İranda uyuşdurucu satışı cinayətlərində suçlu bilinənlərin vaxtaşırı dar ağacından (qaldırıcı kran qüllələrindən) asılmalarına baxmayaraq, bu ölkədən Azərbaycana narkotik trafikində fasilə yoxdur. Bizim hüquq-mühafizə orqanlarının apardığı həbslərin intensivliyinə baxmayaraq, bu ölkədən Azərbaycana narko-tacir karvanının sonu görünmür. Sanki İrandan Azərbaycana narkotrafikə "yaşıl işıq" yandırılıb, o ölkədə Azərbaycan gəncliyinin bütün mümkün vasitələrlə deqredasiyaya uğradılmasına çalışan qüvvələr var və onlar bu prosesə hərtərəfli dəstək verirlər.
Bir neçə gün əvvəl Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində "İran-Azərbaycan-Rusiya" marşrutu ilə qaçaq yolla narkotik vasitələrin daşınmasına dair daha iki fakt aşkarlanıb.
MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzindən "Turan"a verilən məlumata görə, Azərbaycan vətəndaşları Cavanşir Süleymanov, Habil Novruzov, Vüsal Əzimov, Aydın Məlikov və Ruslan Nuriyevdən ümumilikdə 56 kiloqramdan çox həşiş və heroin aşkarlanaraq götürülüb.
Faktlar üzrə MTN İstintaq Baş İdarəsi tərəfindən CM-in bir neçə maddəsi üzrə cinayət işi başlanılıb.
Hələ 2008-ci ildə həbs olunmuş narkotik maddə alverçilərindən ibarət qrupun üzvü Səfər Abdullayev iyunun 8-də Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən Azərbaycana təhvil verilib.
Eyni zamanda, DİN mətbuat xidmətindən "Turan"a verilən bilgiyə görə, DİN Bakı sakinlərindən 17 kiloqramdan artıq narkotik vasitə müsadirə edib.
|