Futbol klublarımız: kim, harda, necə?
 |
İddialı komandalarımız dörd bir yana səpələnib
Şənbə, 19.06.2010
|
|
Mövsümlərarası fasilə ilə bağlı istirahətlərini başa vuran futbol klublarımızın əksəriyyəti növbəti çempionata hazırlığa başlayıblar. Bu baxımdan ölkəmizi avrokuboklarda təmsil edən klublar hazırlığa xüsusi diqqət yetirirlər.
Unibank Premyer Liqasının sonuncu qalibi Bakının "İnter" klubu növbəti mövsümə Bolqarıstanda hazırlaşır. Bu ölkəyə yola düşən komandamız üç gün sonra ilk yoxlama görüşünə çıxıb. Kaxaber Sxadadzenin komandası dünənə təyin olunan ilk görüşdə "Praves"lə qarşılaşıb. Azərbaycan çempionu bundan sonra ardıcıllıqla "Krivbol" (21 iyun), "Levski" (23-24 iyun), MOİK (Sofiya, 27 iyun), "Veter" (2 iyul), "Çavdor" (3 iyun), "Lokomotiv" (5 iyul) və "Çernomorets"lə (6 iyul) üz-üzə gələcək. Bu komandaların hamısı Bolqarıstanı təmsil edir.
"İnter" toplantını son yoxlama oyunundan dərhal sonra bitirmək istəyir. Amma rəhbərlik son qərarını Çempionlar Liqası turnirinin iyunun 21-dəki püşkatma mərasimindən sonra verəcək. Çünki püşkün nəticəsi komandanın planlarını kəskin şəkildə dəyişdirə bilər. Belə ki, "İnter" təsnifat mərhələsinin ilk oyununu Bakıda keçirməli olsa, iyulun 6-da Bakıya qayıdacaq. Belə olmazsa, onda komanda Bolqarıstandan birbaşa ilk oyununu keçirəcəyi ölkəyə yollanır.
Çempionatın gümüş medallarının sahibi və ölkə kubokunu qazanmış "Bakı" klubu yeni mövsümə baş məşqçisini dəyişməklə başladı. Növbəti mövsümə iddialı çıxan paytaxt təmsilçisi 60 yaşlı almaniyalı mütəxəssis Vinfrid Şaferlə 2 illik müqavilə bağladı. Vətənində 1996-cı ildə ilin məşqçisi seçilən mütəxəssis "Ştutqart" və "Karlsrue"də çalışıb. Kamerun millisində baş məşqçi işlədiyi dövrdə xüsusilə yadda qalan Şafer 2002-ci ildə komandasına Afrika çempionu, bir il sonra Konfederasiyalar Kubokunun gümüş mükafatını qazandırıb. O, 2003-cü ildə Afrikanın ən yaxşı mə şqçisi seçilib. Sonradan Birləşmiş Ərəb Əmirliklərində çalışan Şafer ölkə çempionu titulunu və superkuboku qazanıb. Futbolçu karyerasına gəlincə, Şafer 1968-70-ci və 1977-79-cu illərdə Menhenqladbaxtın "Borussiya" klubunda Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsla çiyin-çiyinə oynayıb.
Bir neçə gün əvvəl Şafer komandasını ilk məşqə çıxarıb. Klubun bazasında təşkil olunan və komanda üzvləri ilə tanışlıq xarakteri daşıyan məşq 1 saat davam edib. Komandanın legionerləri məzuniyyətdən qayıtmadığından məşqdə 15 futbolçu iştirak edib. Yeni baş məşqçi futbolçuların topla necə davrandığına özəl diqqət yetirib. V.Şafer komandasını hazırlıq məqsədi ilə vətəni Almaniyaya aparmağı planlaşdırır. Komandanın iyunun 25-də bu ölkəyə yola düşəcəyi və orada 10-15 gün hazırlıq keçəcəyi nəzərdə tutulur.
Ən iddialı klublarımızdan biri olan "Xəzər- Lənkəran" hazırlıq keçmək üçün Almaniyadadır. Azərbaycanı Avroliqada təmsil edən Lənkəran təmsilçisi Burqhauzen şəhərində məskunlaşıb. Legionerlər komandaya Almaniyada qoşulublar. Növbəti mövsümə hazırlığını iyunun 25-dək davam etdirəcək "Xəzər-Lənkəran" artıq bir yoxlama görüşündə qüvvəsini sınayıb. Ağasəlim Mircavadovun başçılıq etdiyi komanda UEFA kubokunun qalibi, Ukraynanın "Şaxtyor" klubuna uduzub - 2:0. "Xəzər-Lənkəran" ikinci yoxlama oyununu Almaniyanın aşağı divizionunda çıxış edən "Burqhauzen" və Avstriyanın yüksək liqasının təmsilçisi "Rid" klublarına qarşı keçirəcək.
Yeri gəlmişkən, Avroliqanın iyunun 21-də İsveçrə püşatması komandanın planlarını dəyişə bilər.
Ağdamın "Qarabağ" klubu isə Türkiyədə təlim-məşq toplanışındadır. Qurban Qurbanovun başçılıq etdiyi komanda Ankara yaxınlığındakı Qızılcahamam bölgəsində məskunlaşıb. "Neftçi" isə hazırlıq məqsədilə iyunun 27-dən iyulun 10-dək Avstriyada olacaq.
|
|
|
Oxşar xəbərlər:
"Mən nişanlı deyiləm"
Püşkatma kimə nə vəd edir?
"Bakı gecələri" II estrada müsabiqəsi başlayır
"Bakı" növbəti mərhələnin bir addımlığında
Bakıda Qızıl Qran-pri turniri
|
|
|