrə bəzi mübahisəli məsələlərdə tərəflərin mövqelərinin yaxınlaşdığı qeyd olunub:
"Üçtərəfli görüşdə Dağlıq Qarabağ münaqişəsinin çözülmə variantlarına baxılıb. Azərbaycan və Ermənistan prezidentləri Minsk Qrupu çərçivəsində, ABŞ, Rusiya və Fransanın vasitəçiliyi ilə Madrid sənədi üzərində işin başa çatdırılmasına yönəlmiş dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər".
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçirilən görüşünü konstruktiv və faydalı adlandırıb.
APA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, Ermənistan XİN başçısı görüşün yekunlarına dair keçirdiyi brifinqdə bildirib ki, tərəflər bu günə qədər keçirilən görüşlər nəticəsində əldə olunmuş razılıqları fiksasiya edib və məhz bunun əsasında danışıqları davam etdirmək barədə razılığa gəliblər. O həmçinin bildirib ki, prezidentlər XİN başçılarına əlaqələri davam etdirməyi tapşırıblar.
Daha sonra prezident İlham Əliyev Sankt-Peterburqda onun üçün ayrılmış iqamətgahda ATƏT Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kasprşiki qəbul edib. "AzərTac" dövlət agentliyinin məlumatına görə, görüşdə Ermənistanla Azərbaycan arasında mövcud Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Belə görünür, əvvəlcədən proqnozlaşdırıldığı kimi, prezidentlərin Sankt-Peterburq görüşü də sıradan bir görüş olmuşdur. Prezidentlərin görüşündən sonra hər hansı bəyanatın verilmədiyini siyasi müşahidəçilər buna dəlil göstərirlər. Hətta bir həftə əvvəl prezident İlham Əliyev belə görüşlərin mənasız olduğunu söyləmişdi ("Turan").
Ekspertlərin bu üçtərəfli görüşdə prezidentlər arasında söhbətin nizamlanmaya dair Madrid prinsiplərinin yenilənmiş variantından getdiyinə şübhələri yoxdur. Bu prinsiplər nizamlanmanın mərhələli variantını (Qarabağ ətrafında beş rayonun azad edilməsi, qaçqınların qayıtması, kommunikasiyanın bərpası, düşmənçilik təbliğatına son qoyulması və s.) nəzərdə tutur. Sonrakı mərhələdə Qarabağın statusu haqqında referendumun keçirilməsi nəzərdə tutulur.
Azərbaycan bu prinsipləri qəbul etdiyini bildirib. Ermənistan isə öz münasibətini bildirməyib. Belə güman etməyə əsas var ki, Yerevan Rusiyanın təsiri altında susur. Bunun izahı belədir ki, Rusiya Qarabağ münaqişəsindən Azərbaycana təzyiq metodu kimi istifadədə davam etməkdədir.
|