Həyat yoldaşını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Göygöl rayon sakini Taleh Həsənova hökm oxundu. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Taleh Həsənov 9 il müddətinə azadlıqdan məhrum edildi.
...Hadisə 2010-cu ilin fevralında Göygöl rayonunda törədilmişdir. Hadisədən sonra isə cinayəti törədən Taleh Həsənov Göygöl rayon Polis Şöbəsinə gələrək, istintaqa təslim olub. İstintaq zamanı bəlli olub ki, rayonun Hacıməlik kənd sakini, 1988-ci il doğumlu Taleh Həsənov öz həyat yoldaşı, 19 yaşlı Rəsmiyyə Rüstəmovaya çoxlu sayda bıçaq zərbəsi vurub. Sonra isə qadını əlləri ilə boğub. Rüstəmova bir gün sonra xəstəxanada keçinib.
Həsənov ilkin ifadəsində bildirib ki, aralarında mübahisə olub və bu səbəbdən arvadı bir neçə gün öncə öz anasının evinə gedib. Onu evə qayıtmaq üçün dilə tutsa da, arvadı onu rədd edib. Bundan hiddətlənən Taleh Həsənov arvadının həyatına son qoymağa qərar verib...
|