Londonun "Daily Telegrarh" qəzetinin yazdığına görə, vahid Avropa valyutası çətin ki, 2015-ci ilə kimi yaşasın. Mətbu orqanın apardığı sorğuda Londonun əksər iqtisadçıları bu fikirlə çıxış ediblər. Sorğu iştirakçılarının 25-dən 12-si bildirib ki, avro məkanı indiki vəziyyətdə yaxın 5 ildə mövcudluğunu itirəcək. Yalnız 8 iqtisadçı avroməkanın bu situasiyadan çıxacağını qeyd edib. Qalanları hər hansı proqnoz söyləməyə çətinlik çəkiblər.
Policy Exchange xidmətinin baş iqtisadçısı Endrü Liliko hesab edir ki, avronun mövcudluğunu qoruma şansı sıfra yaxındır. "Yunanıstan yəqin ki, öz öhdəlikləri üzrə defolt elan edəcək. Bununla yanaşı, avroməkanın bu ölkəsində ağır sosial böhran ehtimalı yüksək - təxminən 75 faizdir", - deyə ekspert əlavə edib.
Müasir Britaniyanın ən nüfuzlu iqtisadçılarından sayılan, İngiltərə Bankı Direktorlar Şurasının sabiq üzvü Devid Bleçflover bildirib ki, Almaniya başqalarının yerinə pul ödəməkdən imtina edəcək və avroməkanı tərk edəcək, bu addımın siyasi təsiri isə böyük olacaq.
International Monetary Research xidmətindən Tim Konqdon hesab edir ki, 3-4 ölkə, o cümlədən Yunanıstan, Portuqaliya, İspaniya və ola bilsin İrlandiya avroməkanı tərk edəcək. Ekspert həmçinin Almaniya və Fransa arasında fikir ayrılığının dərinləşməsi səbəbindən avroməkanın tam dağılmasını da istisna etməyib.
Ancaq bu söylənənlərə baxmayaraq, Avropa Mərkəzi Bankı avronun dövriyyədən çıxacağı istiqamətində mübahisələrə son qoyan addımlar atıb. Nəticədə avronun məzənnəsi stabilləşməyə başlayıb. Son bir neçə ayda dəyərini sürətlə itirən avronun məzənnəsində artım müşahidə edilməkdədir.
Avronun məzənnəsinin dəyişməsi ilə bağlı analitiklərin münasibətləri əvvəlcədən birmənalı deyildi. Belə ki, onlardan bəziləri iyunda avronun məzənnəsində stabilləşmə müşahidə ediləcəyini söyləyirdilər. Hətta 1 avro üçün 1,26 dollar kursu proqnozlaşdırılırdı. Bəzi iqtisadçılar avqustdan başlayaraq avronun məzənnəsində artımların davam edəcəyini bildirirdi. İlin sonuna doğru avro cari ilin əvvəlindəki mövqeyini bərpa edəcək. 1 avro 1 dollar 40 sentə satılacaq.
Yerli ekspert Vüqar Bayramov avronun 5 ildən sonra dövriyyədən çıxacağı ilə bağlı deyilənləri qəbuledilməz sayır: "Avropa Mərkəzi Bankının addımları göstərir ki, qurum birmənalı şəkildə avronun məzənnəsinin aşağı düşməsinin qarşısının alınmasına və möhkəmlənməsinə çalışır".
Yeri gəlmişkən, bu günlərdə Estoniya avrozonaya daxil edildi. Gələn il yanvarın 1-dən avro bu ölkənin valyutasına çevrilir. Avronun məzənnəsinin düşdüyü dövrdə Estoniyanın avrozonaya qoşulması kifayət qədər gözlənilməz oldu. İqtisadçı-ekspert Vüqar Bayramov diqqəti bu kimi gümanların üzərinə yönəldir ki, AB, eləcə də Avropa Mərkəzi Bankı Estoniyanın avrozonaya qoşulması ilə bağlı qərarı avronun məzənnəsinə psixoloji təsir etmək və avronun dövriyyədən çıxacağı yönündəki mübahisələrə son qoymaq üçün qəbul edib. Estoniyanın avroməkana qəbulu Avropa ölkələri üçün hər hansı gərginlik yaratmır. Çünki Estoniya AB-də ən az büdcə kəsirinə (2,7 %) malik olan ölkədir. Eləcə də AB ölkələri arasında xarici borcların ümumi daxili məhsulda çəkisinə görə ən aşağı göstəriciyə malikdir.
V.Bayramov Estoniyanın xarici borclarının ÜDM-də çəkisinin 7 faizdən az oduğunu bildirir:
"Estoniyanın avroməkana qoşulması avronun məzənnəsinin aşağı düşməsinin qarşısının alınması, avroya inamın artırılması baxımından Avropa Birliyi üçün əhəmiyyətli addımdır".
Ekspert son iki gündə avronun məzənnəsinin dollara nisbətən müəyyən qədər möhkəmləndiyini vurğulayır: "Son qərardan sonra 1 avro almaq üçün 1 dollar 22 sent ödəmək lazımdır. Bu, avronun məzənnəsinin cüzi də olsa möhkəmlənməsi deməkdir. Prosesin uzunmüddətli olub-olmayacağını proqnozlaşdırmaq çətindir. Çünki bütün hallarda avronun məzənnəsinə investorların avroya inamının azalması təsir göstərir".
Başqa tərəfdən, Mərkəzi Bank avronun məzənnəsinin möhkəmlənməsi ilə bağlı 750 milyard avroluq paket məsələsini birmənalı şəkildə təsdiqləyib. Hesab olunur ki, yaxın aylarda həmin paketin ayrılmasına başlanacaq.
Mərkəzi Bank avroməkanda müəyyən stimullaşdırıcı tədbirlərə də başlayıb. O cümlədən avronun məzənnəsi və avroməkanda problemli ölkələrin probleminin həlli məqsədilə 250 milyard dollarlıq kredit ayrılması beynəlxalq maliyyə qurumlarında müzakirə mövzusudur.
Bununla belə iqtisadçı hesab etmir ki, atılan addımlar avronun məzənnəsinin ciddi şəkildə möhkəmlənməsinə gətirib çıxaracaq:
"İndiki halda Avropa Mərkəzi Bankının funksiyası avronun dollara nisbətən məzənnəsinin düşməsinin qarşısının alınmasından ibarətdir. Növbəti mərhələdə avronun məzənnəsinin möhkəmlənməsi gündəmə gələ bilər".
Deməli, yaxın günlərdə avronun məzənnəsi daha çox stabilləşmə mərhələsinə qədəm qoyacaq. Ekspertin fikrincə, avronun məzənnəsinin dollara nisbətən kəskin yüksələcəyi gözlənilmir. Əslində bu da Avropa Mərkəzi Bankının prioritetlərindən deyil.
|