İsrailin Azərbaycan səfirliyini və Qəbələ RLS-i partlatmağa cəhddə ittiham olunan dəstə üzvlərinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
"Hizbullah" və "Əl-Qaidə" ilə əməkdaşlıqda ittiham olunan Livan vətəndaşları - Kərəki Əli Məhəmməd, Nəciməddin Əli Hüseyn, Azərbaycan vətəndaşları Cavid Məmmədov, Vidadi Rəsulov, Müşfiq Amanov və Əfqan Balaşov Cinayət Məcəlləsinin dövlətə xəyanət, terrorçuluğa hazırlıq, casusluq və digər maddələri ilə (ümumilikdə 13 maddə ilə) ittiham olunurlar.
Onlar ötən ilin mayında saxlanıblar. Livan vətəndaşları saxlanarkən onların üstündə saxta İran pasportları olub. Livan vətəndaşları Kərəki Əli Məhəmməd, Nəciməddin Əli Hüseyn "Hizbullah" və "Əl-Qaidə" terror təşkilatları rəhbərləri tərəfindən hazırlanaraq Azərbaycana göndəriliblər və onların sifarişi ilə İsrailin Azərbaycan səfirliyini və Qəbələ RLS-i partlatmalı idilər. İttiham olunan Azərbaycan vətəndaşları isə bu işdə onlara kömək etməyə boyun olublarmış.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Kərəki Əli Məhəmməd 15, Nəciməddin Əli Hüseyn 15, Cavid Məmmədov 12, Vidadi Rəsulov 14, Müşfiq Amanov 13 və Əfqan Balaşov 12 il müddətinə azadlıqdan məhrum edilmişlər. Hökmlə razılaşmayan dəstə üzvləri apellyasiya şikayəti veriblər. Dəstə üzvləri apellyasiya şikayətlərində günahsız olduqlarını qeyd edərək, barələrində olan məhkəmə hökmünün ləğv edilməsini, bəraət hökmü çıxarılmasını istəyiblər.
Təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmə təqsirləndirilən şəxslərin apellyasiya şikayətini əsassız hesab edərək təmin etməyib və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünü qüvvədə saxlayıb.
|