![]() |
çap et |
|
|||
Yaxın vaxtlarda ölkədə elektron dərsliklərin tətbiqinə başlana bilər. Bu dərsliklərin əsas istifadəçiləri kompüteri olan şagird və müəllimlər olacaq. Orta məktəb şagirdləri dərslərini təkcə kitablardan deyil, həm də kompüter vasitəsi ilə oxuya biləcəklər. Kompüteri olan həm müəllim, həm də şagird elektron dərsliklərdən istifadə edəcək. Əvvəlcə disk formasında yayılacaq bu dərsliklər, gələcəkdə İnternetə də yerləşdiriləcək.
Təhsil Nazirliyində bununla bağlı tender başa çatıb. Beləliklə, növbəti dərs ilindən orta məktəblərdə elektron dərsliklərin tətbiqi gözlənir. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, dərsliklər İntenetdə yerləşdirilə və ya elektron disk şəklində məktəblərə çatdırıla bilər. Yəni bunun müxtəlif formaları var: Amma mən hesab edirəm ki, hələlik tam olaraq İnternetdə yerləşdirilməsinə diqqət yetirilməsi düzgün olmazdı. Çünki bizdə bu İnternetin sürəti ilə bağlı müəyyən problemlər var, həm də bizdə məktəblərin çox az bir hissəsi İnternetə qoşulub". Mütəxəssislər bildirir ki, bu vəsaitlərin istehsalı kitab çapından iqtisadi baxımdan daha səmərəlidir. Qeyd edək ki, Rusiya, Estoniya və Böyük Britaniyada müəllimlərin özü dərs kitablarını kompüterə köçürürlər. Osman Gündüz hesab edir ki, elektron dərsliklərdən pul qazanmaq da mümkündür. Yaxşı kompüter biliyi olan azərbaycanlı müəllimlər elektron dərs vəsaitləri hazırlamaqla əlavə pul qazana bilərlər. Mütəxəssislər hesab edir ki, elektron dərsliklərin tətbiqi üçün əvvəlcə iki məsələ həll olunmalıdır. Əvvəla, bu dərsliklər standartlara uyğun gəlməli - yəni istifadə olunan məlumatların dəqiqliyi, təhsil proqramına uyğun gəlməsi, dizayn və texniki məsələlər həll edilməlidir. İkinci iş elektron dərslik bazarının yaranmasıdır. Yəni müəllim və peşəkarlar arasında rəqabət yaranmalı, nəticədə elektron kitablar daha ucuz və keyfiyyətli olmalıdır. |