çap et  
Dünyada uculaşma, bizdə isə bahalaşma
Dünyada uculaşma, bizdə isə bahalaşma
Tək idxal ərzağı deyil, yerli ərzaq malları da bahalaşır
Şənbə, 19.06.2010

Banu

Bu ilin beş ayı ərzində dünya bazarlarında kənd təsərrüfatı məhsullarının əsas növlərinin qiyməti düşüb. Bu məlumat BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birgə hazırladığı "2010-2019-cu illər üzrə kənd təsərrüfatı proqnozu" hesabatında yer alıb. Hesabata görə, qiymətlərin ucuzlaşmasına baxmayaraq, ərzaq səbətinin orta dəyəri 2002-2004-cü illərlə müqayisədə 69 faiz yüksəkdir.

Ucuzlaşmada əsas rolu buğda və şəkərin dünya qiymətlərinin aşağı düşməsi oynayıb. Şəkərin qiyməti ilin əvvəlində qeydə alınan maksimal səviyyə ilə müqayisədə iki dəfə ucuzlaşıb. Buna səbəb onun istehsalının artımı olub. Ekspertlərə görə, dənsiz bitkilərin yüksək qiyməti xüsusən də inkişaf etməkdə olan ölkələrdə ərzaq idxalına çəkilən xərcləri yüksək səviyyədə saxlayıb.

"İqtisadi forum" jurnalının hesabata istinadən yazdığına görə, qiymətlərin düşməsinə baxmayaraq, 2010-cu ildə idxal ərzağının ümumi dəyəri 921 milyard dollara yüksələ bilər ki, bu da ötən illə müqayisədə 100 milyard dollar və ya 11 faiz çoxdur. Ancaq 2008-ci ildə qeydə alınan 1 trilyon dollarlıq rekord göstəricidən aşağıdır.

Artımın əsas hissəsi dənsiz bitkilərə çəkilən xərclərin artması hesabına baş verəcək. Hesabata görə, artım 17 faiz olmaqla 650 milyard dollar təşkil edəcək. Bu isə ərzaq idxalına çəkilən xərcin 2/3-nə bərabərdir. Süd, bitki yağları və şəkər kimi ərzaq məhsullarının bahalaşması gözlənilir. Proqnoza görə, bitki yağlarının real qiymətinin artımı 40, süd məhsullarının isə orta hesabla 16-45 faiz bahalaşacağı qeyd edilir. Proqnoza görə, bu istehlak mallarına çəkilən xərclər 2008-ci ildə qeydə alınan rekord həddi ötəcək.

Nəqliyyat xərclərinin artımı idxal ərzağını bahalaşdıran əsas amillərdən olub. Hesabatda qeyd edilir ki, bu il yük tarifləri 2009-cu illə müqayisədə 75 faiz artıb.

Yaxın 10 ildə heyvandarlıq məhsullarının qiymətində əmək məhsuldarlığının yüksəlməsi səbəbindən artım müşahidə edilməyəcək. Halbuki dünyanın ətə olan ehtiyacı digər kənd təsərrüfatı məhsulları ilə müqayisədə sürətlə artır. Çünki inkişaf etməkdə olan ölkələrdə əhalinin bəzi təbəqələrinin gəlirlərinin artması onların qida rasionunun dəyişməsinə gətirib çıxarır. Hesabatda qeyd edilir ki, inkişaf etməkdə olan bazarlarda dayanıqlı iqtisadi artım tələbin və qiymətin artımını şərtləndirir.

Bioenerji istehsalının artımı buğda, yemlik taxıl, bitki yağları və şəkərə əlavə tələbat yaradacaq. Hesabata görə, yaxın onillikdə kənd təsərrüfatı məhsullarının istehsalı əvvəlki onilliklə müqayisədə zəif artacaq. Ancaq buna baxmayaraq, 2050-ci ildə əhalinin tələbatını ödəmək üçün 70 faiz artıma nail olunacaq. Braziliyada 2010-2019-cu illərdə istehsalın həcmi 40 faiz artacaq. Çin, Hindistan, Rusiya və Ukraynada bu artım 20 faizdən çox olacaq.

"Qiymətin qeyri-sabitliyi yüksək səlahiyyətli şəxslərdə narahatlıq yaradır. Çünki istehsalın qıtlığı və bolluğu, ehtiyatların aşağı və yüksək səviyyəsi, neftin qiymətinin dəyişməsi, qlobal iqtisadi tənəzzül kimi hallar kənd təsərrüfatı məhsulları bazarına dağıdıcı təsir göstərib", - deyə məruzədə qeyd edilir.

Ancaq hesabatda göstərilir ki, qiymətlərin qısa müddətlə qeyri-sabitliyinə baxmayaraq, əsas kənd təsərrüfatı məhsullarının qiymət sabitliyi ümumən dəyişməyib. Müəlliflərin fikrincə, qiymətlərin dəyişmə səviyyəsi ölkələrin daxili bazarlarında özünü fərqli göstərib. Bu fərq ölkənin dünya bazarına inteqrasiya səviyyəsindən, o cümlədən infrastrukturdan, ölkənin ticarət və aqrar siyasətindən asılıdır.

Yeri gəlmişkən, son günlər dünya əmtəə bazarlarında kakaonun bahalaşması müşahidə edilir. Bahalaşma nəticəsində bu əmtəənin qiyməti son 21 il ərzində ən yüksək həddə çatıb. Liffe birjasında iyul ayı üzrə tədarük müqavilələri kakaonun hər tonu üçün 2588 funt ($3794) bahalaşıb. ABŞ-ın digər birjasında isə kakao 0,4% artaraq $3060-a yüksəlib.

Anbarlardakı kakao ehtiyatının həcmi hazırda 22 mart tarixindən ən aşağı həddədir. Beynəlxalq Kakao Təşkilatının məlumatına görə, sentyabrda başa çatan kənd təsərrüfatı mövsümündə dünya tələbatı təklifi 69 min ton üstələyəcək. 2010-cu ilin martında kakao qıtlığı 18 min ton həddində idi. Ehtiyatların azalması tələbatın artımı ilə izah edilir.

Azərbaycanda bahalaşma artıq başlayıb...

Cari ilin əvvəlindən indiyə qədərki vəziyyətin təhlili göstərir ki, ölkəmizdə idxal məhsulları bahalaşır. Bu ilin yanvar ayından başlayaraq ərzaq məhsullarının qiymətlərində artım davam etməkdədir. Bəlli olur ki, son aylarda ən çox bahalaşan ərzaq məhsulları kimi kərə yağı, şəkər tozu, süd, qənnadı məmulatları, düyü çıxış edir. Məsələn, faktdır ki, Yeni Zelandiya istehsalı olan kərə yağı ilin əvvəli ilə müqayisədə 12-15 faizədək bahalaşıb. Almaniya və Fransa istehsalı olan kərə yağları daha çox bahalaşıb. Həmin malların qiyməti son aylarda 20 faizə kimi yüksəlib.

Daha bir maraqlı fakt isə ondan ibarətdir ki, bahalaşan malların bir çoxu yerli istehsala aid olunur. Bunlara konkret misal olaraq qarğıdalı və günəbaxan yağları, qənd, şəkər tozu, qənnadı məmulatları, süd və süd məhsullarını göstərmək olar. Ekspertlər belə məhsulların qiymətinin artımı üçün hər hansı səbəb olmadığını bildirir. Çünki ölkədə həmin məhsulların alınması üçün xammala ödənilən xərc artmayıb.

Proqnozlara görə, 2010-cu ildə Azərbaycanda orta illik inflyasiya 6-7 faiz təşkil edəcək. Ekspertlər isə bahalaşmanın daha böyük rəqəmlərlə ifadə olunacağını deyir. Bunun səbəblərinə toxunan ekspertlər bildirir ki dünya neft bazarında bahalaşma müşahidə edilir. Neftin dünya bazar qiymətinin artması nəticəsində neft sektorundan büdcəyə ödənilən vergilərin həcmində artımlar var. Bu isə büdcənin gəlirlər və xərclər hissəsinin artımına səbəb ola bilər. Eləcə də neftin qiymətinin artması ölkəyə gətirilən məhsulların qiymətinin artmasına - idxal inflyasiyasının yaranmasına gətirib çıxaracaq. Baxmayaraq ki, indiki qiymət idxal inflyasiyasının kəskin artmasına səbəb olmayıb. Çünki 1 barel neftin qiymətinin 80 dollar intervalında olması dünya bazarında istehsal olunan məhsulların qiymətinə ciddi təsir etmir. Dünya bazarında "qara qızıl"ın qiymətində azalmalar baş verməzsə və artımlar davam edərsə, bu, ölkəyə gətirilən bir sıra məhsulların bahalaşmasına gətirib çıxaracaq.