çap et  
Quzey Qafqazda çərkəz alovu
Quzey Qafqazda çərkəz alovu
Şənbə, 12.06.2010

Ənvər Börüsoy
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin (AMSTM)

Adıq kökənli topluluqlar vahid bir dövlətdə birləşmək uğrunda səfərbər olunurlar. İyunun 5-də Qaraçay-Çərkəzin paytaxtı Çerkasskda çərkəzlər fövqəladə qurultay keçirərək Rusiya Federasiyası tərkibində Çərkəziya Respublikası yaradılmasını gündəmə gətirdilər. Qurultay nümayəndələri bu yöndə Rusiyanın dövlət rəhbərliyinə və bütün dünya çərkəz diaspor təşkilatlarına müraciət qəbul ediblər.

Əlli minlik çərkəzin bu respublikadan ayrılmaq istəklərinin əsl səbəbi bir neçə faktora söykənir. Bu iddia qəbul edilmiş olarsa, o zaman Kabarda-Balkar Respublikası da ikiyə bölünərək Kabarda və Balkariya respublikalarının yaranma ehtimalı var. Bu prosesin ardınca isə Çərkəziya, Adıgey, Kabarda və Abxaziyanın bir dövlət içində birləşməsi mümkün ola bilər. İndidən şərti ad kimi Kabarda və Çərkəziya Respublikası kimi müəyyən olunan bu yeni regionda çərkəz kökənli (onlar özlərini adıge adlandırır) topluluqlardan abxaza sapsuq, adıgey, abxaz, kabarda və çərkəzlər tarixdə ilk dəfə bu imkanı əldə edə biləcəklər.

Bölünmüş xalqlar strategiyası

İlk dəfə fərqli dövlətlər içində yaşayan və eyni coğrafi məkana malik olan topluluqlar haqqında ABŞ strateqləri təhqiqatlar aparıblar. Onun nəticəsi kimi kürdlər İraq, Suriya, İran və Türkiyəyə qarşı Qərbin strateji maraqlarına uyğun olaraq silahlı, ideoloji, mədəni sahələrdə səfərbər ediliblər. Kürdlər üçün xəyali "Böyük Kürdüstan" strategiyasının bütün cizgiləri belə çızılmışdır.

Çoxmillətli Rusiyada qohum və qardaş xalqlara münasibət başqadır. "Parçala və hökm sür" siyasətinə əsaslanma yaşarıdır. Rusiyada qohum və qardaş xalqları mümkün qədər bir-birindən ayırmağa, hətta fərqli etnosun formalaşdırılmasına çalışılmışdır. Qazax, qırğız, karakalpak və xakas türklərinin eyni kökənli olmalarına baxmayaraq, bu xalqlar nəticədə fərqli etno kimlik və coğrafi bölünmələrə məruz qalıblar. Qaraçay və balkar türkləri də zatən bir millətdirlər. Bu iki qardaş xalq bu gün də bir millət olduqlarını açıq söyləyirlər. Ancaq Rusiyanın siyasəti olaraq, onların fərqli adlar altında yaşaması sərt dövlət siyasəti olaraq saxlanılmaqdadır. 1991-ci ildə Çeçen-İnquş Ruspublikası süni şəkildə ikiyə bölündü. Halbuki eyni dili, adət və ənənələri, coğrafi məkanı bölüşən vaynax xalqı indi iki fərqli respublikanı təmsil etmək məcburiyyətində qalıb. Çeçenistan və İnquşetiyanın yenidən bir respublikada birləşməsi təklifləri irəli sürülən kimi, dərhal bu siyasətin düşmənləri hətta iki xalqı bir-birinə qarşı qoyan müharibələrin belə gündəmə gətirilməsinə çalışırlar.

Son illər Türkiyə, Almaniya, ABŞ, Avstriya, İordaniya, Suriya, Kosovo, Misir, İsrail və dügər dövlətlərdə yaşayan çərkəz diaspor təşkilatlarının Quzey Qafqazdakı tarixi torpaqlarına olan maraq dairəsi xeyli artıbdır. 148 il öncə Qafqaz Savaşında soyqırıma məruz qalan çərkəzəsilli xalqların çoxu Osmanlı dövlətinə mühacirət etməyə məcbur olmuşdular. Bu xalqları təmsil edənlərin əksəriyyəti hələ də milli kimliklərini və dillərini unutmayıblar. Digər tərəfdən isə Quzey Qafqazda çərkəzəsilli topluluqların yaşadıqları regionlarda onları vahid təşkilatda birləşdirən Adıge Xase (adıqların xalq məclisi) təşkilatı fəaliyyət göstərir. İndi Adıge Xase təşkilatlarının təşəbbüsləri sayəsində çərkəzəsilli topluluqların vahid bir dövlətdə birləşmə ideyası bütün diaspor təşkilatları tərəfindən fəal şəkildə müdafiə olunur. Bunu bölünmüş xalqların tarixi ədaləti bərpa etmək arzusu kimi də qəbul edənlər var.

Çərkəziya Respublikası ideyası nədən bu gün aktuallaşdı?

1944-cü ildə İosif Stalinin qərarı ilə Quzey Qafqazın Qaraçay-Çərkəz, Kabarda-Balkar respublikalarından, Stavropol və Krasnodar vilayətlərindən qaraçay, balkar, noqay və kumık türkləri Orta Asiya və Sibirə sürgün ediliblər. Bundan sonra türk topluluqlarına məxsus regionlara digər xalqlar yerləşdirildi. Eyni zamanda, Moskvadakı elmi və strateji mərkəzlər tərəfindən israrlı şəkildə türklərin bu torpaqların aborigin xalqları olmadığı iddiası gündəmə gətirildi.

Osmanlı dövləti tarixində və eləcə də Avropa tarixşünaslığında yanlış olaraq Quzey Qafqaz topluluqlarının hamısının bir adla - çərkəz adlandırılmasını bəhanə edən rəsmi Moskva bunun ancaq adıge xalqlarına aid olmasını yenidən təsdiq etdirmək iddiasında bulundu. 1957-ci ildə Nikita Xruşşov demokratiyasının təntənəsi kimi sürgün olunmuş xalqların öz tarixi torpaqlarına dönüşündən sonra, bu günə qədər Quzey Qafqazda etnoslar arasında yaşanılan gizli və soyuq savaşlardan biri də çərkəz-türk qarşıdurmasıdır. Bunu xüsusilə Qaraçay-Çərkəz və Kabarda-Balkar respublikalarında öz çılpaqlığı ilə müşahidə etmək mümkündür.

Qaraçay-Çərkəzdə əhalinin ümumi sayı bu gün 500 min nəfəri ötüb. Onlardan 50 min nəfəri çərkəz, 30 mini abxaz, 150 mini ruslar, 240 mini isə qaraçay türkləri, 15 mini noqay türkləri və digər xalqlar təşkil edirlər. 1991-ci ilə qədər Moskvanın apardığı siyasət nəticəsində qaraçaylıların bu respublikada ali hakimiyyətdə təmsil olunması, paytaxt Çerkasskda (qədim adı Batal Paşa) yaşaması yasaq idi. SSRİ dağıldıqdan sonra ilk dəfə olaraq, qaraçaylılar tərəfindən Çar Rusiyasının buranı işğalına qədərki tarixi şərtləri dayanıqlı olan siyəsi-ictimai həyat tərzi də dəyişdirildi. Faktiki olaraq, indi bu respublika tamam qaraçay türklərinin ali nəzarətinə keçibdir. Çərkəzlər isə hələ də sovet hakimiyyətinin onlara verdiyi hüdudsuz səlahiyyətlərə iddia sərgiləyirlər. Bu gün çərkəzlər və abxazların bir araya gələrək ayrıca Çərkəziya Respublikasının yaradılmasını elan etmələri həmin zərurətdən yaranıbdır.

Quzey Qafqazla bağlı strateji mərkəzlərin fikrincə, Çərkəziyanın elan olunmasının ardında duran gizlinlərdən biri də, Abxaziyanın birbaşa bu yeni regiona birləşdirilməsi strategiyası da mövcuddur. Heç də təsadüfi deyil ki, Qaraçay-Çərkəzin yüksək dağlıq regionlarından keçməklə Abxaziyaya quru nəqliyyat dəhlizinin açılması üçün Rusiyanın Federal büdcəsindən xeyli vəsait ayrılıbdır. Üç Kulan vadisindən indi Abxaziyaya keçən dağ cığırlarında avtomobil yolu çəkilməkdədir.

Kremlin siyasi texnoloqları isə bir qədər dumanlı şəkildə olsa da, etiraf edirlər ki, Qərbə məxsus "bölünmüş xalqlar siyasəti"ni bütün vasitələrlə önləmək lazımdır. Bu həm də Rusiyanın Azov və Qara dənizlərdə hegemon rolunun qorunmasına xidmət edəcək. Çünki Quzey Qafqazda və Krımda türk xalqlarının sayının sürətlə artması, onların arasında mənəvi və ideoloji cəhətdən ixtilafların olmaması nəticədə Rusiyanın əleyhinə işləyən ən güclü faktora çevrilə bilər. Çərkəzəsilli xalqlar arasında antitürk düşüncəsinin gücləndirilməsi, bunu qaraçaylılara qarşı açıq şəkildə büruzə vermələri, məhz Qaraçay-Çərkəzin ikiyə bölünməsi üçün atılan addımlar da bunu bir daha təsdiq edir.

Çerkassk qurultayında gündəmə gətirilən Çərkəziya ideyasının haradan qaynaqlanmasının ardında duran səbələrindən biri də Türkiyə, İordaniya, İsrail, Almaniya və ABŞ-da güclənməkdə olan çərkəz diaspor təşkilatlarının maraqlarının Rusiyaya yönəlməsini təsdiq edənlərin sayının artması həm də Kremlin mövqeyinin bu xalqlar arasında güclənməsi deməkdir. Qurultay da bu prinsiplərə xüsusi diqqət ayırmışdı. 700 nəfərlik qurultay nümayəndəsi bu aksiyanı bir səslə müdafiə etdilər.

Olmayan bir respublikanın hökumətində portfel bölgüsü

Uzun müddətdir Kabarda-Balkarda hakimiyyətdə əksəriyyətin kabardalılardan ibarət olması balkar türklərini heç ilgiləndirmir də. Onlar Balkariya torpaqlarında yerli bələdiyyə hakimiyyətlərinin və tarixi torpaqlarına sahib olmaqla fərqli bir faktın şərtləri daxilində fəaliyyət göstərirlər. Digər tərəf isə hələ də sürgündə yaşamaqda davam edən 100 minlik imkansız soydaşlarının öz tarixi torpaqlarına dönmələri üçün imkanlar yaradılması üçün mübarizəni davam etdirirlər. Balkarlar zərurət olduğu təqdirdə qaraçaylılarla birləşərək Malkarıstan Respublikası adı altında yaşamağa önəm verirlər.

Çərkəzəsilli topluluqlar arasında isə belə bir daxili milli konsolidasiya siyasəti yoxdur. Çünki kabardalılar açıq şəkildə iddia edirlər ki, saylarına görə onlar (300 min nəfər) ilk sırada dururlar. Digər çəpkəzəsilli xalqlar da onların çevrəsində birləşməyə məcburdurlar. Çərkəzlər isə bildirirlər ki, bütün dünya adıge xalqlarını məhz onların adı ilə tanıyır.

Çerkassk qurultayında Adıge Xase təşkilatının lideri Məhəmməd Çerkezov bildirib ki, quracağımız Çərkəziyanın coğrafi sərhədlərini müəyyənləşdirməklə yanaşı, həm də bu hökumətdə yer alacaq portfellərin kimlərə məxsus ola biləcəyini də dəqiqləşdirməliyik. "Adıge Xase" qəzetinin baş redaktoru Musa Daurov isə bildirir ki, tarix boyu çərkəzəsilli xalqların öz dövlətləri olmayıb. Ən qədim və orta çağ tarixində bizlər türklərə məxsus imperiyaların tərkibində yaşamışıq. Çar Rusiyası zamanı bizlərə ilk dəfə olaraq torpaq mülkiyyəti hüququ verilsə də, öz milli inzibati vahidimiz olmayıb. İndi yaranmış şəraiti dəyərləndirməyi bacarmalıyıq. Abxaziyanın dövlət statusunu əldə etməsi bizləri də çox cəsarətləndirib. Qurultayın işində aktiv iştirak edən Qaraçay-Çərkəz "Rus" Hərəkatının sədri Nikolay Xoxlaçev açıq şəkildə bəyan edir:

"Qaraçay-Çərkəzdə son 20 ildə rus əhalisinin sayı 3 dəfə azalıb. Burada qaraçaylıların monoetnik dövlət siyasəti çox güclənibdir. Çərkəzlər haqlı olaraq bu qurultayı keçirirlər".

Qurultay ərəfəsində hələ heç bir rəsmi statusu olmayan Çərkəziya hökumətində təmsil olunacaq şəxslər arasında "portfel savaşı" yaşanıldı. London Universiteti "Şərq və Afrika Araşdırmaları Mərkəzi"nin təmsilçisi Zeynal Abidin Besleni (çərkəzdir) Çerkassk qurultayını təhlil edərək qeyd edir ki, Quzey Qafqazın qərb regionlarında çərkəzəsilli xalqlar arasında milliyyətçilik prosesinin inkişaf etməsini heç də bu xalqların Rusiyadan ayrılma prosesinin başlanğıcı kimi qəbul etmək olmaz. Çünki çərkəzəsilli xalqlar mövzusu strateji araşdırma mərkəzlərinin masasında köhnə tarix olaraq qəbul edilmir. Rusiyanın rəsmi statistikasına görə, federasiya boyunca çərkəzəsilli xalqların toplam sayları 720 min nəfərdir. Bu ekzonimi ki, yaradanların çoxu çox təəssüflər olsun ruslaşıbdır. Onlar sadəcə islam faktoruna görə mövcuddurlar. Biz nə qədər təbliğ etsək də, onların sayı Türkiyədə 3 milyon, Qərbi Avropada 300 min, Suriya, İsrail və İordaniyada toplam 280 min nəfərdir, bunun hələ ki, faydası yoxdur. Müşahidəçilərin fikrincə, diaspor kimi qəbul edilən çərkəzəsilli xalqların özləri belə fərqli mentalitetə malikdirlər. Türkiyə, İsrail, İordaniya, Suriya, Qərbi Avropa və ABŞ-dakı diasporun məişəti elə bunun təsdiqidir. Digər tərəfdən isə Abxaziyada abxazların 70 faizi xristian, 30 faizi isə müsəlmandır. Kabardalılar arasında isə 30 faiz xristian, 70 faiz müsəlmandır.

Beynəlxalq Çərkəz Konqresi, Dünya Çərkəzləri Qardaşlığı tipli milliyyətçi təşkilatlar hələ də çərkəzəsilli xalqlar arasında milli konsolidasiyanın təməlini qura bilməyiblər. Konsensus əldə etmək üçün problemdən çıxış nöqtəsi kimi "çərkəz alovu"nun yandırılması tərəfdarları bu sırada irəlidə gedirlər. Bu alovun onları necə isidə biləcəyini isə tarix sübut edə bilər.