Oqtay Əsədov: "Vaxtında siz oğurluq etmisiz"
 |
Pənah Hüseyn: "İndi də siz edirsiniz"
Şənbə, 19.06.2010
|
|
Dünən parlament 2010-cu il dövlət büdcəsinə dəyişiklikləri müzakirə etdi. Büdcəyə nəzərdə tutulan əlavələr haqqında maliyyə naziri Samir Şərifov deputatlara məlumat verərkən dedi ki, dünya bazarlarındakı vəziyyətə baxmayaraq, Azərbaycan hökuməti məsələyə daha mühafizəkar yanaşmaq qərarına gəlib. Və neftin 1 barrelinin satış qiymətinin 60 ABŞ dolları civarında dəyərləndirilməsini qərara alıb. Nazirin dediyinə görə, büdcə gəlirlərinin 15 faiz (1 milyard 490 milyon manat), xərclərin isə 9 faiz (1 milyard 11 milyon manat) artırılması nəzərdə tutulur. Bununla da büdcə gəlirləri 11,5 milyard manata, xərcləri isə 12,3 milyard manata çatacaq.
Samir Şərifov bildirdi ki, layihəyə görə, büdcə kəsiri 478 milyon manat azaldılacaq, gəlir artımının 490 milyon manatı Vergilər Nazirliyi, 1 milyard manatı isə Dövlət Neft Fondundan transferlər hesabına formalaşacaq. Bu məqsəd üçün ayrılacaq 608 milyon manatın 400 milyon manatdan çoxu ölkənin təhlükəsizlik və müdafiə qabiliyyətinin artırılması tədbirlərinə yönəldiləcək. Bundan əlavə, Kür və Araz çaylarında yaranmış təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına və gələcəkdə belə halların qarşısının alınmasına 300 milyon manat ayrılacaq. Sosial xərclərin də 100 milyon manat artırılması niyyəti var.
Selə ayrılan pulu iqtisadi sektora yönəltmək olardı
Büdcəyə dəyişiklik haqqında ilk fikrini bildirən Zahid Oruc oldu. O, müdafiə xərclərinin artırılmasını alqışladı. Onun fikrincə, bu, digər dövlətlərə mesajdır ki, sülh danışıqları nəticə verməsə, müharibə variantı gündəmdədir:
"Ermənistan sürətlə silahlanmaqda davam edir, ona görə də Azərbaycan öz ordusuna yönəltdiyi vəsaiti artırmaq məcburiyyətindədir".
Z.Oruc hesab edir ki, selin qarşısının alınmasına yönəldilən vəsaitlər o qədər də böyük deyil. Amma o pulları iqtisadi sektora qoymaqla daha çox qazanc əldə etmək olardı. Zahid Oruc 10 dəqiqə danışdıqdan sonra spiker 35 nəfərin çıxışa yazıldığını nəzərə alaraq çıxış müddətinin 5 dəqiqəyə endirilməsini təklif etdi. Adəti üzrə təklifə yalnız Pənah Hüseyn qarşı çıxdı. Mübariz Qurbanlı isə bu cür layihə ətrafında nəinki 5 dəqiqə, 3 dəqiqə danışmağı da kifayət hesab etdi.
Neft şirkətinin yeni binasına ayrılan 235 milyonu təhsilə ayırmaq olar
Qüdrət Həsənquliyev ölkədəki yoxsulluğun aradan qaldırılması üçün elmə ayrılan vəsaitin artırılmasını istədi. "Hökumət istəsə, bu sahəyə pulu artıra bilər.
Xüsusilə də orta məktəb müəllimlərinin, ali məktəb işçilərinin maaşı artırılmalıdır" deyən deputat bütün dünyada yoxsulluğun azaldılmasında təhsilin inkişafının böyük rol oynadığını dedi:
"Bizdə isə əksinədir. Bu gün alimlərimiz 150 manata işləyir. Biz hansısa bir binanın tikintisini təxirə salmaqla müəllimlərin maaşının artırılmasına vəsait ayıra bilərik. Neft Şirkətinin yeni binasının tikintisi üçün ayrılan 235 milyon dollara elm işçilərinin əmək haqlarını üç dəfə artıra bilərik. Bu gün Norveçin Neft Şirkətinin binası bizimkindən balacadır".
Vahid Əhmədov təbii fəlakətlərlə mübarizəyə ayrılan vəsaitin miqdarının az olduğunu söylədi. Onun fikrincə, bu vəsait yalnız Kür-Arazla əlaqələndirilməli deyil:
"Digər bölgələrdə - Quba, Xaçmaz, Şəki, Zaqatala, Şamaxı, Göyçay ərazilərində torpaq sürüşmələri olur, evlər torpaq altında qalır. Təbii fəlakətlərlə əlaqədar xüsusi proqram işlənib hazırlanmalıdır və bunun üçün maliyyə ehtiyatları təsdiq olunmalıdır".
300 milyonun yarısı yuxarıdan oğurlanacaq
Pənah Hüseyn büdcəyə dəyişikliklərdə dövlətdən maaş alanların yada salınmadığını bildirdi: "Bütün ölkədə milyonlarla insan büdcəyə əlavələri gözləyirdi. Güman olunurdu ki, növbəti 6 ay üçün dövlət büdcəsindən maaş alanların əmək haqlarının 30-35 faizlik artımı haqqında qərar qəbul edəcəyik".
Millət vəkili söylədi ki, Müsavat deputat qrupu bir çox sahələrdə əmək haqları və pensiyaların 2 dəfəyə qədər artırıla biləcəyini sübut edib:
"Fəlakətin yarandığı zonada su təsərrüfatı və meliorasiya idarəsində işləyən adamın maaşı 90 manatdır. 90 manata onlar bizi seldən qorumalı idilər. İndi də ayrılan 300 milyonun yarısı yuxarıdan oğurlanacaq".
Pənah Hüseyn dedi ki, orta məktəblərdə müəllimlərin bir saat üçün maaşı 2,3 manat, ali məktəblərdə isə professorların maaşı 4 manatdır. Ona görə də təhsil müəssisələrində imtahanlar pulla yazılır. Millət vəkili dedi:
"Son vaxtlar polisin sırf kriminal cinayətlərə getməsi haqqında məlumatlar çoxalır. Əlində silah olan, bizim təhlükəsizliyimizi qorumalı olan insanlar 300 manat maaş alır. O, əvvəl-axır başqa yollara gedəcək".
Pənah Hüseyn çıxışının sonunda dedi ki, Azərbaycan xalqına neftdən nə qədər milyard gəlirsə-gəlsin, YAP hökuməti bunu xalqa verməyəcək: "Heç olmasa, bu milyardlar oğruların ağzına yem kimi atılmasın. Bu, xalqın müəlliminin, həkiminin, hərbçisinin, polisinin, ailəsinin, uşağının, özünün insan kimi yaşamasına sərf olunsun".
Oqtay Əsədov Pənah Hüseyni qərəzli olmaqda ittiham etdi:
- Yardım ayrılmasaydı, yenə deyəcəkdiz. Az olsaydı, yenə belə çıxış edəcəksiniz. Bəs necə eləsinlər?
P.Hüseyn: - Oğurluq eləməsinlər.
O.Əsədov: - Oğurluğu vaxtında siz eləmisiz.
P.Hüseyn: - İndi də siz edirsiniz.
Büdcə müzakirələrində bir neçə deputat əmanətlərin qaytarılması məsələsini qaldırdı. Aydın Mirzəzadə isə iddia etdi ki, müxalifət büdcə artımının əleyhinə, fəlakət zonasında insanların vəziyyətinin yaxşılaşmasına, ordu vəsaitlərinin artırılmasına da qarşı çıxır. Fəzail Ağamalı fəlakətlə mübarizəyə ayrılan vəsaitin kifayət etmədiyini bildirdi. 98 lehinə, 5 əleyhinə səs verməklə büdcəyə əlavələr qəbul edildi.
|
|
|
Oxşar xəbərlər:
Büdcəyə vergi daxilolmaları arta bilər
Ordunun şəxsi heyətində ixtisar istisna edilir
Neftin qiyməti yenə də qalxarsa...
Metroda artım digər nəqliyyat növlərini də bahalaşdıra bilər
Gələn ilin büdcə layihəsi hazırdır
|
|
|